Onuncu fəsil
Əmirəl-möminin Əli ibn Əbutalibin (ə) hikmətli kəlamları
◘Şəxsin imanı andlarından məlum olar. Qardaş odur ki, çətinlikdə qardaşlıq etsin. İmkanı zahir etmək şükürün bir hissəsidir. Kişinin ədəbi onun qızılından üstündür.
◘Borcu ödəmək dindarlıqdan irəli gəlir (dindarlığın əlamətidir.) Öz qadın və övladına ədəb öyrətməklə onlara fayda ver. Pis insanlara yaxşılıq etməklə onların pisliklərinin qarşısını al. Bu dövrün qardaşları eyiblərin casusudurlar. İnsanların asayişi (insanların malından) ümidsiz olamaqdadır.
◘Çətinlikləri gizli saxlamaq kişilikdir. Ata-anaya yaxşılıq insanın əvvəlcədən özü üçün göndərdiyi yaxşılıqdır. Səbirdən sonra özünə qələbə müjdəsi ver. Malın bərəkəti zəkat verməklə artar. Öz dünyanı axirətə sat ki, xeyir götürəsən.
◘Möminin Allah qorxusundan ağlaması gözünün nurunu artırar. Xeyir işi tez yerinə yetir ki, arzuna çatasan. İnsanın qarnı onun düşmənidir. Cümə axşamı və şənbə günlərinin səhəri bərəkətdir.
◘Ömrün bərəkəti yaxşı işdədir. İnsanın bəlası dilinin altındadır. Ömrün qalan hissəsinin qiyməti yoxdur. Yaxşı işi minnət qoymaqla aradan aparma. Bəxşiş zamanı xoşüzlü olmaq ikinci bəxşişdir.
◘Allaha təvəkkül et sənə bəs edər. İşi təxirə salmaq bədbəxtlikdir. Ömrünün əvvəlində əldən verdiklərinin yerini ömrünün qalan hissəsində doldur. Namazda halsız və tənbəl olmaq imanın azlığından irəli gəlir. Süfrəyə çox əlin uzanması bərəkətdir.
◘Yaramaz işlərdən uzaq ol ki, möhtərəm olasan. Öz zirəklik və oyaqlığını günahın tərkində işlət. İnsanın təvazökarlığı onun kərəmindən irəli gəlir. Hərislik quyusunu torpaqdan başqa heç nə doldurmaz. Dində itki alimlərin ölümü ilədir.
◘Salamatlıq libası köhnəlməz. Hakimiyyətin davamlı olması ədalətə əsaslanır. Üzürxahlıq vasitəsilə yaxşılığı təkrarla (əgər yaxşılıq etdiyin kəsin ona layiq olmadığını bildirsən ona ikinci dəfə yaxşılıq etmiş olarsan). Axirət savabı dünya nemətlərindən üstündür. Canın davamı yeməklədir, ruhun davamı isə fəna ilə (yəni, bu dünyadan getməklə).
◘Kərəm əhlinə sitayiş etmək, onların ətalarının artmasına səbəb olar. Nə qədər varındır əliaçıqlıq et (əlbəttə, özün başqalarına möhtac olacaq qədər yox). İnsanın gözəlliyi onun həlimliyi ilə ölçülür. Kasıbın verdiyi az bəxşiş də çoxdur. Pis yoldaş şeytandır.
◘Batilin cövlan etməsi bir saatdır, haqq-ədalət dövləti isə qiyamətəcən. Sözün gözəlliyi onun qısa və müxtəsər olmasındadır. Yaxşı yoldaş qənimətdir. Kasıblarla yoldaşlıq et ki, hörmətin artıq olsun. O kəsin ki, ölüm (və yoxluq) yoxudur, böyük insandır.
◘İnsanın elmi onun dostudur. Qadınların zinəti qızıldır. İnsanın həyası (pis əməllərindən ötrü) pərdədir. Yeməyin turşuluğu sözün turşuluğundan yaxşıdır. Tündxasiyyət olmaq kişini fəlakətə aparır.
◘Əsil-nəcabəti olmayan adamdan vəfa gözləmək olmaz. İnsanın məşğuliyyəti xəzinədir. Xoşxasiyyət olmaq qənimətdir. Allahdan qorxsan, başqalarından amanda qalarsan. Ən yaxşı dost odur ki, səni xeyir işlərə doğru istiqamətləndirsin.
◘Nəfsinlə mübarizə et ki, azad olasan. Dinin dünyaya satıldığı alver başdan-ayağa ziyandır. İnsanın dostu onun əqlinin nişanəsidir. Qəlbin (qüssədən) xali olması kisənin dolu olmasından yaxşıdır. Allahdan qorxmaq qəlbi cilalayar (qəsavəti aradan aparar).
◘Dostluqda xalis olmaq xoşpeymanlıqdandır. Qadınların ən yaxşısı uşaq doğan və mehriban olanıdır. Ən yaxşı mal Allah yolunda sərf olunanıdır. Qəlbin dərmanı qəza və qədərə razı olmaqdır. Nəfsin dərdi hərislik, dərmanı isə onun qarşısını almaqdır.
◘Danışıq insan əqlinin göstəricisidir. İnsanın dyərinin göstəricisi onun rəftarıdır. Xoş yaşayışın davamı dostlarla görüşməkdədir. Nalayiq və alçaq adamların dövləti kişilərin afətidir (bəlasıdır). Paxılların dinarı daşdır.
◘İnsanın dini onun danışığıdır. Padşahların dövləti ədalətə bağlıdır. Həmişə qəzəbini yatırt ki, yaxşı nəticə əldə edəsən. Tüğyankarları boşla ki, qoy öz tüğyanlarında qalsınlar (Yəni sənin nəhy əz münkərdən başqa vəzifən yoxdur). Bir günah çoxdur, min itaət az.
◘Şahların "əraqəsi” dodaqları yandırar. İnsanın zilləti tamahındadır. Fəqirlik zillətinə düçar olan şəxs Allah yanında əzizdir. Cavanlığı yad etmək həsrətdir. Rəvan danışıq sərmayədir.
◘Ölümü yad etmək qəlbin cilasıdır. Dostla görüşmək gözün cilasıdır. Atana ehtiram et ki, oğlun da sənə ehtiram etsin. Rifah halında olan yaşayış əmniyyət sayəsindədir. Rütbələrin ən böyüyü elm rütbəsidir.
◘Rahat ol! Ruzi özü sənin arxanca qaçır. Doğum ölümün qasididir. Hədis nəql etmək insanı Peyğəmbərə (s) yaxınlaşdırar. Həvayi-nəfsə qələbə zamanı haqqa riayət et. Hər kəsin dostu onun əqlinin göstəricisidir.
◘Camaatı öz tərəziləri ilə ölçün (yəni, hər kəslə onun əql və mərifətinə uyğun tərzdə rəftar edin). Saleh insanların zəhməti rəhmətdir. Elmin aradan getməsi alimin ölümündən yaxşıdır. (Yəni əgər bir elmi kitab aradan getsə alimlərin tədqiq və təhqiqi nəticəsində yenidən yazılar. Lakin, alim dünyadan getsə elmi kitabların elə də faydası olmaz). Hər kəsə sənə etdiyi hörmət qədər ehtiram göstər. Dünyanın küncləri müsibətlərlə doludur.
◘Dostla görüşmək ona məhəbbətin əlamətidir. Zəiflərlə görüşmək təvazökarlıq əlamətidir. Daxili gözəllik zahiri gözəllikdən yaxşıdır. Bədgümanlıq haram işlərdəndir. Dünyanın xoşluqları hiylədir.
◘Bəd xasiyyət çıxış yolu olmayan bir dəhşətdir. Hər kəsin getdiyi yol onun batini mərifətinə bağlıdır. İnsanın salamat qalmağı dinini saxlamağındadır. Sükut insanın salamatlığıdır. (O halda ki, danışmaq lazım olmasın). Ümmətin böyükləri fəqihlərdir.
◘Zəiflərin silahı şikayətdir. İnsanın yükəlişi təvazökarlıqladır. Elmin eybi özünübəyənməklikdir. Behişti ələ gətirməkdən ötrü himmət ətəyini kəmərinə sanc.
◘Ağ tük ölümün qasididir. Qəlbin şəfası Quran oxumaqdır. Simic imkanlı səxavətli kasıbdan da kasıbdır. Dostluğun şərti əziyyət və buyuruğu tərk etməkdir. İnsanların ən pisi odur ki, camaatdan qorxur.
◘Sədəqə nicat tapmağa səbəb olar. Bədənin sədəqəsi orucdur. Səbr etmək zəfər əldə etməyə səbəb olar. Gecə namazı, gündüzün aydınlığıdır. İnsanın məsləhəti dilini qorumaqdır.
◘Yaxşı insanlarla dostluq et ki, şər insanların şərindən amanda qalasan. Nadan insanın sükutu onun eyib örtüyüdür. Qohumlarına yaxşılıq et ki, himayədarın çox olsun. Dinin islahı təqva, fəsadı (xarab olmağı) tamahdır. Hər kəs Allahdan başqasına ümid etsə boşuna əziyyət çəkib.
◘Allah hər kəsin ruzisinə zamindir. Dostun kötəyi daha dərdlidir. Qəlbin nurlu olması halal yeməkdəndir. Dilin zərbəsi nizənin zərbəsindən daha ağırdır. Şər insanlara etimad edən şəxs yolunu azıb. Dinini dünyaya satan insan yolunu azıb.
◘Qəlbin aşağı olması (kasıblığı) əlin aşağı olmağından daha çətindir. Qəlbi simic olanın özü də simic olar. Dünya kin-küdurət əhli üçün dardır. Xoş o kəsin halına ki, ona salamatlıq (sağlamlıq) nəsib olub. İbadətdə keçən uzun ömür Peyğəmbərin (s) imtiyazlarındandır.
◘Əziyyəti az olanın ömrü uzun olar. Ədəb sahibi olmaq qızıl sahibi olmaqdan üstündür. Ümidi qısa olanın ömrü uzun olar. Düşmənə itaət məhv olmaq deməkdir. Xoş o kəsin halına ki, ailəsinin yaramaz üzvü yoxdur.
◘Allaha itaət qənimətdir. Zülm insanı həlak edər. Məzlumlara edilən zülm aradan getməz. Zülm zülmkarı məhv edər. Var-dövlət susuzluğu suya olan susuzluqdan çoxdur.
◘Zülm imanı zülmətə salar. Həqq rəhbərlərin kölgəsi Allahın kölgəsidir. Zülmkar ömrünün kölgəsi qısadır. Kərim insanların kölgəsi genişdir. Qənaətlə yaşa ki, padşahlıq edəsən.
◘Yüksək iradə və himmətli olmaq imandan irəli gəlir. Danışığın eybi onun uzun-uzadı olmasındadır. Zülmün axırı təhlükəlidir. Nadan dostdan çox ağıllı düşmən barədə fikirləşmək lazımdır. Axirət çətinlikdəri ağırdır, özünə tədarük gör!
◘Elmi qorumaq üçün çalış, nəinki, kitab yığmaq üçün. Zülmkarın cəzası qəfil ölümdür. Hər gecənin gündüzü var. Sağlam olan hər kəs qənimət əldə edib. Allaha təvəkkül edənlərin dəyəri böyükdür.
◘Ölüm çətinliyi cinssiz (pis) yoldaşdan asandır. Ağıllı cavan axmaq qocadan üstündür. Sənin bədrəftar olmağına səbəb olan şəxs səni aldadıb. Səni yersiz əsəbləşdirən kəs sənə xəyanət edib. Haqq sözdən acığı gəlmək pisdir.
◘Möminin qəniməti hikmət əldə etməkdir. Hər kəs din əldə edibsə nicat tapacaq. Fəzilətlə iftixar etmək, nəsillə fəxr etməkdən üstündür. Nəfsinin şərindən amanda olan şəxs qurtular. İnsanın zirəkliyi onun əsli-nəcabətinə bağlıdır.
◘Nicat düzgünlükdədir. Hər bir ürək bir şeyə məşğuldur. Onun nemətinə naşükür olmağın axırı yoxdur. Hər kəsin sözləri onun şəxsiyyətini tanıtdıran əvəzləyicidir. Haqqı qəbul etmək dindəndir.
◘Qəlbin qüvvəti səhih imanın nəticəsidir. Hərislik həris insanın qatilidir. Hər bir işi tədbir və ölçüb-biçməklə gör ki, xoşagəlməzliklərdən uzaq olasan. Hər kəsin dəyəri onun elmi, biliyi qədərdir. Hər kəsin yoldaşı onun dininin göstəricisidir.
◘Şər insanlara yaxın olmaq ziyan gətirər. Qəlbin bərkliyi toxluqdandır. Hər kəsin dəyəri onun himməti qədərdir. Allah kəlamı qəlblərin dərmanıdır. Səxavətli kafir behiştə paxıl mömindən daha yaxındır.
◘Naşükürlük neməti aradan aparır. Qoca üçün qocalıq dərdi bəsdir. Paxıldan ötrü paxıllıq dərdi bəsdir. Elmin kamalı helm (həlimlik, xoşrəftarlıq) ilədir. Üzürxahlıq bağışlanmağı təkmil edir.
◘Dünyadan ötrü bu nöqsan bəsdir ki, vəfası yoxdur. Ölümün olduğunu bilmək qəm-qüssə üçün kifayətdir. Ağ tük ölümün elanı üçün kifayətdir. Əgər rəhm etsən sənə də rəhmət edərlər. Sən bekar və işsiz olduğun müddətdə xoşagəlməzsən.
◘Yumşaq və xoş danışıq qəlblərin zənciridir. Xoş söz danış ki, sevimli olasan. Qocalıq dövrü ömrün tərkib hissəsi deyil. Paxıl rahat olmaz. Elm səltənəti yıxılmaz.
◘Paxılın düşmənçiliyindən başqa hər bir düşmənçilik səbəb və məsləhətə əsaslanır. Himməti ali olanın qüssəsi də uzun olar. Çoxdanışanı qınayıb danlayanı da çox olar. Saf və təmiz içməli suya hücum çox olar. (Yəni kamal sahiblərinin hüzurunda olmağa can atanlar çoxdur). Elm məclisi behişt bağıdır.
◘Şər yoldaşlar dəryada səfər etmək kimi təhlükəlidirlər. Dodağını dodağının üzərinə qoyan peşmanlıq görməz. Böyük insanların məclisi gözəl sözlər öyrənmək yeridir. İnsanın fəziləti dilinin altında gizlənib. Müxtəlif qruplar və dəstələrlə oturub durmaq insanın dinini xarab edər.
◘Möminin nuru gecə namazındadır. Ölümü unutmaq qəlbin pasıdır. Qəlbi qaranlıqdan namaz qılmaqla nurani et. Elə ki, başının tükü ağardı, bil ki, ölüm xəbərin gəlib çatıb. Yatmaq üçün ən yumşaq yataq əmin-amanlıqdır.
◘Arzulara çatmaq qüdrət və imkan sayəsində mümkündür. Ayrılıq atəşi qəlbi cəhənnəm atəşindən daha çox yandırıb yaxır. Üzün təravət və şadlığı düzdanışmaqlığın əsəridir. Yersiz yaxşılıq zülmdür. Minnət qoyulmuş yaxşılığın günahı savabından çoxdur.
◘Axmaq rəhbər çox qalmaz. Vay o kəsə ki, əxlaqı pis, üzü çirkindir. Tək qalmaq pis yoldaşla oturub-durmaqdan yaxşıdır. Sənin ona etdiyin pisliyinə göz yuman kəs sənə qardaşlıq edib. Səninlə düşmənçilik etməyən kəs səni dost tutub.
◘Paxıllığının şərinə görə vay olsun paxıla! Allah uşağı himayə edənin ruzisini yetirər. Vay o kəsə ki, azad insanlara zülm edir. Hər kəsin qəmi onun himməti qədərdir. Heyhat, düşmənin nəsihətindən!
◘Xoşbəxtin səy və himməti axirət üçündür, bədbəxtin səy və himməti isə dünya üçün. Özünübəyənmək insanı xarab edər. Özündən (yəni həvayi-nəfsin istəklərindən və günah arzulardan ) qaçmaq aslandan qaçmaqdan daha faydalıdır. Həris elə həlak olub ki, ondan xəbər də yoxdur. Malik olduğun hər şeyi gətir ki, tanınasan. Hər kəsin qiyməti onun himmətinə bağlıdır. Müqəddər olunan şeylər gəlib çatacaq. Sözgəzdirən bir neçə aylıq fitnəni bir saatın içində bərpa edər. Sədəqə ruzini artırar. Sən ruzi dalınca qaçdığın kimi o da sənin dalınca qaçır.
◘Xətər baş verən zaman qorxağın ürəyi aram olar. Səbr edən öz muradına çatar. Doğruçuluqla insan böyüklərin dərəcəsinə çatar. Öz qəbiləsinə yaxşılıq etməsi nəticəsində onların mehtəri olar. Ümidsizlik can rahatlığıdır. Səadət sahibləri ilə yoldaşlıq etmək tərəqqiyə səbəb olar.
Həzrət Əlinin (ə) başqa növ kəlamları
◘Helm elə bir dostdur ki, heç vaxt səhv etməz. Qənaət elə bir qılıncdır ki, küt olmaz. Çətin gündən ötrü ən yaxşı ehtiyat səbirdir. Hər kəs səbri özünün yavəri etsə heç bir hadisədən qorxusu olmaz.
◘Mömin dünyada düzdanışan və oyaq qəlblidir. (İlahi) hədlərə riayət edər. O, elm sandığıdır. Onun əqli kamil, qəlbi səlim, helmi sabitdir. Əli açıq və bağışlayandır. Evinin qapısını ehsan etməkdən ötrü açıq qoyar. Dodaqlarındakı təbəssüm çox, daxilindəki qəm-qüssəsi isə həmişəlikdir. Mütəfəkkir (dərindən fikirləşən), az yatan, az gülən və xoş təbiətlidir. Tamahını öldürmüş, nəfsani istəklərini aradan aparmışdır. Dünyaya meyilsiz, axirətə isə meyillidir. Qonaqpərvər və yetimlərə nəvaziş edəndir. Kiçiklərlə mehribanlıq, böyüklərlə ehtiramla davranar. Dilənçini əliboş qaytarmaz. Xəstələrə baş çəkər, dəfndə iştirak edər. Quranın hörmətini saxlayar. Allahla raz-niyaz (gizlində yalvarıb-yaxarma) edər, öz günahlarına ağlayar. Əmr be məruf və nəhy əz münkər edər. Acımayınca yeməz, susamayınca içməz. Ədəblə hərəkət edər. Sözünü ciddiyyətlə deyər. Xoşluq və mehribanlıqla nəsihət edər. Allahdan başqasından əsla qorxmaz, Ondan başqasına ümidvar olmaz. Allaha həmd və səna etməkdən başqa ödəyəcəyi borcu yoxdur. Namazda əsla süst olmaz. Təkəbbürlü deyil, var-dövlətə meyli yoxdur. Başı öz eyiblərinə elə qarışıb ki, başqalarının eyiblərinə heç fikir vermir. Gözünün nuru namaz, peşəsi oruc, adəti doğruçuluq, bərəkətinin əsası isə şükürdür. Onun rəhbəri əql, azuqəsi təqvadır. Dünya onun dükanı, qəbr isə mənzilidir. Sərmayəsi gecə-gündüz (yəni ömrü), pənahgahı isə behiştdir. Quran onun üns tutduğu dostu, Məhəmməd (s) günahlarının şəfaətçisi, Allah isə onun qəlb dostudur.
Müəllif: Ayətullah Meşkini
Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)