Son söz və son maneə
Allah yolunu gedənlər və mənəviyyat yolunu qət edənlər üçün ən çətin pillə "ixlas"dır. Yolun ən təhlükəli maneəsi şirkə və riyakarlığa aludə olmaqdır. Aşağıdakı məşhur hədis Allah yolunu qət edənlərin taqətini üzür:
إنَّ اَلشِّرْکَ اَخْفَى مِنْ دَبيبِ الَّنمْلِ على صَفْوانَة سَوداء فِى لَيلَةِ ظَلْماء
"Həqiqətən şirk zülmətli, qaranlıq gecədə qara daşın üzərində hərəkət edən qarışqanın ayaq izlərindən də məxfidir.” (1)
Digər bir hədis:
هَلَکَ الْعامِلُونَ إلاّ الْعابِدُونَ وَ هَلَکَ الْعابِدُونَ إلاّ الْعالِمُونَ... وَ هَلَکَ الصّادِقُونَ إلاّ الُْمخْلِصُونَ... وَ إنَّ الْمُوقِنينَ لَعَلى خَطَر عَظيم
"Əməl edənlər məhv oldu – abidlərdən (ibadət edənlərdən) başqa. Abidlər də məhv oldu – alimlərdən başqa... Sadiqlər məhv oldu – müxlislərdən (ixlaslılardan) başqa... Həqiqətən yəqin əhli də çox böyük təhlükə qarşısındadırlar.” (2)
Bu hədis hətta alim olan əməl sahiblərini də məhv olanların sırasına aid edir, müxlis insanları böyük təhlükə ilə üzbəüz qoyur və insanın qəlbinə toxunur, fikrə daldırır.
Lakin Allahın ümumi və xüsusi rəhmətinə, eləcə də "Həqiqətən kafir qövmdən başqa heç kim Allahın rəhmətindən məyus olmaz.” ayəsinə (3) istinad etmək ümid nurunu qəmli ürəklərdə canlandırır və ona yeni həyat bəxş edir.
Bəli, ixlas savab işin və xeyir əməlin mükafatını 700 dəfədən də artıq artıra bilər. "Hər sünbüldə yüz buğda"nın bərəkətli budaqları ixlas suyu ilə yetişir.
İxlas yağışı qəlb torpaqlarına yağan zaman اَصَابَهَا وَابِلٌ فَآتَتْ اُکُلَهٰا ضِعْيفَين "Və Allahın razılığını qazanmaq və öz ruhlarında (insani səciyyələri) təsbit etmək üçün mal-dövlətlərini infaq edənlərin (işi) uca bir yerdə olan bağa bənzəyər ki, oraya iri dənəli yağış yağar və öz səmərəsini bir neçə qat artırar...” əsasinda iman və yəqin meyvələrini artırar.
Yolun aydın olmasına baxmayaraq ixlas əldə etmək çox çətin bir işdir. Bu yolu qət etmək olduqca çətindir. Pərvərdigarın elmini, qüdrətini, camal və cəlal sifətlərini nə qədər çox tanısaq, ixlasımız da bir o qədər artacaqdır.
Əgər izzətin və zillətin Allahın əlində, ehsan açarının onun ixtiyarında olduğunu dərk etsək, onda şirklə, riyakarlıqla və Allahdan qeyrisi üçün iş görməklə digərindən izzət istəmək üçün heç bir əsas qalmaz:
قُلِ اَللّهُمَّ مالِکَ الْمُلْکِ تُؤتِى الْمُلْکَ مَنْ تَشاء وَ تَنْزِعُ الْمُلکَ مِمِّن تَشاءُ وَ تُعِزُّ مَنْ تَشاءُ وَ تُذِلُّ مَنْ تَشاءُ بِيدِکَ الْخَيرِ اِنَّکَ عَلى کُلِّ شَىء قَدير
"(Ey Peyğəmbər,) de: Pərvərdigara, ey mülkün (səltənətin) Maliki! Sən mülkü və səltənəti istədiyin şəxsə verir, istədiyin şəxsdən də alırsan; istədiyin kimsəni izzətli və istədiyin kimsəni zəlil edirsən. Xeyir yalnız Sənin əlindədir və Sən hər bir şeyə qadirsən!” (5)
Əgər dərk etsək ki, Allahın məşiyyət və iradəsi olmadan heç kəsin əlindən bir iş gəlmir, ondan başqasına ürək bağlamağın mənasız olduğunu anlayarıq:
وَ ما تَشاءُونَ اِلاّ اَنْ يشاءَ اللّهُ
"Onlar (Allahın saleh və müxlis bəndələri) Allahın istədiyi şeylərdən başqa bir şey istəmirlər.” (6)
Əgər bilsək ki, o bizim daxil və batinimizdən tamamilə xəbərdardır, özümüzə qarşı diqqətli, əməl və niyyətimizdə tam ciddiyyətli olarıq:
يعْلَمُ خائِنَةَ الاَْعْينِ وَ ما تُخْفِى الصُّدُورُ
"O (Allah) gözlərin xəyanətini və qəlblərin gizlətdiyi şeyləri bilir.” (7)
Bəli, bütün bunlara tam vücudumuzla inansaq, ixlasın təhlükəli və çətin keçilən keçidindən sağ-salamat ötüb keçərik. Bu şərtlə ki, özümüzü maddi dünyanın bərbəzəyinin vəsvəsələri qarşısında Allaha tapşıraq, qəlbimizin və dilimizin sözü bu olsun:
ربّ لاَ تَکْلِنى اِلى نَفْسى طَرْفَةَ عَينٍ اَبَداً لا أَقَلَّ مِنْ ذلِکَ وَ لا أَکْثَرَ
"İlahi, dünyada və axirətdə bizi bir an, ondan az və ya çox belə, özümüzə buraxma!" (8)
Əzizlərim! İşləri Allaha həvalə etməyin, onun ixtiyarına buraxmağın mənası cəhd etməmək, süstlük və tənbəllik demək deyil; mənəvi təkamül üçün bacardığın qədər çalış, imkanın xaricində olanları isə Allaha tapşır, bütün hallarda özünü ona həvalə et, batinində və xaricində zikrin bu olsun:
الهى قَوِّ عَلى خِدْمَتِکَ جَوارحى وَ اشْدُدْ عَلَى العَزيمَةِ جَوانِحى وَ هَبْ لِىَ الجِدَّ فى خَشْ يتِکَ وَ الدَّوامَ فِى الاْتِّصالِ بِخِدْمَتِک
"Allahım! Bədənimin üzvlərinə Sənə xidmət üçün qüvvət ver” İradəmi bu iş üçün möhkəmləndir! Səndən qorxmaq üçün səy və cəhdlərimdə mənə uğur ver! Məni daim sənə xidmət yolunda qərar ver!”
Qısa desək, düz yol əyri yoldan (və quyudan) tam ayrılıb seçilir. Əgər iradə sahibisinizsə, cidd-cəhd libasını geyin, "bismillah” deyib hərəkət edin və bu şeri öz şüarınız qərar verin (bu sözləri deyəni də unutmayın):
İlahi, bir qəlb ver ki, Sənin yerin olsun Sənə sevgi, mənəviyyət və nurla dolu olsun!
Elə bir qəlb ver ki, başqa istəklərdən, həvavü-həvəsdən boş olsun, səndən qeyrisinə ehtiyacı olmasın!
Sənə olan məhəbbətin alovu ilə Səninlə görüş şövqü ilə dolan bir qəlb.
İlahi, Səndən başqa muradım yoxdur, Bu, bəsdir ki, bu da sənə bəxşiş olsun!
İlahi bu qəlb Kəbəsini saflaşdırki, bütün səylərim sənin səfanda olsun!
İki gözümün yaşı ilə qəlbimi yuyub təmizlə Ki, qəlbin daim səni diləsin!
Məni qeyri-zatından fani et Qəlbimin davamı Sənin qalmağınla olsun!
Nasirə Öz şərabından bir cürə içirt Ki, Sənin eşqində, vilayətində sərməst olsun!
Ayətullah Məkarim Şirazinin dərs və nəsihətləri