Cavab verilməsi zəruri olan şübhələr
Artıq peyğəmbərin duası ilə təvəssül etmənin dəlilləri ilə tanış oldunuz və gördünüz ki,
Qurani Kərim, peyğəmbər sünnəti və bütün müsəlmanların adət-ənənəsi bu fenomenin
qanuni olmasını təsdiqləyir. Lakin bu mətləb ətrafında bəzi şübhələri əldə əsas tutanlar belə
güman edirlər ki, bu yolun üzərindəki tikanlar təvəssül yolunu gedənlərin addımlarını
ağırlaşdırır. İndi isə burada bəzi şübhələri xatırlayıb onlara ağlasığan və düzgün cavab verək:
Birinci Şübhə: Bərzəx aləmi ruhlarla əlaqə saxlamağa mane ola bilərmi?
Şübhə: Bərzəx həyatı elə bir həyatdır ki, onun həqiqətini Allahdan başqa bir kimsə bilə
bilməz. Bərzəx tamamilə müstəqil bir aləm olaraq onun varlığına inanır, lakin mahiyyətinin
nədən ibarət olduğunu isə bilmirik. Dirilər və ölülər arasında əlaqəyə mane olan bir pərdədir.
Allah təala belə buyurur: "Onların axasındakı Bərzəx Qiyamət gününə qədərdir” (Əl
Muminun surəsi, 100-cü ayə). Bərzəx isə lüğətdə maneə deməkdir.
Yeri gəlmişkən, birinci nöqtəyə müqəddimə olaraq onu demək lazımdır ki, istər dünya
həyatı, istərsə də Bərzəx həyatı olsun, bunların həqiqət və mahiyyətini bilmək yalnız
Yaradana məxsusdur. Bizim bildiyimiz, başqa sözlə desək, bilmək iqtidarında olduğumuz
şey yalnız bu hər iki dünyanın xüsusiyyətləri və təzahürləridir. Dünya həyatı bizə öz zahiri
təzahürləri ilə məlum olduğu kimi (insan hər nə qədər elm və texnikada irəlililəyərsə bir o
qədər bu maddi dünyanın sirləri ona məlum olur) Bərzəx həyatı da bizə yalnız öz təzahürləri
ilə məlumdur. Qurani Kərim bu barədə bəzi sirlər və təzahürləri qeyd etmişdir. Şəhidlər, saleh insanlar Bərzəx aləmində qida qəbul edir, Allahın verdiyi nemətlərə sevinir, onların
sıralarına hələ qatılmayan şəhidlərə müjdə verir, qorxmamalarını və qəmlənməmələrini
bildirir.
Bərzəx həyatı yalnız möminlərə aid olmayıb kafirlər, o cümlədən, Firon və onun ətrafına
toplaşan əyanlar da aiddir. Allah təala belə buyurur: "... şiddətli əzab Firon əhlini haqladı.
Səhər-axşam odu onlara göstərilirdi. Qiyamət günü bərpa olan kimi-"onları ən şiddətli əzaba
daxil edin (deyiləcək)” (Ğafir surəsi, 45 və 46-cı ayələr)
Bərzəx barəsində bu qədər bilməyimiz bizə imkan verir ki, orada onlardan əql, şüur və
dərk etməyə qadir olduqlarına hökm edək. Buna görə də, vasitə qərar verilən şəxsin şüurlu,
aqil və dərrakəli olması kifayətdir.
İkinci nöqtəyə müqəddimə kimi onu demək lazımdır ki, öz məzhəblərini, nəyin bahasına
olursa olsun, dəsdəkləyənlər Bərzəx sözünü maneə və iki dünya arasındakı əlaqənin
kəsilməsi kimi təsfir etmişlər. Bərzəxin əsl mənası isə vəfat etmiş insanların dünya həyatına
qayıtmasına "mane olan” deməkdir. Buna şahid olaraq Qurani Kərim belə buyurur:
"Onlardan (kafirlər və müşriklər) birini ölüm haqlayan kimi deyər: "Mənim rəbbim, məni
qaytar ki, tərk etdiyim saleh əməlləri yerinə yetirim.” (ona belə deyilər): "Qətiyyən yox! Bu
söz yalnız dildədir... (yəni əgər qaytarılsa belə yene də öz əvvəlki əməllərini edəcək)” (Əl
Muminun surəsi, 99 və 100-cü ayələr)
"Qətiyyən yox” sözü onların dünyaya qayıtmaq arzularına qarşı verilən cavabdır. Bu
cavabın ardı ilə belə buyurur: "Onların arxasındakı Bərzəx Qiyamət gününə qədərdir” (Əl
Muminun surəsi, 100-cü ayə). Yəni həmin Bərzəx qiyamət gününə qədər onların
qayıtmasının qarşısını alacaq.
Bu və bu kimi məsələlərdə əvvəlcədən hər hansı bir mövqe tutmaq düzgün nəticəyə
yetişməyin qarşısını alır. Deməli, peyğəmbərin duası ilə təvəssül etməyin düzgünlüyünü
inkar edən şəxslər, əvvəlcədən, Bərzəxin mənasını iki dünya arasındakı əlaqənin mümkün
olmaması kimi qəbul etmiş və bu məsələdə öz inanclarını həmin qəbul olunmuş puç əqidə
üzərində qurmuşlar. Bu əqidə sahibləri bərzəxi hər hansı bir səsin və görmənin qarşısını alan
poladdan düzəldilmiş bir maneə kimi təsəvvür edirlər. Məlum oldu ki, bu cür əqidənin heç
bir əsası və dəlili yoxdur. Qurani Kərim ayələrdən birində iki suyun bir-birinə qarışmamasını
belə təsvir edir: "İki müxtəlif (biri şirin, digəri isə şor) və təmas nöqtəsi olan dəryanı biribirinin
yanında qərar verdi. Onların arasında bir Bərzəx vardır ki, (suların) bir-birinə
qarışmasının qarşısını alır”(Əl Rəhman surəsi, 19 və 20-ci ayələr). Lakin alimlər bu iki
dənizin arasında heç bir maddi səddin olmasını aşkar etməmişlər.
İkinci şübhə: Ölüləri eşitdirməyin mümkün olmaması
Allah təala buyurur: "Həqiqətən, sən ölülərə (öz səsini) eşitdirə bilməzsən...” (Əl Rum
surəsi, 52-ci ayə) və (Əl Nəml surəsi, 80-cı ayə). Lakin "fə” hərfi olmamaq şərti ilə.
Başqa bir ayədə belə buyurur: "Sən qəbrdə olanlara (öz sözlərini) eşitdirə bilməzsən”
(Fatir surəsi, 22-ci ayə). Peyğəmbər dünyasını dəyişəndən sonra ölülərdən biri hesab olunur.
Buna görə də dünya əhlindən bir kəsin səsini eşidə bilməz. Lakin buna baxmayaraq, onların
bədəni çürüməz, çünki Allah təala onların bədənlərini torpağa haram etmişdir. Beləcə onlar,
ruhları olmayan cəsədlər kimidirlər.
Bu şübhəni iki hissəyə bölmək mümkündür:
1. Peyğəmbər dünyasını dəyişəndən sonra ölülərdən biri hesab olunur
2. Yuxarıda tilavət olunan ayələr qəbrdə olan ruhsuz cəsədlərə aiddir
Birinci hissəyə cavab olaraq onu demək lazımdır ki, bu etiqad birbaşa olaraq Bərzəx
həyatını inkar edir, halbuki Qurani Kərim bəzi insanların ölü adlanmasını tənqid atəşinə
tutur: "(Ey peyğəmbər) Allah yolunda qətlə yetirilmişləri ölü güman etmə, əksinə onlar diri
və öz rəblərinin yanında qidalanırlar” (Ali İmran surəsi, 129-cu ayə).
Düzdür, Qurani Kərim peyğəmbərə müraciət edərək belə buyurur: "Həqiqətən, sən və onlar
öləcəksiniz” (Əl Zumər surəsi, 30-cu ayə). Lakin bu ayə tamamilə fani olmağa işarə etməyib,
əksinə, ruhun bədəndən ayrılıb başqa bir aləmə köçməsinə işarə edir.
İkinci hissə barəsində isə onu qeyd etmək lazımdır ki, bu ayələr qəbrdə olan ruhsuz
cəsədlərə aiddir. Doğrudan da, bu cəsədlər bir şey dərk etmir və bir şey eşitmir. Lakin əlaqə
bu cəsədlərə deyil, əksinə əbədi diri olan ruhlarla baş verir. Cəsəd hər nə qədər parçalanıb
aradan getsə belə ruh daimən qalır. Elə həmin ruhlardır ki, onlara salam və salavat göndərilir,
onlar eşidir və cavab verirlər.
Burada belə bir sual meydana gəlir. Onda nə üçün biz məqbərələrə gedir və qəbr sahibini
ziyarət edirik. Cavab olaraq onu demək lazımdır ki, qəbrin ziyarət olunması həmin qəbrdə
yatan şəxsə doğru diqqəti artırır və onun sifətləri və xüsusiyyətlərini xatırlamaqla daha
yardımçı olur. Halbuki ruhlarla əlaqə saxlamaq, onlara salam göndərmək hətta uzaq bir
məsafədən də mümkündür. Belə ki, peyğəmbərə salavat və salam göndərilməsi haqqında
gələn hədislər bunu daha da təsdiq edir. Əhli sünnət alimi və müfəssiri Şəmsəddin ibn Qəyyimin yuxarıda qeyd etdiyimiz iki
ayənin təfsirində yazdığı mətnin tərcüməsini sizə təqdim edirik:
"Allahın” Sən qəbrdə olanlara (öz sözlərini) eşitdirə bilməzsən.” (Fatir surəsi, 22-ci ayə)
sözünə gəlincə qeyd etmək lazımdır ki, ayənin məzmunu göstərir ki, söhbət qəlbi ölmüş
kafirdən gedir. Belə ki, qəbrdə olanlara onların faydalana biləcəyi sözü eşitdirə bilmədiyimiz
kimi, qəlbi ölmüş kafirə də onun faydalana biləcəyi sözü eşitdirə bilmərik. Əlbətdə, Allah
təala bu ayədə qəbr sahiblərinin tamamilə heç bir şey eşitməmələrini demək istəmir! Axı, bu
necə ola bilər?! Bir halda ki, peyğəmbər buyurmuşdur ki, onlar cənazə aparanların ayaq
səslərini eşidirlər və həmçinin buyurmuşdur ki, Bədrdə öldürülmüş müşriklər onun sözlərini
və müraciətini eşitmişlər. Peyğəmbər ölülərin adi insana verilən salam kimi salamlanmasını
qanuni hesab etmiş və buyurmuşdur ki, hər kim öz mömin qardaşına salam göndərərsə
cavabını qaytarar.
Sözü gedən ayə məna baxımından Əl Rum surəsinin 52-ci ayəsi kimidir. Qurani Kərim bu
ayədə belə buyurur: "Həqiqətən, sən ölülərə (öz səsini) eşitdirə bilməzsən. Karlara da, onlar
səndən üz çevirib uzaqlaşdıqları vaxt sözünü eşitdirə bilməzsən.” Karlarla ölülərin eyni söz
biçimində gəlməsi hər iki qrupun eşitmə qabiliyyətindən məhrum olmasına işarədir. Kafir
qəlbi daş kimi qəsavət bağladığı üçün heç bir səs və nidanı ona eşitdirmək mümkün deyildir.
Bu, ölü və kar insanlara olan xitab kimidir. Lakin bu mətləb ruhları (haçansa bədənlə əlaqəsi
olduğu üçün) eşitdirməyi inkar etmir. Bu ayə də sözü gedən mətləbdən tamamilə fərqlənir.
Allah daha yaxşı bilir!
Həmçinin sözünə əlavə edərək İbn Əbd əl Birdən belə nəql etmişdir ki, peyğəmbər
buyurmuşdur: "Əgər bir müsəlman dünya həyatında tanıdığı mömin qardaşının qəbrindən
sovuşaraq ona salam versə Allah təala salamın cavabını verməsi üçün həmin möminin
ruhunu bədəninə qaytarar.” Bu hədis açıq-aşkar göstərir ki, qəbr sahibi salam verəni
tanıyaraq cavabını qaytarır.
Peyğəmbərdən rəvayət olunmuşdur ki, qəbrə qoyulan meyit onu qəbr evinə yola salandan
sonra geri dönənlərin ayaq səslərini eşidir.
Əbu Bəkr Abdullah ibn Übeyd ibn əbi əl Dünya "Əl qubur” kitabında Aişədən belə nəql
edir: "Allahın rəsulu belə buyurub: "Əgər bir insan öz qardaşının qəbrini ziyarət edib onun
yanında əyləşərsə həmin qəbr sahibi onunla durana qədər mənus olub cavabını qaytarar.”
Həmçinin Əbu Hüreyrə peyğəmbərdən belə nəql etmişdir: "Əgər insan tanıdığı bir
qardaşının qəbrinin kənarından sovuşaraq ona salam versə, qəbr sahibi onun salamını qaytarar və onu tanıyar. Əgər tanımadığı bir kəsin qəbrinin kənarından sovuşaraq ona salam
versə qəbr sahibi onun salamını qaytarar.”
Həmçinin sələfdən indiyə kimi meyitin təlqin edilməsi təzahürü göstərir ki, əgər ölən
adam bu təlqindən faydalanmasaydı onda bu İslam adəti əbəs və yersiz olardı. Sonda onu da
qeyd etmək yerinə düşərdi ki, bütün əhli-sünnət alimləri meyitin təlqin olunmasını müstəhəb
əməl hesab edirlər.Üçüncü şübhə: İnsan əməlinin kəsilməsi
Peyğəmbərdən nəql olunan məşhur bir hədisdə belə deyilir: "İnsan öləndən sonra üç
əməldən başqa hər bir əməl ondan kəsilər. Bu, davamlı sədəqə, faydası olan elm və onun
üçün həmişə dua edən saleh övlad.” Bu hədis öz ümumiliyinə görə hətta peyğəmbərə də
aiddir.
Bu şübhənin cavabına müqəddimə olaraq onu demək olar ki, hər hansı bir iddianın isbatını
hansı yolla olursa-olsun qarşısına məqsəd qoyan adam hətta dəlaləti belə olmayan dəlillərdən
yapışıb var qüvvəsi ilə öz etiqadını müdafiə etməyə çalışacaq. Bu hədisin bizim mətləbə
hansı dəxaləti ola bilər?! Bu hədisin ən çox dəlalət etdiyi şey insanın Bərzəx aləminə
köçəndən sonra məhz hədisdə qeyd olunan üç şeydən başqa bir əməldən heç br fayda
qazanmamağıdır. Onun birbaşa fayda apara biləcəyi yalnız həmin üç əməldir. Amma ölən
şəxsin danışa bilməməsi, başqası barəsində tövbə edə bilməməsi və yaxud da cavab verə
bilməyəcəyi barəsində heç bir dəxalət yoxdur.
Beləcə, şübhələr aradan gedir və bizim isbat etməyə çalışdığımız mətləb isə toxunulmaz
olaraq qalır. Bu da ondan ibarətdir ki, həqiqətən də peyğəmbər ruhları pak bədənlərini tərk
edəndən sonra belə diridirlər və Allahın izni ilə onlarla əlaqə saxlamaq da mümkündür.
Göründüyü kimi təvəssülü inkar etməyə çalışanlar bəzən peyğəmbərin həyatını, bəzən isə
onunla əlaqənin mümkün olmamasını, bəzən də bu əməlin əbəs və faydasız olduğunu iddia
edirlər. Amma onların bu əməli şirk və peyğəmbərə ibadət kimi hesab etmələrinə gəlincə isə
biz bu əməldən Allaha pənah aparırıq! Ötən üç şübhəyə gəlincə isə, artıq onların puç və batil
olması aşkar oldu. Bu əməlin şirk hesab olunmasına gəlincə isə, axı, bu necə ola bilər ki, eyni
bir əməl peyğəmbərin dövründə monoteizm, lakin onun vəfatından sonra isə şirk hesab
olunsun?! Bundan əlavə, peyğəmbərə təvəssül edən insan ya onun ya Allah və yaxud da
Allaha şərik olmasını iddia etmir. Şübhəsiz, ona təvəssül edən insan peyğəmbəri Allah
dərgahında böyük məqama malik olan və duası rədd olunmayan saleh bir bəndə kimi qəbul
edir.
Kitabın adı: İslam şəriətində təvəssül məfhumu
Müəllif: Əllamə Cəfər Sübhani