Haqqı gizlətmək
Günahın mədəniyyətlə bağlı səbəblərindən biri də həqiqətin, yüksək səviyyəli elmi biliyin və yaxud hər hansı bir mə’nəvi dəyərin ört-basdır edilməsidir. Bunun nəticəsi isə cəmiyyətdə haqqın və ədalətin, yüksək əxlaqi keyfiyyətlərin aradan getməsi olacaqdır. Qur’an, Allah təbarək və təala tərəfindən gələn həqiqətləri gizlədənlərlə mübarizə aparmışdır. «Bəqərə» surəsinin 42-ci ayəsində oxuyuruq:
وَلا تَلْبِسُوا الْحَقَّ بِالْباطِلِ وَتَكْتُمُوا الْحَقَّ وَاَنْتُمْ تَعْلَمُونَ
«Haqqa nahaq (batil) don geyindirməyin, haqqı bilərəkdən gizlətməyin».
Bu surənin 159-cu ayəsində isə haqqı gizlədən şəxslər, Allahın lə’nətinə düçar olanlar kimi qeyd olunmuşlar.
İslam Peyğəmbəri (s) buyurur:
مَنْ سُئِلَ عَنْ عِلْم يَعْلَمُهُ فَكَتَمَ لُجِمَ يَوْمَ الْقِيامَةِ بِلُجام مِنْ نار
«Hər bir şəxsdən bildiyi bir mətləb soruşulduqda o, cavab verməkdən boyun qaçırsa, qiyamət günü atəşdən olan ip onun boynuna atılacaq».
Günahın ailə mühiti ilə bağlı amilləri
İnsanı günaha tərəf yönəldən daha bir mühüm amil ailə və ətraf mühitin pis olmasıdır. Əksinə, yaxşı ailə insanı günahdan çəkindirməkdə böyük tə’sirə malikdir. İslam dini insanların tərbiyəsində çox diqqətli və hər tərəfli bir dindir. Bu dində ailənin düzgün bünövrə ilə qurulması və yaxşı nəticələrə çatması üçün çoxlu göstərişlər verilmişdir. Bu göstərişlərə düzgün və dəqiq riayət olunsa, ailənin parlaq gələcəyi olacaqdır. Bu göstərişlər aşağıdakılardır:
1. İrsiyyət qanununa diqqət vermək.
2. Düzgün və dini qayda-qanunlara əsasən ailə həyatı qurmaq.
3. Uşaqların İslam qayda-qanunları ilə tərbiyəsi.
4. Yeməyin halal və ya haram olmasına diqqət yetirmək.
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti