15. Bu müqəddəs hərəmin əməllərindən biri də "Məzlumun duası”dır. Hər kəs bir zalımın zülmündən azad olmaq üçün bu duanı müqəddəs hərəməd oxusa tezliklə xilas olar. Şeyxut-taifə "Misbahul-mütəcəhhid” kitabında cümə gününün əməllərində belə yazır: Müstəhəbdir ki, Məzlum duasını İmam Hüseynin(ə) qəbrinin kənarında oxunsun. Dua belədir:
İlahi, mən Sənin dinin vasitəsilə ucaldım və hidayətinlə əziz oldum! Filankəs öz pisliyi ilə məni xar edəcək, əziyyəti ilə alçaldacaq, Sənin dostlarını sevməklə məni məzəmmət edəcək və iddiası ilə susduracaq! Mən dua yerinə gəlmişəm və Sən onu qəbul etməyi zəmanət veribsən! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, elə bu saat, elə bu saat məni həmin şəxsə qalib et!
Sonra özünü qəbrin üstünə ataraq de:
Ey mənim mövlam (ey Rəbbim), mənim imamım zülmə məruz qalıb və ona zülm edən şəxsdən gileylidir, yardım et, yardım!
"Ən nəsrə” sözü kəsilənə kimi deməlidir.
16. Hərəmdə yerinə yetirilən dualardan biri də İbni Fəhdin "Uddətud dai” kitabında imam Sadiqdən(ə) nəql etdiyi duadır. İmam belə buyurur: "Hər kəsin Allah dərgahına hacəti olsa, imam Hüseynin qəbrinin baş tərəfində ayaq üstə dayansın və desin:
Ey Əba-Əbdillah, şəhadət verirəm ki, sən mənim məqamımı görür və sözümü eşidirsən. Həqiqətən, Sən dirisən və Rəbbinin yanında ruzi yeyirsən. Elə isə öz Rəbbin və mənim Rəbbimdən hacətlərimin qəbul olunmasını dilə!
Həqiqətən hacətləri qəbul olar.
17. Əməllərdən biri İmam Hüseyn (ə)-ın pak hərəmində qəbrin baş tərəfində "Ər-rəhman” və "Mulk” surələrini deməklə qılınan iki rükət namazdır. Seyid ibni Tavus nəql etmişdir ki, hər kəs bu namazı qılsa, Allah taala onun üçün Peyğəmbəri-Əkrəm (s)-lə birgə yerinə yetirilən iyirmi beş məqbul həcc yazar.
18. Əməllərdən biri də istixarədir. Əllamə Məclisi bu istixarənin qaydasını Hümeyrinin "Qurbul-əsnad” kitabından səhih sənədlə İmam Sadiq (ə)-dan belə nəql etmişdir: "Bəndə İmam Hüseyn (ə)-ın qəbrinin baş tərəfində (çətin) işi ilə əlaqədar aləmlərin Pərvərdigarından yüz dəfə xeyir diləyərək "Əlhəmdu lillahi və la ilahə illəllahu və subhanəllah!” – dedikdən və Allahı layiqincə yad etdikdən, Ona layiq həmd-səna dedikdən sonra yenə yüz dəfə hacətini istəsin. Əlbəttə, Allah taala onun qarşısına xeyir iş çıxarar. Başqa rəvayətlərə əsasən, Allah taaladan xeyir işi yüz dəfə "Əstəxirullahə birəhmətihi xiyərətən fi afiyəh.” – deməklə istəsin.
19. Şeyx Əbülqasim Cəfər ibni Quləveyh Qummi İmam Sadiq (ə)-ın belə buyurduğunu nəql etmişdir: "Hər vaxt həzrət Hüseyn (ə)-ı ziyarət etdikdə, xeyir sözləri müstəsna etməklə, sakit qalın. Həqiqətən, mələklər gecə-gündüz nazil olub, hərəmdəki mələklərlə görüşmək istədikdə, onlar çox ağladıqları üçün cavab verməz, daim ağlayarlar. Lakin gün batan və gün çıxan vaxtda sakit olarlar. Göydən enən mələklər gün çıxana qədər gözləyər və bu zaman hərəmdəki mələklər onlarla söhbətə başlayıb, onlardan səmadakı şeylərdən soruşarlar. Lakin bu iki vaxtın ortasında hərəm mələkləri əsla danışmaz, daim ağlayar və dua edərlər.” Həmçinin o həzrətdən nəql olunmuşdur ki, Allah taala əza sahibi kimi, ağlar halda qırx min mələyi sübh çağından günortaya qədər İmam Hüseyn (ə)-ın hərəminə keşiş çəkməyə göndərər. Günorta vaxtı onları çağırıb, digər qırx min mələyi göndərər ki, onlar da sübh vaxtına qədər daim ağlayarlar. Bu məzmunlu hədislər olduqca çoxdur. Bu rəvayətlərdən başa düşülür ki, o həzrətə onun pak hərəmində ağlamaq sevimli və bəyənilmiş bir əməldir. Bəli, o həzrətin ziyarətinin əməllərindən biri də mərsiyə deyib ağlamaqdır. Səfvanın İmam Sadiq (ə)-dan nəql etdiyi bir hədisdən başa düşülür ki, mələklərin Allaha yalvarıb Əmirəl-möminin Əli (ə) və İmam Hüseyn (ə)-ın qatillərinə lənət diləməsini, cinlərin növhə deməsini, mələklərin İmam Hüseyn (ə)-ın zərihinin ətrafında ağlamaq səslərini hər kəs eşitsə, yemək, içmək və yatmaqdan çəkinərlər. Abdullah ibni Həmmad Bəsri İmam Sadiq (ə)-dan belə nəql etmişdir: "Mənə xəbər verilib ki, Kufənin ətraf nahiyələrindən və digər məntəqələrdən bir qrup İmam Hüseyn (ə)-ın ziyarətinə gələr, qadınlar o həzrətə növhə deyər, insanlardan bəziləri Quran oxuyar, bəziləri mərsiyə deyər, bəziləri şəhadətinin keyfiyyətindən danışarlar. Bu isə Şəban ayında baş verər.” Mən dedim: "Sənə qurban olum! Mən sizin bu buyuruğunuzu canlı müşahidə etmişəm.” Həzrət buyurdu: "Allaha şükür edirəm ki, insanların içərisindən bəziləri bizim yanımıza gəlir, bizə rövzə deyir, mərsiyə oxuyur, ağlayır və düşmənlərimizi pisləyirlər.” Hədisin davamında isə buyurur: "Hər kəs İmam Hüseyn (ə)-ın ziyarətinə getsə, ona ağlayır; ziyarətinə getməyənlər də qəmlənir, ürəkləri yanır, onu yad edərək deyirlər ki, o həzrətin haqqını qəsb etdilər, bir qrup kafir və mürtədlər bir yerə toplaşıb onu öldürmək üçün əlbir oldular, səhralıqda cəsədini dəfn etməmiş atıb getdilər, üzünə itlərin içdiyi Fəratın suyunu bağladılar, Allahın Rəsulunun haqqını - Əhli-beyti barəsindəki vəsiyyətini tapdadılar.” Həmçinin İbni Quləveyh, Haris Əvərdən nəql edir ki, Əmirəl-möminin Əli (ə) buyurdu: "Ata-anam Kufənin arxasında şəhid olacaq Hüseynə fəda olsun! And olsun Allaha! Sanki qurd-quşları görürəm ki, hər tərəfdən boyunlarını onun qəbrinə tərəf uzadıb, gecəni sübhə qədər ona ağlayırlar.” (Bu məsələ ilə bağlı rəvayətlər olduqca çoxdur.)
20. Seyid ibni Tavus buyurur: "Müstəhəbdir ki, hər zaman imamın ziyarətini bitirib müqəddəs məkanı tərk etmək istəsə, özünü zirehə yapışdırsın, öpsün və belə desin:
Salam olsun sənə, ey mənim mövlam! Salam olsun sənə, ey Allahın höccəti! Salam olsun sənə, ey Allahın seçdiyi! Salam olsun sənə, ey Allahın xalis bəndəsi! Salam olsun sənə, ey susuzluq yolunun şəhidi! Salam olsun sənə, ey qəriblər qəribi! Salam olsun sənə vidalaşan şəxsin salamı; o, nə yorğun, nə də qəzəblidir! Əgər mən buradan getsəm, səbəbi yorğunluq və sıxıntı deyil! Əgər qalsam da, səbəbi Allahın səbirlilərə vəd etdiklərinə bədgümanlığım deyil! Allah bu ziyarətimi sonuncu ziyarət yazmasın, sənin ziyarətgahına qayıtmağı, orada qalmaq və durmağı mənə nəsib etsin! Allahdan istəyirəm ki, məni sizin vasitənizlə səadətə yetirsin, dünya və axirətdə sizdən ayırmasın!
Kitabın adı: Məfatihul Cinan