Peyğəmbərdən (s) olan hədislər
◘Baxmayaraq ki, behiştin ətri beş yüz illik məsafədən hiss olunur, ancaq üç dəstə insan onu hiss etməz; minnət qoyan simic, şərab içən və aqq-valideyn (yəni, valideynlərin hüququnu tapdalayıb onlara zülm edən).
◘Yerlər və göylər, məlaikələr, gecə və gündüz üç dəstə insan üçün Allahdan bağışlanmaq istəyərlər; alimlər, tələbələr və səxavətli insanlar.
◘Üç nəfərin duası rədd olunmaz; səxavətli insanın, xəstənin və tövbəkarın.
◘Atəş üç nəfərin bədənini yandırmaz; ərinə itaət edən qadının, ərinin çətinlikdə və yoxsul olan vaxtında səbr edən qadının və valideynlərinə yaxşılıq edən kəsin.
◘Üç dəstə insan şeytanın şərindən amandadır; gecə-gündüz Allahı yad edənlər, gecə yarısı bağışlanma diləyənlər və Allah qorxusundan ağlayanlar.
◘Qiyamət günü üç dəstə insandan əzab götürülər; Allahın təqdirinə razı olanlardan, müsəlmanların xeyrini güdənlərdən və xeyir dəllallarından.
◘Qiyamət günü üç dəstə insan müşkdən də ətirli təpənin üstündə qərar tutaraq məhşərin vahiməsindən, haqq-hesabdan amanda olarlar; Allah xatirinə Quran oxuyanlar, namaz qılanların ondan razı olduğu imam-camaat və məsciddə Allah rizasından ötrü azan deyənlər.
◘Üç nəfər hesabsız behiştə daxil olar. Birincisi, (fəqirliyin şiddətindən) köynəyini yuyub, geyinməyə başqa bir paltar tapmayan şəxs, digəri odur ki, mətbəxində iki növ xörək bişirməsin. Üçüncüsü isə odur ki, bu gün yeməyə bir şeyi var, sabahın dərdini çəkmir.
◘Üç nəfər hesabsız cəhənnəmə gedər; başı ağarmış zinakar, aqq-valideyn və şərab içən.
◘Əgər Allah bir bəndəyə xeyir vermək istəsə onun dünyaya olan rəğbətini azaldar, ona din elmi verər və ona eyiblərini göstərər. Hər kəsə bu üç xüsusiyyət verilsə ona həm dünya, həm də axirət xeyri verilib.
◘Dünyaya könül bağlayan hər bir kəs üç şeyə düçar olar; sonsuz qəm-qüssəyə, (heç vaxt baş tutmayacaq) xam-xəyallara və çata bilməyəcəyi ümidlərə.
◘Üç şey həlakətə, üç şey isə nicata səbəb olar. Həlakətə səbəb olan şeylər bunlardır: paxıllıq, həvayi-nəfsə itaət etmək və özünü bəyənmək. Nicata səbəb olan şeylər isə bunlardır: gizlində və aşkarda Allahdan qorxmaq, yoxsulluq və varlılıq zamanı orta həddə riayət etmək, qəzəb və xoşhal olan zaman ədalətli olmaq (yəni, nə qəzəb onu haqq yolundan yayındırsın və nə də fərəh və sevinc).
◘Peyğəmbərdən (s) soruşdular: "Fəqirlik nədir?” Buyurdu: "Allahın xəzinələrindən biri.” Yenə də soruşdular: "Fəqirlik nədir?” Buyurdu: "Haqq-təala tərəfindən olan bir lütf.” Üçüncü dəfə də təkrar etdilər. Buyurdu: "Elə bir şeydir ki, Allah onu risalət məqamına malik olan peyğəmbərdən və Allah yanında xüsusi hörmətə malik olan möminlərdən başqasına verməz.”
Sonra yenə də buyurdu: "Fəqirlik ölümdən daha şiddətlidir. Həzrət İbrahimə (ə) vəhy oldu: "Biz səni yaratdıq və Nəmrudun atəşi vasitəsi ilə səni imtahan etdik. Əgər fəqirliklə imtahan edib səndən səbri alsaq onda nə edəcəksən?” İbrahim peyğəmbər (ə) ərz etdi: "Pərvərdigara! Məgər fəqirlik Nəmrudun atəşindən də yandırıb-yaxandır?” Xitab olundu: "And olsun Öz izzət və cəlalıma! Göylərdə və yerdə fəqirlikdən də şiddətli bəla yaratmamışam.” Soruşdu: "Ac insanı doyuran kəsin mükafatı nədir?” Buyurdu: "Bağışlanma.”
Sonra Peyğəmbər (s) əlavə etdi: "Əgər Allahın rəhməti mənim ümmətimin fəqirlərinin əlindən tutmasa, onlar küfr sərhədlərini aşarlar. (Bu hədisdən belə nəticəyə gəlmək olur ki, fəqirlik çox çətindir, lakin səbir və lazımı vəzifələri yerinə yetirməklə yanaşı olsa yüksək və dəyərli məqama səbəb olar.)
◘Fəqirlər Peyğəmbərə (s) ərz etdilər: "Varlılar behişti özlərinə nəsib etdilər. Çünki, həcc və ümrə ziyarətlərini yerinə yetirirlər, sədəqə verirlər, bizim isə bu ibadətə imkanımız çatmır.” Peyğəmbər (s) buyurdu: "Sizlərdən hər hansı biriniz Allaha xatir fəqirliyə səbr etsə ona heç bir varlının sahib olmadığı üç mükafat əta olunar. Birincisi budur: Behiştdə bir mənzil var. Həmin mənzil behişt əhli üzərində parlaq bir ulduz kimi saçır. Bu mənzilə daxil olmaqdan ötrü peyğəmbər, fəqir, fəqir şəhid, ya da fəqir mömindən başqa heç kəsə icazə verməzlər. İkincisi budur: Fəqirlər varlılardan beş yüz il əvvəl behiştə daxil olarlar. Üçüncüsü isə budur: (Allah fəqirlərin ibadətlərinə daha artıq savab verər.) Məsələn, əgər fəqir və varlı hər ikisi "Sübhanəllahi-vəlhəmdu lillahi-və la ilahə illəllahu-vallahu əkbər” desə, on min dirhəm pul infaq etsə də varlının savabı fəqirdən azdır. Həmçinin digər yaxşı işlər də bu cür.
Fəqirlər dedilər: "İndi razıolduq.”
◘Qiyamət günü peyğəmbərlərdən başqa üç dəstə insan da şəfaət edər; alim, mömin və imanlı xidmətçi (yəni, camaatın xidmətində duran) və səbirli fəqirlər.
◘Atalar üç cürdür. Biri insanın yaradılış vasitəsi olan (doğma ata), ikincisi qayınata, üçüncüsü isə insana elm öyrədən müəllim, ya ustad.
◘Dünyanın zinəti üç şeydir; var-dövlət, övlad və qadın. Axirətin də zinəti üç şeydir; elm, pəhrizkarlıq və sədəqə. Bədənin də zinəti üç şeydir; az yemək, az yatmaq və az danışmaq. Qəlbin də zinəti üç şeydir; səbr, sükut və şükür.
◘Gün ərzində bir dəfə yemək yeyən ac deyil (yəni, ac hesab olunmur), iki dəfə yeyən abid deyil, üç dəfə yeyəni dördayaqlıların yanına bağlayın. (Burada məqsəd ətdən hazırlanmış xörəkdir. Red.)
◘Allah mənə üç imtiyaz verib, Əli onların üçünə də şərikdir. Üç imtiyaz da Əliyə verib, lakin mən onlara şərik deyiləm. Soruşdular: "Müştərək olan üç imtiyaz hansılardır?” Buyurdu: "Biri "Həmd” bayrağıdır ki, Əli onun bayraqdarıdır. Digəri "Kövsər” hovuzudur ki, Əli onun saqisidir. Üçüncüsü isə behişt və cəhənnəmin ixtiyarıdır ki, Əli onları ayırandır. Əliyə məxsus olan üç imtiyaz isə bunlardır: Mənim kimi qayınatası var, Fatimə kimi həyat yoldaşı var, Həsən və Hüseyn kimi övladları var ki, mən bunların heç birinə sahib deyiləm.
◘Əql üç hissədən ibarətdir; üçünə də sahib olan aqildir, heç birinə malik olmayan axmaq. Həmin üç hissə bunlardır; Allahı səhih və doğru-düzgün şəkildə tanıma, Allaha gözəl itaət və Allah barəsində xoş gümanda olmaq.
◘Üç şey hafizəni qüvvətləndirər; misvak (dişləri yumaq), oruc və Quran oxumaq.
◘Hər kəs bığını qısaltsa Allah ona üç nur əta edər. Biri üzündə olar, digəri qəbrində, üçüncüsü isə qiyamətdə ona verilər. Eyni zamanda, üç əzabı da ondan götürər; birincisi qəbir əzabı, ikincisi Nəkir və Münkərin əzabı, üçüncüsü isə Qiyamət çətinliyini.
◘Əllər üç cürdür; alan, verən, qoruyan. Bunların ən üstünü verən əldir.
◘Əllər üç qismdir. Birincisi Allahın əlidir, bəxşiş əta edəndir və hamıdan yüksəkdədir. İkincisi kərimlərin əlidir və bu ikinci dərəcəlidir. Üçüncüsü isə hamısından aşağı olan əldir. Bəs elə isə bacardığınız qədər dilənməkdən özünüzü saxlayın. And olsun canım əlində olduğu Allaha! Bir kəs ip götürüb həmin ipin arasında ucları bir-birinə çatmayacaq qədər odun toplayıb aparıb onu bazarda xurmanın dörddə birinə satsa camaat qarşısında əlini açıb dilənməkdən (bir şey verəcəklər, ya yox) qat-qat yaxşıdır.
◘Quran öyrənənlər üç dəstədir. Bir hissəsi Quranı özləri üçün qazanc vasitəsi qərar veriblər. Bu vasitə ilə padşahların hüzuruna yol tapıb var-dövlət ələ keçirirlər, yaxud da onu təkəbbür və böyüklük vasitəsi qərar verirlər. Digər hissəsi diqqətlərini yalnız onun (Quranın) sözlərinin düzgün oxunuşuna yönəldirlər, mənalarına isə fikir vermirlər. Üçüncü dəstə isə Quranı öz dərdlərinin dərmanı qərar veriblər. Onun təlimlərinin kölgəsi altında gecələr oyaq, gündüzlər susuz olar, məscidlərdə namaz qılarlar. Bunlar bəla qarşısında sipərdirlər. Bunların bərəkəti sayəsində Allah düşməni dəf edib göydən yağış nazil edər. And olsun Allaha! Bu tayfa Quran qariləri arasında qırmızı yaqutdan da az tapılandır.
◘İnsan öz ailəsinə, var-dövlətinə (yaxud, malına) və əməlinə münasibətdə üç qardaşı olan insana bənzəyir. Ölüm vaxtı o, bir qardaşına deyər: "Bu çarəsiz vəziyyətimdə sən mənə nə fayda verə bilərsən?” Deyər: "Mən yalnız sən həyatda olduğun müddətdə sənə mənfəət verə bilərəm. Hələlik hər nə bəhrə istəsən məndən götür ki, tezliklə mən başqasına bağlanacağam və sənin xoşlamadığın bir kəs məni özünə aid edəcək.” Həmin vaxt Həzrət (s) üzünü öz əshabına tutub dedi: "Bu necə qardaşdır?” Dedilər: "Faydasız qardaş.” Buyurdu: «Bu mal-dövlətdir.» Sonra o, digər qardaşına deyər: "Bəs sən mənim bu çətin və şiddətli anımda mənə nə köməklik göstərə bilərsən?” Cavab verər: "Mən indi sənə şəfqət göstərərəm. Ölümündən sonra isə bədəninə qüsül verib kəfənə bükərəm və camaatla birgə qəbrə yola salaram.” Həzrət (s) yenə də soruşdu: "Bəs bu necə qardaşdır?” Cavab verdilər: "Səmərəsi olmayan qardaş.” Buyurdu: «Bu ailə kimidir.» Nəhayət, o, üçüncü qardaşdan soruşar: "Bəs sən mənə necə mənfəət verə bilərsən və ya hansı bəlanı dəf edə bilərsən?” Deyər: "Mən sənin tənha vaxtlarında yaxın dostun, qorxulu anlarında sənin yoldaşınam. Qəlbindəki qəm-qüssəni aradan apararam, qəbirdə səni müdafiə edərəm. Öz son qüdrətimi də sənin üçün sərf edərəm.” Yenə, Həzrət (s) üzünü əshabına tutub soruşdu: "Bəs bu necə qardaşdır?” Dedilər: "Bu ən yaxşı qardaşdır.” Buyurdu: "Bu da əməldir.”
◘Bilin ki, zülm üç cürdür. Birincisinin bağışlanmaq qabiliyyəti yoxdur. İkincisinə göz yummaq mümkün deyil. Üçüncüsünün isə bağışlanma qabiliyyəti var və sorğu-sual olunmayacaq. Birincisi Allaha şərik qoşmaqdır. Çünki Quran buyurur: "Allah ona şərik qoşanları bağışlamaz. (yəni, əgər tövbəsiz dünyadan getsə). Bundan başqa günahları isə istədiyi şəxsdən ötrü bağışlayar.” İkincisi Allah bəndələrinə olunan zülmdür. Bu işin aqibəti çox çətindir. Bunun cəzası bıçaqlamaq, şallaq vurmaq deyil. Bıçaq vurmaq və şallaq vurmaq bu işin cəzasının yanında heç nədir. Üçüncüsü isə özünə olunan zülmdür. Bu sair günahlardır ki, onların zərəri insanın özünə qayıdır.
◘Əbuzərə buyurdu: "Hər kəs üç xüsusiyyətlə məhşərə daxil olmasa ömrünü bada verib.” Əbuzər soruşdu: "O, hansı xüsusiyyətlərdir?” Buyurdu: "İnsanı haramdan çəkindirən təqva, axmaqların nadanlığını rədd edə bilən əql, camaatla keçinə bilən xasiyyət.
Ey Əbuzər! Əgər hamıdan qüvvətli olmaq istəyirsənsə Allaha təvəkkül et. Əgər hamıdan hörmətli olmaq istəyirsənsə, pəhrizkar ol. Əgər hamıdan daha artıq ehtiyacsız olmaq istəyirsənsə Allahın evlərinə öz qazanıb yığdıqlarından daha çox etibar et.
◘Sədaqətli aşiqin əlaməti üç şeydir: Məhbubla danışmağı camaatla danışmaqdan daha önəm verir. Onunla yoldaş olmağı başqaları ilə yoldaşlıq etməkdən üstün tutur. Onun üçün məhbubun razılığı başqalarının razılığından daha mühümdür.
◘Adəm övladı var-dövləti bəsləyib "sənin malın”, "mənim malım” deyir. Məgər dövlətdən sənə bunlardan başqa bir şey qalırmı?!; Sədəqə verirsən sənə qalır, yeyirsən aradan gedir və ya geyirsən cırılır.
◘Üqbə ibn Amir deyir: "Peyğəmbər (s) üç vaxtda müstəhəb namaz qılmağı və ölünü dəfn etməyi qadağan edib; gün çıxan vaxtdan günortaya qədər, günortanın əvvəlində, qüruba yaxın vaxtdan qüruba qədər. (Bu üç vaxtda həm namaz qılmaq məkruhdur, həm də dəfn işi.)
◘Yenə də buyurub: "Üç kəsə Allah Qiyamət günü nəzər salmaz, onlarla danışmaz və onları dərdli əzab gözləyir. Biri zinakar qoca, digəri yalançı rəhbər, üçüncüsü isə təkəbbürlü fəqir (ki, öz dini vəzifələrini yerinə yetirməkdən imtina edir). Bəzi hədislərdə yalançı rəhbər yerinə yalançı padşah qeyd olunub.
Müəllif: Ayətullah Meşkini
Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)