1-ci dərs
1. Quranın öz dili ilə "Quranın nazil
edilməsindən məqsəd”
2. Quranın dili
3. Quranın bəyan uslubu
4. Maarif bəyan etməkdə Quranın başqa
kitablarla fərqi
Quranın öz dili ilə "Quranın nazil
edilməsində məqsəd”
Əvvəla bir qədər Quran haqqında məlumat
verək. Belə ki, Quran asimani bir kitab olaraq Allah
tərəfindən, Allahın "Şədidül Qüva” (çox qüvvətli)
adlandırdığı, ən ali olan, əmin ləqəbi ilə tanınmış
mələk - Cəbrailin vasitəsi ilə yer üzündə insanların
əşrəfi, ən fəzilətlisi və əmini olan bir şəxsə nazil
olmuşdur. Bu kitabın əhəmiyyəti, mövqeyi və qiyməti
ondan məlum olur ki, Allah-Təala onu ən etibarlı
əllərə tapşırdı, və əlavə olaraq buyurdu: "Biz onu
(Quranı) göndərmişik, biz də onu qoruyub
saxlayacağıq”.
Başqa bir yerdə isə Allah-Təala Quranı
göndərməkdə öz məqsədini belə bəyan edir: "Bu
Quran çox möhkəm bir dinə hidayət edir”.
"Bəqərə” surəsinin 2-ci ayəsində Allah-Təala
buyurur: "Bu kitab təqvalıları hidayət edəndir”.
ذالك الكتاب لا ريب فيه هدى للمتقي
Bunun mənası odur ki, təqva əhli, Allahdan qorxanlar
bu kitabın vasitəsi ilə hidayət olunub kamala
yetişərlər.
Amma, digər tərəfdən də Allahın məqsədi
Quranı göndərməkdə bütün bəşəriyyəti hidayət
etməkdir. Bu barədə Quranın müxtəlif yerlərində
ayələr vardır. Məsələn, "Tövbə” surəsinin 33-cü
ayəsində buyurur: "Allah öz elçisini hidayət etməyə
və həqq dinə dəvət etməyə və bu dini bütün dinlərə
qalib etmək üçün göndərib, müşriklərin acığı gəlsə
də”.
هو الذى ارسل رسوله بالهدى و دين الحق ليظهره على الدين
كله ولوكره المشركون
Başqa bir yerdə (Müdəssir-31) buyurur:
"O, bəşəri xəbərdar etmək üçündür”.
و ما هى الا ذكرى للبشر
"O, aləmləri xəbərdar etmək üçündür”. (Qələm-52).
و ما هو الا ذكر للعالمي
Yenə başqa bir yerdə Allah-Təala belə buyurur:
"Böyük olan Allah Furqanı öz bəndəsinə aləmlərə
nəsihət vermək üçün nazil edib”. (Furqan-1).
تبارك الذى نزل الفرقان على عبده ليكون للعالمين نذير
Bunlardan başqa da bu məzmunda bir çox ayələr
vardır ki, həmən mənaları daşıyır və Quranın
ümumibəşər kitab olduğunu bildirir. Belə olan halda
gərək bu kitab bir dildə və bir mənada olsun ki, bütün
bəşər onu başa düşə bilsin, bütün millətlər hər
zamanda, sudan istifadə etdikləri kimi ondan istifadə
etsinlər. Hamı ondan istifadə etməyi bacarsın ki, sonra
deməsinlər, biz onu başa düşmədik.
Quranın dili
Qurani-Kərimə diqqət edərkən görürük ki, hər
hansı bir milliyyətə, mədəniyyətə və dilə mənsub
olmaq bu kitabdan istifadə etməyə mane olmur. Hamı
ondan istifadə etməyi bacarır. Başqa ibarə ilə desək,
Quran hamının dilindədir. Şübhəsizdir ki, dil deyəndə
lüğət və ədəbiyyat nəzərdə tutulmur. Məlum
məsələdir ki, Quran ərəb lüğətindədir. Amma insanlar
müxtəlif dillərdə danışırlar. Quran dili deyəndə
insanların müştərək olan dilindən söhbət gedir.
Doğrudur, insanlar müxtəlif mədəniyyətə və iqlimə
malikdirlər. Buna baxmayaraq onların arasında
müştərək dil və mədəniyyət vardır. Dəyişilməyən
həmin müştərək dil və mədəniyyət, insaniyyət dili və
mədəniyyətidir. O, bütün insanlar arasında əbədidir. O
dil və mədəniyyət insan fitrətindən ibarətdir. AllahTəala
da Quranı insanların fitrətini oyatmaq və
yaşatmaq üçün göndəribdir.
Bəli, Quran məfhumu fitrət dilindədir. Bütün
insanlar da fitrətdə müştərəkdirlər. Biz bu məsələ ilə
tarixdən də tanışıq ki, Peyğəmbər (s)-in ətrafında
müxtəlif millətlərdən olan insanlar var idi. Bü gün də
Quran əhli müxtəlif dillərə və adət-ənənələrə
mənsubdurlar. Amma hamısı Qurandan tərbiyələnib,
iman sahibi olub kamala yetişirlər.
Həzrət Peyğəmbər (s)-in şüarlarından biri də belə
idi: "Mən ağlara, qaralara və qırmızılara peyğəmbər
göndərilmişəm. (Biharül ənvar, c-16, c-323).
ارسلت الى الابيض والاسود والاحمر
Həzrətin (s) məqsədi bütün millətlərə peyğəmbər
olaraq göndərildiyini bildirməkdir.
Quranın ümumi olmağı və məfhumunun hamı
tərəfindən başa düşülməsi barədə Quranın özündə də
çoxlu ayələr vardır. Xülasəyə görə onlardan fəqət
birinə işarə edək: "Ey camaat, həqiqətən Allahınız tərəfindən sizə burhan gəlib və biz sizə aşkar nur nazil
etmişik”. (Nisa-174).
يايها الناس قد جاءكم برهان من ربكم وانزلنا اليكم نورا مبينا
Deməli, bütün bu deyilənlərdən belə nəticəyə yetişirik
ki, Quran bütün insanlara və onların fitrətlərinə uyğun
nazil olubdur.
Quranın bəyan uslubu
Allah-Təala Peyğəmbər (s)-in risalətini bəyan
edərkən buyurur: "O, bir Allahdır ki, millətlərin
özündən onlara peyğəmbər göndərib ki, onlara ayələri
oxusun, onları paklandırsın, onlara kitabı və hikməti
öyrətsin. Bir halda ki, əvvəlldə aşkar zəlalətdə idilər”.
(Cümə-2).
هوالذى بعث فى الامين رسولا منهم لم يتلوا عليهم ءاياته
ويزكيهم ويعلمهم الكتاب والحكمة وان كانوا من قبل لفى
ضلال مبي
Başqa bir ayədə (Nəhl-125) buyurur: "Allahının
yoluna dəvət et, hikmət və yaxşı moizələrlə, onlarla
yaxşı yol ilə mücadilə et”.
ادع الى سبيل ربك بالحكمة والموعظة الحسنة
Bunlardan başqa da ayələr qeyd etmək olar ki, bu ayələrdə Allah-Təala müxtəlif cəhətlərdən insanlara
xəbərdarlıq edir. Bəzilərini cəhənnəm ilə qorxudur,
bəzilərinə behişt müjdəsi verir, bəzi yerlərdə elmi
nöqtələrə işarə edir, bəzi hallarda da sadə, kəskin
misallar vurur. Bu dediklərimiz Quranın bəyan
yollarıdır. Ona görə Allah-Təala bu üslubdan istifadə
edir ki, insanlar əxlaq cəhətdən müxtəlifdirlər. Hər
fərd müxtəlif yollarla islah olunur.
Həzrət Peyğəmbər (s) buyurub: "İnsanlar
mədəndirlər, qızıl və gümüş mədənləri kimi”.
الناس معادنكمعادن الذهب والفضة
(Biharül ənvar, c-16, c-323).
İnsanların bəzisi sadə fikirli, bəziləri isə dərin
düşüncəlidirlər. Ona görə də ümumbəşər olan bir
kitab gərəkdir ki, hamını başa sala bilsin.
Qurani-Kərim məhz elə həmən üslubdadır.
Maarif bəyan etməkdə Quranın başqa
kitablarla fərqi
Əvvəldə qeyd etdiyimiz kimi Qurani-Kərim
ilahi maarifləri bəyan etməkdə xüsusi üslublardan
istifadə edibdir. İndi isə Quranın üslubunun digər elmi
kitabların üslubu ilə fərqini qeyd edək.
Allah-Təala Peyğəmbər (s)-in risalətini bəyan
edərkən bəzən buyurur: ”Cammata kitab və hikməti
öyrət”.
Bəzi hallarda o, Peyğəmbər (s)-in risalətini xalqı
zülmətdən nura doğru aparan kimi elan edir. QuraniKərimi
isə xalqı hidayət etməkdə Peyğəmbər (s) üçün
bir silah kimi qələmə verir: "Mənim əzabımdan
qorxanları Quranın vasitəsi ilə xəbərdar et”.
فذكر بالقران من يخاف وعيد
Bu, Quranı insanları paklandırmaq və təlimləndirmək
üçün vasitə hesab edir. Bu əsasla Qurani-Kərim başqa
elmi kitablar kimi təkcə elmi və təbiət məslələri və ya
əxlaq kitabları kimi təkcə öyüd-nəsihət, yaxud üsul və
fiqh kitabları kimi üsul və fiqh mənalarını bəyan
etməklə kifayətlənmir.
Qurani-Kərim insanları hidayət etmək üçün
xüsusi üslublardan istifadə edib ki, biz də onlardan
bəzilərini qeyd edirik:
1. Təmsildən (misal gətirmək – red.) istifadə etmək.
Bu yolla ağır və ali olan bəhsləri sadələşdirib
insanlara çatdırır.
2. Quranın dəlillərinin qarşısında inadkarlıq edənlərin
müqabilində onların öz dillərində bəhs edir.
3. Məsələləri bir-biri ilə qarışdırıb başa salır.
Məsələn, maarif və əhkamı moizə və əxlaqla,
kitabın və hikmətin təlimini nəfsin təzkiyə və
tərbiyəsi ilə, nəzəri məsələləri əməli məsələlərlə,
icrai məsələləri icrayə zəmanət olan məsələlərlə.
Nümunə olaraq, oruc tutmağın ki, hasili təqvadır,
onu qarışdırıb; "Oruc tutun, ta təqvalı olasınız”
deyərək bəyan edir.
4. Başqalarından nəql olunan sözləri və nəzərləri nəql
edərək onların barəsində qəti hakimlik edir. Amma
digər elmi kitablar belə deyildir. Quran iki nəfərin
işi barəsində söz açandan sonra onların hansının
düz olduğunu xüsusi bir formada bəyan edir.
Məsələn, Həzrət Adəmin (ə) oğlanlarının arasında
olan mübahisəli məsələni nəql edərkən buyurur:
"Həqiqətən Allah təqvalıdan qəbul edir” (Maidə-
27). Yəni bu iki nəfərdən biri ki, Həzrət Habil idi,
onun qurbanı qəbul oldu. Çünki, o, təqvalı idi. Bu
baxımdan Qurana "qovl fəsl” deyirlər. "Tariq”
surəsinin 13 – 14-cü ayələrində bu barədə
buyurulur: "Həqiqətən bu, bir haqq sözdür və zarafat deyil”.
انه لقول فصل و ما هو بالهزل
5. Qurani-Kərim ilə başqa elmi kitabların bir fərqi də
ondadır ki, Quran təbiətşünaslıq məsələləri ilə
Allahı tanımaq məsələlərini bir-birinə bağlayır.
Başqa kitablar əşyanı üfuqi cəhətdən bəyan edir.
Məsələn, filan mədən neçə milyon il bundan qabaq
bəzi hadisələrlə üzləşib və bundan neçə milyon
illər sonra başqa bir hadisələrlə üzləşəcək.
Amma Qurani-Kərim bir nur və hidayət kitabı
olduğundan əşyanı əmudi cəhətdən bəyan edərək
onların məbdə və məadla olan əlaqələrini də aşkar
edir. Məsələn; "Aya, kafirlər görmürlər ki, göylər
və yer bitişik idilər, biz onları bir-birindən ayırdıq,
hər şeyi sudan diriltdik, iman gətirməmisiniz?”
(Ənbiya-30).
اولم يرالذين كفروا ان السموات والارض كانتا رتقا ففتقناهما
وجعلنا من الماءكل شىء حى افلا يؤمنون
Bu cürə ayələrdə başqa elmi kitablardan fərqli
olaraq üfuqi cəhətdən bəyan edəndən sonra
əşyanın şaquli cəhətinə işarə edərək məbdəi failini,
məbdəi qaini və son hədəfini də bəyan edir. Yəni
bu işin edəni kimdir və bu işin son hədəfi nədir?
6. Tarixin ibrətli səhifələrini toplayaraq qissə şəklində bəyan edir. Qurani-Kərim tarix kitabları
kimi tarixi hadisələrin hamısını yazmır. Bəlkə bəzi
bəhsləri bəyan edir ki, o hissə insanların hidayətinə
səbəb olur. Sonra bu hissəni sünnəti-ilahi (tarixin
fəlsəfəsi) adlandırır. Məsələn, Həzrət Musa (ə)-ın
adı Quranda yüz dəfədən çox qeyd olunubdur və o
həzrətin qissəsi 28 surədə geniş surətdə bəyan
edilibdir. Amma bu qissələrdə o həzrətin viladəti
və vəfatının tarixini qeyd edilməyibdir. Fəqət
həssas nöqtələrə işarə edibdir. Məsələn, Həzrət
Musa (ə)-ın doğulandan sonra anasına Allah
tərəfindən onun suya atılmasına dair vəhyin
gəlməsi və onun böyüyəndən sonra anasına
qaytarılması və peyğəmbər olmasından söhbət
açılıbdır. Bunlar da Allaha etiqad etməyin şirin
aqibətini və başqa ibrət götürməli nöqtələri nəzərə
çatdırır.
7. Quran başqa kitablardan bir cəhətdən də fərqlənir.
Quranda olan təlim və maarifə yetişmək üçün ilahi
vəhydən istifadə etmək gərəkdir. Amma başqa
elmi kitablarda olan təlim və maarifə yetişmək
cətin deyil və adi insanlar üçün də bu məsələ
mümkündür.
Allah-Təala "Nisa” surəsinin 113-cü ayəsində
Peyğəmbər (s)-ə buyurur: "Allah sənə maariflər
öyrətdi ki, adi yollarla onları öyrənmək iqtidarında deyilsən”.
وانزل االله عليك الكتاب والحكمة وعلمك مالم تكن تعلم
Bu söhbət təkcə dunyada elmin səviyyəsinin
aşağı olan vaxtına aid deyil, bəlkə həmişə və əbədi
olaraq Quran bəşərin əli çatmayan elmlərin
müəllimidir. Qurani-Kərim xüsusi yerlərdə qeyd
edir ki, dünyanın gizli olan sirrlərini ancaq vəhyin
nurunda tapa bilərsiniz: "Döyüşmək sizin üçün
yazılıb, bu sizə acıdır, amma sizə acı gələn işlərin
sizə xeyri olar, bəzən də bir işi sevərsiz, amma o
sizin ziyanınızadır, Allah bilir, amma siz
bilmirsiniz” (Bəqərə-216).
كتب عليكم القتال وهو كره لكم وعسى ان تكرهوا شيا
وهو شر لكم واالله يعلم وانتم لا تعلمون
Bu xitab bütün fərdlərə aiddir.
8. Elmi kitablarda adətən bir şeyi bəyan edərkən onun
misdaqını* aşkar etməzlər. Amma Quran bunun
əksinə olaraq onu bəyan edir. Məsələn, yaxşı və
yaxşıları bəyan edərkən buyurur: "yaxşılıq məşriqə
və məğribə üz döndərməkdə deyil, lakin yaxşılıq
Allaha və qiyamət gününə iman gətirənlərdədir”.
(Bəqərə-177).
ليس البر ان تولوا وجوهكم قبل المشرق والمغرب ولكن البر
من ءامن بااالله واليوم الار
9. Quranın üslublarından biri də mətləbi təkrar
etməkdir. Çünki, Quran hidayət kitabıdır və
hidayət məqamında bir mətləb gərək hər
münasibətdə xüsusi bir dil ilə əda olunsun ki,
təsirli olsun.
Bunlardan başqa da bir neçə üslublar vardır ki,
ixtisarə görə onları qeyd etmirik.
Bəli, yuxarıda dediyimiz xüsusiyyətlər məhz
Qurana məxsusdur və bu göstərir ki, Quran çox
dərin mənalı bir kitabdır. Ona görə də bu kitabla
gərək çox ehtiyatla davranasan. Təfsir və
tərcüməsində fikirləşəsən ki, bu kitab Allah
kəlamıdır, onu hər necə gəldi məna etmək olmaz.
Həyatda təcrübə etdiyimiz bir məsələyə
diqqətinizi yönəltmək istəyirəm. Biz böyük bir alimin
kitabına baxarkən, yaxud ondan istifadə edərkən
müəllifin savadını və elminin çoxluğunu nəzərə alaraq
onun kitabı ilə ehtiyatla davranırıq. Bütün elmlər
Allah tərəfindən Quranda cilvələnibdir. Gərəkdir bu
kitabla da rəftar edərkən məsuliyyət hiss edək və
kimin kitabına rəy və nəzər verdimizi fikirləşək.
Bilmədiyimiz məqamlarda acizliyimizi etiraf edib, bildiyimiz məsələlərdə isə daha mötəbər mənbələrdən
istifadə edək, ta inşaallah səhv və xətadan qoruna
bilək. Yoxsa yaxşılıq etmək istədiyimiz halda pisliyə
düçar olaraq dünyada rüsvay, axirətdə isə əbədi əzab
sahibi olarıq. Allaha pənah aparıram axirət əzabından.
Allah-Təala Qurani-Kərimdə onun hökmlərini
olduğu kimi çatdırmayanları üç ayədə fasiq, kafir və
münafiq adlandırır. Bu dəstənin hər üçü də cəhənnəm
əhlidir. "Kim Allah buyuran kimi hökm etməsə” bir
ayədə kafir, birində fasiq, üçüncüsündə isə münafiqdir
söylənilir. Allahın hökmünü o buyuran kimi
çatdırmamaq, ya cahillikdəndir, ya kiminsə xoşuna
gəlməkdən ötəridir, ya da ki, insan özünə məğrur
olaraq, öz rəyinə əsasən hökm çıxarır. Hər üç sifət pis
sifətlərdən olub insanı dünya və axirət rüsvayçılığına
düçar edir.
Buna görə də biz hidayət kitabını təhrif edib
yuxarıda deyilən sifətləri qazanmaqdan çəkinməli və
Allahın qəzəbindən özümüzü qorumayılıq. Yoxsa
şeytana itaət edib, onun kimi insanları zəlalətə
aparanlardan olarıq.
1-ci dərsin sualları
1) Quran nazil edildikdən sonra onda hansısa
dəyişiklik olubmu və ya gələcəkdə ola bilərmi?
Cavabınıza Quranın özündən dəlil gətirin.
2) Quran nə üçün nazil edilib?
3) Quranın ümumbəşəri kitab olmasına dəlil olaraq
Qurandan bir ayə gətirin.
4) Quran hansı dildədir? Bir hədislə cavabınızı
əsaslandırın.
5) Maarif bəyan etməkdə Quranın başqa
kitablardan fərqini bir neçə cəhətdən izah edin.
Kitabın adı: Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
Müəllif: Hacı Əhliman Rüstəmov