Peyğəmbərdən (s) olan sünni hədisləri
◘Üç şey qəlbi daşa döndərər: "Şən mahnılara qulaq asmaq, ov etmək və padşahların yanına gedib-gəlmək.
◘Merac gecəsi gördüm behiştin qapısı üzərinə üç sətir yazılıb. Birinci sətirdə "Bismillahir-rəhmanir-rəhim, Məndən başqa Allah yoxdur, rəhmətim qəzəbimi üstələyib.”, ikinci sətirdə "Bismillahir-rəhmanir-rəhim. Sədəqənin savabı on qat, borcun savabı on səkkiz qat, sileyi-rəhmin savabı isə otuz qatdır.”, üçüncü sətirdə isə "Hər kəs Mənim qədir və məqamımı tanısa və Mənim Allahlığım barəsində mərifətə sahib olsa heç vaxt Məni ruzi barəsində müttəhim etməz. (Yəni, heç vaxt Mənə qarşı bədgüman olmaz.)
◘Həzrət Əliyə (ə) buyurub: "Ey Əli! Sənin Mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir. Fərq yalnız bundadır ki, məndən sonra peyğəmbər yoxdur. Mən sənə bir tövsiyyə edirəm. Əgər ona əməl etsən gözəl həyat sürərsən, şəhid olub dünyadan gedərsən və Qiyamət günü fəqih və alim kimi məhşur olarsan.
Bil ki, möminin üç əlaməti var; oruc, namaz və sədəqə. Münafiqin də üç əlaməti var; danışığında yalan sözlər işlədər, vədinə əməl etməz və əmanətə xəyanət edər və moizə ona təsir qoymaz. Riyakarın da üç əlaməti var; xəlvətdə namazın ruku və səcdələrini kamil şəkildə yerinə yetirməz, camaat arasında Allaha zikr deyər, tənha olanda Allahı unudar.
Ey Əli! Zalımın üç əlaməti var; öz əlaltıları ilə sərt və qəzəblə davranar, bacardığı qədər insanların payından və malından oğurlayar və onu qorxmadan harda olsa yeyər.
Paxılın da üç əlaməti var; üzdə (üzbəüzdə) yaltaqlıq edər, arxadan dalca danışar və yersiz şəhadət verər (şahidlik edər).
Tənbəlin də üç əlaməti var; Haqqa itaət etməkdə süstlük göstərər, ibadətə yüngül yanaşar ki, əldən çıxsın, namazın da vaxtını o qədər təxirə salar ki, vaxtı keçsin.
Tövbəkarın da üç əlaməti var; günahdan uzaq gəzər, elm əldə etmək üçün çalışar və süd bir daha döşə qayıtmadığı kimi o da keçmiş günahlarına qayıtmaz.
Ağıllı insanın da üç əlaməti var; dünyaya qarşı etinasız olar, cövr və cəfaya qarşı dözümlü, çətinliklərə səbirli olar.
Hövsələli adamın üç əlaməti var; onunla əlaqə kəsən adamla əlaqə yaradar, (küsənlə barışar) onu məhrum edənə kərəm göstərər və zülmdən şikayət etməz.
Axmağın üç əlaməti var; dinin vacibatlarında süstlük göstərər, Allah bəndələrini məsxərə edər, çoxdanışan olar amma, heç, Allaha zikr deməz.
Ləyaqətli insanın üç əlaməti var; saleh əməl vasitəsi ilə Allahla öz arasını islah edər, dinini elm vasitəsi ilə islah edər, özü üçün bəyəndiyi şeyi başqaları üçün də bəyənər.
Pəhrizkar insanın da üç əlaməti var: yalançı dostlardan və pis yoldaşlardan uzaq gəzər, heç kəsin qeybətini etməz. Harama düşməməkdən ötrü bir sıra halallardan da imtina edər.
Daşürəkli adamın da üç əlaməti var; zəiflərə rəhm etməz, aza qane olmaz, öyüd nəsihət ona təsir etməz.
Siddiqin də (sözü ilə əməli uyğun gələn adam) üç əlaməti var; sədəqəni gizli şəkildə vermək, müsibəti bildirməmək, ibadəti məxfi saxlamaq.
Fasiqin (dinsiz) üç əlaməti var; fəsad yaymaq, camaata ziyan vermək, haqq yoldan azmaq.
Alçaq adamın üç əlaməti var; Allahın itaətindən çıxmaq, qonşuya əziyyət etmək, inadkarlıq və iğtişaş yaratmağa meyl.
Abidin üç əlaməti var; Allahdan ötrü özü-özünə qəzəblənər (ki, nəyə görə öz bəndəlik vəzifələrini lazımınca yerinə yetirmirsən), Allah yolunda şəhvətlərə qarşı düşmən olar, namazın qiyamını uzadar.
Müxlis bəndənin üç əlaməti var; mala, var-dövlətə qarşı düşmən olar, dünyaya qarşı düşmən olar, günaha qarşı kin bəsləyər.
Alimin də üç əlaməti var; düzdanışmaq, haramdan qorunmaq, camaat arasında təvazökar olmaq.
Səxavətli adamın üç əlaməti var; əlində qüdrət olduğu halda əfv etmək, zəkatı ödəmək, sədəqə verməyi xoşlamaq.
Yaxşı dostun üç əlaməti var; səndən qabaq xərcləyər, sənin abır-həyanı özününkündən mühüm bilər, öz canını sənə fəda edər. Bunlardan əlavə sənin sirlərini gizli saxlayar.
Facirin (yaramaz adamın) üç əlaməti var; yalandan and içər, qadınları aldadar, günahsızlara töhmət vurar.
Kafirin üç əlaməti var; Allahın dininə şəkk edər, Allahın bəndələri ilə düşmənçilik edər, Allaha itaətə qarşı laqeydlik və saymazyanalıq göstərər.
Bədrəftar adamın üç əlaməti var; Allahın məkrindən amanda olduğunu hiss edər, Allaha qarşı naümid olar, Peyğəmbərlə (s) müxalifətçilik edər. (Peyğəmbərin (s) Əliyə (ə) olan nəsihətlərinin sonu.)
◘Qadın və kişi olmağından asılı olmayaraq namazlarında səhlənkar olan kəslərə Allah on səkkiz cəza verər. Onun altısı dünyada, üçü ölüm zamanı, üçü qəbirdə, üçün Qiyamətdə, üçü də Siratdan keçəndə verilər. Dünyada olanlar bunlardır: Ruzi və güzəranından bərəkət alınar, üzündəki nur aradan gedər, İslamdan heç bir bəhrəsi olmaz, saleh insanların onun barəsində etdiyi dualar qəbul edilməz, onun öz duaları da müstəcab olmaz.
Ölüm anında olanlar bunlardır: Zillətlə can verər, özündə elə ağırlıq hiss edər ki, sanki üzərinə böyük bir dağ düşüb və o qədər zəif olar ki, sanki onu şallaqlayırlar. İkincisi odur ki, elə susuz olar ki, sanki dünyanın suyunu içsə doymaz. Üçüncüsü, elə ac olar ki, sanki dünyanın yeməyini yesə doymaz.
Qəbirdə olanlar bunlardır: Şiddətli qəm-qüssə və qaranlıq, qəbir sıxıntısı və qiyamətə qədər əzab, üçüncüsü isə rəhmət məlaikələrinin bəşarət və müjdəsindən məhrum olmaq.
Məhşərdə olanlar bunlardır; Heyvan surətində məhşur olar, əməl dəftəri sol əlinə verilər, haqq-hesabı da uzun çəkər.
Sirat körpüsündə olanlar da bunlardır: Allah ona öz rəhmət nəzərlərini salmaz və onu günahlardan paklaşdırmaz, onun səhvlərindən keçməz və üzrlərini qəbul etməz, min il haqq-hesab çəkməkdən ötrü saxlanılar, sonra cəhənnəmə salınar. Bu barədə Allah Quranda belə buyurur: "(Cəhənnəm əhlindən soruşarlar:) "Sizi cəhənnəmə aparan nə oldu?” Cavab verərlər: "Biz namaz qılanlardan deyildik.”
◘Allah-təala üç kəsə öz ərşinin kölgəsində yer verməz: Birincisi mütəkəbbir (yəni, təkəbbürlü adam), ikincisi qeybət edənin üzünə gülən (yəni, onun qeybətinə razı olan), üçüncüsü isə malı müştərini aldatmaqdan ötrü bəzəyən.
◘Allah-təala Qiyamət günü üç kəslə danışmaz, onları (günahlardan) paklaşdırmaz və onları dəhşətli əzaba düçar edər: Onlardan birincisi bir kəsə bir şey verən zaman minnət qoyan, ikincisi andı öz qazanc mənbəyi edən, üçüncüsü isə təkəbbür üzündən geyimini uzadan kəsdir.
◘Üç nəfər Peyğəmbərin (s) qadınlarından onun ibadəti barəsində soruşdular. Elə ki, onun ibadətindən xəbərdar oldular, birincisi dedi: "Amma mən, hər gecə sübhə qədər namaz qılacağam.” İkincisi dedi: "Mən günlərimin hamısını oruc tutacağam.” Üçüncüsü isə dedi: "Mən heç vaxt qadınla yaxınlıq etməyəcəyəm.”
Peyğəmbər (s) onların bu qərarlarından agah olduğu zaman onların yanına gəlib buyurdu: "Bu sözləri siz demisiz? Elə isə bilin! And olsun Allaha! Mən Allahdan sizin hamınızdan çox qorxuram və təqvaya da sizin hamınızdan çox riayət edirəm. Eyni halda bəzən oruc tuturam, bəzən yox. Həm namaz qılıram, həm də gecənin müəyyən miqdarını yatıram. Qadınlarla da yaxınlıq edirəm. Hər kəs ki, mənim yolumdan çıxsa mənim ümmətimdən deyil.
◘Üç xüsusiyyəti qarğadan öyrənin: gizli şəkildə yaxınlıq etməyi, sübh tezdən ruzi dalınca getməyi, düşməndən ehtiyatlı olmağı.
◘Möminin nişanəsi üç şeydir; az yeyər (çünki oruc tutar), az danışar (çünki, Allahı zikr etməklə məşğuldur), az yatar (çünki namaz qılmağa məşğul olar).
◘Mən özümdən sonra ümmətimdən ötrü üç şeydən qorxuram; hidayət olduqdan sonra azmaqdan, insanı azdıran fitnələrdən, qarın və fərc şəhvətpərəstliyindən.
◘Yeddi qat yer və yeddi qat asiman onlarda olanlarla birlikdə, müqərrəb məlaikələr, gecə və gündüz üç dəstə insandan ötrü bağışlanma diləyərlər; alimlərdən, tələbələrdən və əməl sahiblərindən ötrü.
◘İnsanların əli ölümdən sonra üç şeydən başqa bütün əməllərdən kəsilər: Birincisi, uzun müddətli sədəqə (məsələn, yol çəkmək, körpü salmaq, məscid tikdirmək və s. kimi əsəri həmişəlik qalan xeyir işlər) digəri insanların faydalandığı xeyir əməllər (məsələn, tədris, kitab yazmaq və s.), üçüncüsü isə valideyni barəsində dua edən saleh övlad.
◘Allahın kölgəsindən başqa heç bir sığınacağın olmadığı Qiyamət günündə üç dəstə insan Allahın ərşinin kölgəsində olarlar. Soruşdular: "Onlar kimlərdir?” Buyurdu: "Birincisi, müsəlman bir şəxsin qəlbindən qəmi dağıdan kəslər, ikincisi mənim sünnəmi diri saxlayanlar, üçüncüsü isə mənə çoxlu salavat göndərənlər.”
◘Mənim ümmətimin ən fəzilətli olanları üç dəstə insandır. Biri elm kəsb etməklə məşğul olanlar; onlar Allahın dostlarıdır. İkincisi döyüş meydanının əsgərləri; onlar Allahın sevimli bəndələridir. Üçüncüsü isə öz qolları gücünə ruzi qazananlardır ki, onlar da Allahın xalis dostlarıdır.
◘Qiyamət günü üç dəstə insan şəfaət edər; peyğəmbərlər, alimlər, şəhidlər. Alimlərin rütbəsi peyğəmbərlərdən aşağı, şəhidlərdən yuxarıdır.
◘Hər kəs üç xüsusiyyətə malik olsa imanın şirinliyini dadar. Biri budur ki, Allah və peyğəmbərini hamıdan çox sevsin. İkincisi budur ki, hər hansı bir bəndəyə qarşı sırf Allaha görə məhəbbət bəsləsin. Üçüncüsü budur ki, iman gətirdikdən sonra küfrə qayıtmağa elə nifrət etsin ki, sanki oda daxil olur.
◘Allah hər kəsdən daha çox üç nəfərə nifrət edir. Biri Allahın hərəminə qarşı ehtiramsızlıq edib oranın hörmətini sındıran, ikincisi hər hansı bir müsəlmandan cahiliyyətə xas olan davranış tələb edən, üçüncüsü isə qanını tökməkdən ötrü günahsız insanı təqib edən kəs.
◘Üç yerdən öz ehtiyacınızı ödəməkdən ötrü (ayaqyolu kimi) istifadə etməyin ki, camaatın lənətinə düçar olarsınız; suyu içməli olan yerdən, yolun ortasından bir də kölgəlikdən yaxud, ağac (və ya meyvə ağacının) kölgəliyindən, (çünki belə kölgəlikdə adətən, dincəlirlər.)
◘Üç kəs Allahın himayəsindədir (yaxud, Allah üç kəsdən ötrü zamindir). Onlardan biri Allaha xatir döyüş meydanına gedən şəxsdir. Həmin şəxs öldürülüb behiştə gedənə qədər, yaxud da savab və düşməndən ələ keçirdiyi qənimətlə öz vətəninə dönənə qədər Allahın nəzarəti altında olar.
İkincisi məscidə tərəf gedən şəxs, üçüncüsü isə Allah evinə salamat daxil olan şəxsdir.
◘Gecə namazını tərk etməyin ki, o, sabiq ləyaqətli insanların adətidir. O, Allaha yaxınlaşmağa, günahların bağışlanmasına və insanın günahdan çəkinməsinə səbəb olar.
◘Allah üç kəsdən çox razıdır; biri gecənin bir aləmi namaz qılan, digəri camaat namazı sıralarında duran, üçüncüsü İslam döyüşçülərinin arasında döyüşdə iştirak edən.
◘Yalan yalnız üç yerdə caizdir; qadının razılığından ötrü, döyüş meydanında və (küsülülərin arasını) düzəltməkdən ötrü.
◘Qiyamət günü Allah tərəfindən bəndəyə xitab olunar: "Ey Adəm oğlu! Mən xəstələndim nə üçün Mənə baş çəkmədin?” Cavab verilər: "Pərvərdigara! Sən Aləmlərin rəbbi olduğun halda mən sənə necə baş çəkim?” Buyurar: "Məgər bilmədin ki, mənim filan bəndəm xəstələnmişdi? Nə üçün onu ziyarət etmədin? Məgər bilmirdinmi ki, onu ziyarət etsəydin Məni onun yanında görərdin?
Ey Adəm oğlu! Mən səndən yemək istədim, nə üçün vermədin?” Deyər: "İlahi! Sən hamının Allahı olduğun halda mən necə Sənə yemək verə bilərdim?” Buyurar: "Filan fəqir səndən yemək istədi, nə üçün ona vermədin? Məgər bilmirdinmi ki, ona yemək versəydin, indi həmin yeməyi Mənim yanımda görəcəkdin? (Sanki, yeməyini mənə vermiş kimi idin?)
"Ey Adəm oğlu! Mən səndən su istədim nəyə görə vermədin?” Yenə də bəndə həmin sualı təkrar edər. Cavab gələr: "Filan bəndə susuz idi və səndən su istədi, sən isə vermədin. Məgər bilmirdinmi ki, ona verdiyin suyu indi Mənim yanımda tapacaqdın?”
◘İşlərin ən yaxşısı üçdür; varlı olduğun halda təvazökarlıq etmək, qüdrətli olduğun halda əfv və güzəşt etmək və minnətsiz bəxşiş vermək.
◘Mən Qiyamət günü üç kəsə düşmən münasibəti bəsləyərəm. Biri odur ki, Mənim adımla bir adama aman verib sonra xəyanət edər. Digəri odur ki, azad bir şəxsi qul kimi satıb pulunu yeyər. Üçüncüsü odur ki, fəhləni işlədib pulunu verməz.
◘Üç kəsdən başqa heç kəsə dilənmək rəva deyil. Biri odur ki, öhdəsində diyə (qan bahası) var, onu ödəməkdə acizdir və məqsədi həmin miqdarda caamatdan pul yığmaqdır. İkincisi odur ki, mal-dövləti əlindən çıxıb və nə qədər ki, əlinə kifayət qədər pul gəlməyib müəyyən qədər camaatdan yığa bilər. Üçüncüsü odur ki, səfalət və yoxsulluğa düçar olub və qohum-əqrəbasından da üç nəfər aqil şəxs onun bu hala, bu vəziyyətə düşməsini təsdiq edir. Bu halda həmin şəxsin dilənməyi caizdir.
◘Əbuzərə buyurub: "Təfəkkür və düşünmə vasitəsilə qəlbini diri və ayıq saxla, yuxunu azalt və öz Allahından qorx.
◘Üç şey hafizəni qüvvətləndirər və bəlğəmi aradan aparar, Quran oxumaq, bal və kündür çeynəmək.
◘Əql üç hissədən ibarətdir. Hər kim bunların üçünə də sahib olsa aqil hesab olunur, əks təqdirdə ağılsızdır; Allahı düzgün tanıma, ona yaxşı itaət etmək və Ona qarşı xoş güman bəsləmək.
◘Hər kim dünyaya məhəbbət şərbətini içsə və ürəyini bu fani aləmə bağlasa üç bəlaya mübtəla olar; əzab-əziyyət gətirən məşğuliyyət, sonsuz arzular, çarəsiz hərislik.
◘Üç şey insana nicat bəxş edər və üç şey də insanı həlak edər. Nicat verən şeylər bunlardır; gizlində və aşkarda Allahdan qorxmaq, fəqirlik və varlılıq arasında olan orta həddə yaşamaq, qəzəb və xoşhallıq zamanı mötədil vəziyyətdə olmaq. Həlak edən şeylər isə bunlardır; simiclik və ona tabe olmaq, həvəs (nəfsin istəkləri) və onun ardınca getmək və xudpəsəndlik (özünübəyənmək).
◘Qiyamət günü üç kəs Allahın ərşinin kölgəsində qərar tutar. Biri odur ki, dəstəmazı pozulan kimi (yaxud, ayaqyolundan çıxan kimi) dərhal yenidən dəstəmaz alır, digəri odur ki, gecə qaranlığında məscidə gedir, üçüncüsü isə odur ki, acları doyurur.
Müəllif: Ayətullah Meşkini
Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)