109. Hüquq
552. Allah-taalanın haqqı
1669. Allahın Peyğəmbəri(s) :«Allah-taalanın (həmd olsun Onun izzəti-cəlalına) haqqı bəndələrin yerinə yetirə biləcəklərindən daha böyükdür. Allahın nemətləri bəndələrin saya biləcəklərindən daha çoxdur. Lakin, siz öz gecə-gündüzünüzü tövbə ilə açın.»
1670. İmam Əli (ə): «Pak və müqəddəs Allahın bəndələr üzərində qoyduğu haqqı bəndələrin Ona itaət etməsidir. Bunun müqabilindəsə fəzl və lütfü ilə onlar üçün öz mükafatını dəfələrlə artırmağı onların haqqı etmişdir.»
553.İnsanların hüququnu üstün tutmaq
1671. İmam Əli (ə): «Pak və müqəddəs Allah insanların haqqını öz haqqından üstün tutmuşdur. Belə ki, hər kəs Allah bəndələrinin hüququna riayət edərsə, bu Allahın hüququna riayət etməklə nəticələnər.»
554. Ən mühüm hüquq
1672. İmam Əli (ə): «Allah-taalanın vacib buyurduğu hüquqların arasında ən mühüm hüquq, rəhbərin xalq üzərində və xalqın rəhbər üzərində olan haqqıdır.»
555. Qardaşların hüququ
1673. İmam Baqir (ə): «Möminin mömin üzərində olan haqqı budur ki, onu doyuzdursun, çılpaq əynini geyindirsin, qəm-qüssəsini dağıtsın, borcunu ödəsin və ölümündən sonra zövcəsinə və övladlarına himayədarlıq etsin.»
1674. İmam Sadiq (ə): «Öz dinini dəyərli bilən şəxs öz qardaşlarının hüququnu da dəyərli bilər. Allahın dinini yüngül sayan, öz qardaşlarına da əhəmiyyət verməz.»
1675. İmam Sadiq (ə) :«Allah-taalaya möminin haqqını yerinə
yetirməkdən daha üstün bir şeylə ibadət olunmayıb.»
1676. İmam Sadiq (ə): «Möminin mömin üzərində yeddi haqqı var. Allah-taala bu haqları möminə vacib etmişdir. Bunların barəsində mömindən sorğu-sual edəcəkdir: mömin mömini öz gözündə böyük tutmalı, qəlbində onu sevməli, öz malı, pulu ilə ona kömək etməli, özü üçün bəyəndiyini onun üçün də bəyənməli, onun qeybətini haram bilməli, xəstə vaxtında ona baş çəkməli, dəfnində iştirak etməli və ölümündən sonra onu yalnız yaxşı xatirələrlə yad etməlidir.»
1677. İmam Sadiq (ə) möminin haqqı barədə sualın cavabında buyurub: «Möminin mömin üzərində yetmiş haqqı var, mən sənə yalnız yeddi haqqı söyləyirəm: O ac olduğu halda sən doyunca yemə, o çılpaq olduğu halda sən geyinmə, ona yol göstərən ol.…»
1678. İmam Sadiq (ə)- möminin mömin üzərində olan haqlarını bəyan edərkən: «Həmin haqların ən kiçiyi budur ki, özün üçün istədiyini onun üçün də istəyəsən və özünə rəva bilmədiyini ona da rəva bilməyəsən.»
1679. İmam Əsgəri (ə): «Qardaşlarının hüquqları ilə daha yaxından tanış olan və onlara riayət etməyə daha çox çalışan şəxs Allah yanında daha hörmətlidir.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild