Dəstəmaz - 1
Sual 135: Dəstəmaz almaq insana nə vaxt vacib olur?
Cavab: Altı şey üçün dəstəmaz almaq vacibdir:
1. Meyyit namazından başqa, digər vacibi namazlar üçün; müstəhəbbi namazlarda isə dəstəmaz, namazın düzgün olması üçün şərtdir.
2. Unudulmuş səcdə və təşəhhüd üçün; əgər onunla namaz arasında sidiyə çıxmaq kimi dəstəmazı pozan bir iş baş vermişdirsə; amma səcdeyi-səhv üçün dəstəmaz almaq vacib deyil.
3. Həcc və ümrə əməllərindən olan Kəbə evinin vacib təvafı üçün
4. Dəstəmaz alacağına dair nəzir, əhd etmiş və ya and içmişdirsə.
5. Məsələn; Quran-şərifi öpəcəyinə nəzir etmişdirsə,
6. Murdara bulaşmış Quranı suya çəkmək və ya onu (Quranı) hörmətsizlik olan yerdən (tualet və onun kimi yerlərdən) çıxarmaq üçün əlini və ya bədəninin başqa yerini Quranın yazısına vurmağa məcbur olarsa; amma əgər dəstəmaz almaq müddətinə qədər Qurana hörmətsizlik olarsa, gərək dəstəmaz almadan Quranı bu kimi yerlərdən çıxarsın və ya əgər murdar olmuşdursa, suya çəksin.
Sual 136: Dəstəmaz alarkən niyyəti "dəstəmaz alıram qürbətən iləllah" deməliyik, yoxsa "dəstəmaz alıram vacib qürbətən iləllah". Burada vacib sözü nə əhəmiyyət kəsb edir?
Cavab: Dəstəmazın niyyətində "vacib" sözü işlədilməsə də dəstəmaz düzgündür. Çünki altı şey üçün dəstəmaz almaq vacibdir və bunlar yuxarıda deyildi. Niyyətdə "vacib" sözü o vaxt işlədilər ki, dəstəmazı vacib edən (yuxarıda sadaladığımız) əməllərdən birinin vaxtı daxil olsun və ya vaxtdan bir az qabaq ona hazırlıq görülsün. Əgər insan səhvən vacib niyyəti edərsə, sonradan onun vacib olmamağı məlum olsa, dəstəmazı düzgündür.
Sual 137: Saçlarına rəng qoymuş qadının dəstəmaz və qüslləri düzgündürmü? Əgər bir iradı yoxdursa, mən nə üçün dırnaqlarımın lakını dəstəmaz və qüsl üçün təmizləməliyəm?
Cavab: Saçlarına rəng qoymuş qadınların dəstəmaz və qüslləri düzgündür. Lakin dəstəmaz və qüsl üçün təmizlənməsinin səbəbi, onun yuyulması vacib olan üzvlərə suyun yetməsinə mane olmasıdır. Amma xına mane olmur.
Sual 138: Üzdə olan azca yağlılığın dəstəmaz üçün bir iradı varmı?
Cavab: Xeyr.
Sual 139: Başın tükünün tökülməsinin qarşısını almaq üçün bir məhluldan istifadə etməyin ən münasib vaxtı, gecə yatmazdan qabaqdır. Əgər gecə ondan istifadə edilsə, sübh namazının dəstəmazından qabaq başı yumaq lazımdırmı?
Cavab: Vacib deyil.
Sual 140: 1. Süni dırnaqlar yapışdırıldıqda dəstəmaz düzgündürmü?
2. Qadınlar ayaqlarına necə məsh çəkməlidirlər?
Cavab: 1. Əgər təbii dırnağın bir hissəsini və ya hamısını örtmüşsə, onunla dəstəmaz və qüsl batildir və onu dəstəmaz və qüsl üçün götürülməlidir.
2. Kişilərin məshi ilə fərqi yoxdur və əgər dırnaqlarına lak vurublarsa, barmaqlarının arasından məsh çəkmələri kifayətdir.
Sual 141: Dəstəmaz suyu kirpiklərə də dəyməlidirmi?
Cavab: Kirpiklərə də su çatdırılmalıdır.
Sual 142: Hamamdan çıxdıqdan sonra saçımız quruyana kimi gözləyib, sonra dəstəmaz almalıyıqmı?
Cavab: Məshin yeri yaş olmasa, kifayətdir.
Sual 143: Əgər qadının dəstəmazı olsa və o halda naməhrəm onun saçını görsə, dəstəmazı batil olurmu?
Cavab: Batil olmur.
Sual 144: Nə üçün dəstəmaz aldıqda kişilər suyu dirsəklərinin arxa tərəfindən, qadınlar isə qabaq tərəfindən tökürlər?
Cavab: Bu cür dəstəmaz almaq vacib deyil, bəlkə onun müstəhəblərindəndir.
Sual 145: Tələbə olduğum üçün qələm və avtoqələmdən çox istifadə edirəm. Ona görə də əlim mürəkkəbli olur. Mənim dəstəmazımın hökmü nədir?
Cavab: Əgər suyun əlinizə yetişməsindən əmin deyilsinizsə, gərək onu təmizləyəsiz.
Sual 146: Dəstəmaz almış və namaza dayanmaq istəyən şəxs, öz mədə və qarnında bir dəyişiklik hiss etsə, dəstəmazı batil olurmu?
Cavab: Mədədən yel xaric olmasına yəqinliyi olmayınca, dəstəmazı batil olmur.
Sual 147: Qolun üstünə döyəclənmiş xalın dəstəmaz üçün bir iradı varmı? Əgər varsa, çarə nədir?
Cavab: İradı yoxdur.
Sual 148: Başı və ayağı bilərəkdən və ya səhvən üzündən təkrar olaraq (birinci dəfə çəkdiyi yeri qurulamadan) məsh etmək, dəstəmazı batil edirmi?
Cavab: Ayağı təkrar olaraq məsh etməyin maneəsi yoxdur. Başın məshində də əgər iki dəfə məsh çəksə, ikinci məshi əlin digər hissəsi ilə çəksin və ya birinci məsh çəkdiyi yeri qurulasın və sonra məsh çəksin.
Sual 149: Mən ayağımda və belimdə olan xəstəlik üzündən sağ ayağıma düzgün məsh çəkə bilmirəm və təkcə əlimin barmağı, ayağımın barmağına toxunur və onu ayağımın üstünün çıxıntısına qədər çəkə bilirəm. Mənim dəstəmazım düzgündürmü?
Cavab: Kifayət deyil. Əgər mümkünsə bir yerdə oturun, öz ayağınızı yuxarı qaldırın və əlinizi ona çatdırın. Amma heç bir yolla kifayət edəcək qədər məsh etmək mümkün olmasa, bir kəsdən istəyin ki, sizin əlinizdən rütubət götürsün və onunla sizin ayağınıza məsh çəksin. Bu da mümkün olmasa, təyəmmüm edin.
Sual 150: Namaz vaxtından qabaq namaz vaxtı dəstəmazlı olmaq niyyətilə dəstəmaz almaq olarmı?
Cavab: Eybi yoxdur.
Kitabın adı: İstiftaat, Şəri suallara cavablar
Müəllif: Ayətullah Əl-Uzma Seyid Əli Hüseyni Sistani