Olurmu bir cəvan bir də Əli Əkbər şücaətdə?
Bu gündən dövr edib gərdun dayansa gər qiyamətdə.
Gərək təşrif edə onda Peyəmbər dari-dünyayə,
Əli ibni Əbutalib düşə həmçin bu sevdayə,
Hüseyn ibni Əli bir də oxutsun əqd Leylayə,
Əli ibni Hüseyn gəlsin dübarə bu şərafətdə.
Deyil mümkün bular əsla deyək, girən olur hasil,
Yarandı gər Əli Əkbər Xudadən oldu bu vasil,
Nələr etdiz ona əvvəl deyin, ey əhli - naqabil,
Olubmu siz kimi cahil ola böylə şəqavətdə?
Deyildirsə peyəmbər o, vəli şibhi - peyəmbərdir,
Nişani - ali - Muxtardır, və lakin çox münəvvərdir,
Canından Haşim övladı Əmini artıq istərdi,
Rəsuli - Əkrəmə yoxdu onun tək bir şəbahətdə.
O nəslə düşmən olduz siz, nə xof etdiz Xudadən siz,
Peyəmbər nəslinə düşmən dürüst olmaz, zinadənsiz,
O şahı qoymadız keçsin səlamət Kərbəladən siz,
Cəvabə söz tapırsızmı deyin ruzi - qiyamətdə?
O gündən həşrədək ağlar qoyubsuz çeşmi - Leylanı,
Oğul, Əkbər, - deyib, daim gəzər dəşti, biyabanı,
Nə sakit eyləyər, ya Rəb, cəhanda Leyli nalanı?
Oğul olsaydı Əkbər tək şücaətdə, bəlağətdə.
Ona qatil olan kəslər olubdur lə'nətə layiq,
O şahın qətlinə bais olanlar möhnətə layiq,
O şahə yas tutan kəslər olubdur cənnətə layiq,
Ona düşmən olanlarsa, işi daim zəlalətdə.
O şahın həşrədək, ya Rəb, qulu olsaydı bu Mail,
Təəccübmü bu şahlardan ulu olsaydı bu Mail?
Həmişə zikr edər: "Əkbər", dili olsaydı, bu Mail,
Əli Əkbər onu saxlar odur daim səlamətdə.