Yaxşılıqlar pislikləri silər
Görən, həqiqi tövbədən başqa da günahları pak edəcək, siləcək əməl varmı? Belə bir ayə buyurulub: "Gözəl əməllər çirkin əməlləri pak edər.” Məhz hansı əməllərin nəzərdə tutulduğu bə᾽zi rəvayətlərdən aydın olur. Məsələn, "Bihar”ın 15-ci cildində rəvayət olunub ki, bir nəfər Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in yanına gəlib ərz etdi ki, mənim günahım böyükdür (o cahiliyyət dövründə qızını diri-diri torpağa basdırmışdı). Mənə bir əməl tanıtdırın ki, Allah ona görə məni bağışlasın. Həzrət buyurdu: Anan varmı? Ərz etdi ki, xeyr. (Mə”lum olur ki, bu sayaq günahların bağışlanması üçün ən böyük əməl anaya yaxşılıqdır.) Həzrət buyurdu: Xalan varmı? Ərz etdi ki, bəli. Buyurdu: Xalana yaxşılıq et (anaya bağlı olduğundan, anaya da yaxşılıq olmuş olar).
Sonra Həzrət buyurdu: Əgər o şəxsin anası qalsaydı, daha yaxşı olardı. Belə günahların yuyulmasında anaya yaxşılığın əhəmiyyəti şəksizdir.
Qiyamət sualları
Qur᾽ani Məcidin neçə yerində zikr olunub ki, peyğəmbərlər və ümmətlərdən sual olunar. (7-ci surə, 6-cı ayə) Peyğəmbərlərdən sual olunar: Sizi xalqın (haqqa doğru) də”vəti üçün göndərdik, onlara (də”vəti) çatdırdınızmı? Deyərlər: Pərvərdigara, Özün şahidsən, biz süstlük etmədik. Nida olar: Şahidiniz kimdir? Deyərlər: Şahidimiz Xatəmül-ənbiyadır (son peyğəmbər Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)). Eləcə də Məryəm oğlu İsadan soruşarlar: Sən dedinmi, mənə və anama pərəstiş edin? Həzrət İsa, Allahın əzəməti qarşısında lərzəyə gəlib ərz edər: Pərvərdigara, əgər mən belə bir söz desəydim, Sən bilərdin. Mən dedim ki, Allahın bəndəsiyəm, mənim və özünüzün Allahına pərəstiş edin ("Maidə” surəsinin axırı).
Ümmətlərdən sual olunar: Peyğəmbərləriniz sizə bu günkü olacaqlardan xəbər vermədimi? Hamı deyər: Bəli.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb