Hal pisliyi
«Hal pisliyi» dedikdə ən pis xəstəliklərdən olan əxlaqi çirkinliklər nəzərdə tutulur. Bəsirət əhlinin fikrincə bu xəstəlik insanı bir çox həqiqətlərin dərkindən, səadət və ilahi razılıqdan məhrum edən bir hicabdır. "Mutəffifin” surəsinin 15-ci ayəsində oxuyuruq:
"Xeyr, o gün onlar Rəbbinin mərhəmətindən məhrum olacaqlar.”
Allah-Taala gözəl əxlaqa bütün digər vəzifələrdən daha təkidlə tövsiyə edir. "Şəms” surəsində on bir dəfə and içildikdən sonra əxlaqlı insanların əbədi səadətə çirkin əxlaqlıların isə ümidsizliyə qovuşacağı buyurulur:
"Nəfsini təmizləyən mütləq nicat tapacaqdır; onu çirkləndirən isə əlbəttə ziyana uğrayacaqdır.”
Bəsirət gözünün korluğu, həqiqətdən uzaqlıq, haqqa münasibətdə karlıq, rəhmət qoxusunu duymamaq hal pisliyi əlamətlərindəndir.
Həzrəti Peyğəmbər (s) buyurur: "Mömində iki xasiyyət ola bilməz: xəsislik və pis əxlaq.”
Həzrət Əli (ə) buyurur: "Pis əxlaqdan da qorxunc bir dəhşət yoxdur.” "Ən pis yoldaş pis əxlaqdır.”
İslam Peyğəmbəri (s) buyurur: "Şübhəsiz ki, bəndə pis əxlaqına görə Cəhənnəmin lap dibinə enəcəkdir.”
Əməldə qüsur
Əgər insan səadətə mənəvi kamilliyə Behiştə çatmaq istəyirsə öz əməllərini Quran və Əhli-beyt (ə) göstərişlərinə uyğunlaşdırmalı, zəruri şərtlərə əməl etməlidir.
Əgər əməllər mərifət libası geyməmişsə Allahın istəyincə deyilsə sevgi və məhəbbətlə yerinə yetirilmirsə onda riya, tamah, təkəbbür, düşmənçilik varsa, bu əməllərə ümid etmək olarmı?! Onlar insanı nicat sahilinə çıxara bilərmi?!
Böyük mənəvi sərmayəyə malik olan Həzrət Əli (ə) öz münacatında göz yaşları axıdaraq deyir: "Aman ehtiyatın azlığı, səfərin uzunluğu və yolun qorxusundan!”
Əsl bəndəlik eşqi və ixlasını dərindən dərk etmək üçün övliyaların həyatını əks etdirən kitablar oxumaq faydalıdır. İnsan bu yolla qəlbində mərifət çırağı yandırıb mənəvi həyatın zövqlərini əldə edə bilər.
Şəhid Qazi Nurullah Şüştəri "Məcalisul-muminin” kitabındabelə rəvayət edir:
Üveys Qərən gecələrin bir qismində "bu, rüku gecəsidir” deyib, həmin gecələri rüku halında keçirər, digər qismini də "bu səcdə gecəsidir” deyib, həmin gecələri səcdə halında başa vurardı. Soruşurlar ki, - "Uzun gecələrin rükusu, səcdəsi səni yormurmu?” Cavab verir: "Kaş bütöv həyat bir gecə olaydı və onu bir səcdə ilə sona çatdıraydım!”
Kitabın adı: Kumeyl duasının şərhi (2-ci cild)
Müəllif: Hüseyn Ənsarian