Xəstəliyin dörd təsiri...
Həzrət Peyğəmbər (s) buyurur: Xəstə öz xəstəliyindən dörd səmərə görər: Üzərindən vəzifə götürülər, Allah mələklərə əmr edər ki, sağlamlıq vaxtı etdiyi işləri yazsınlar, günaha yol verib xəstələnmiş əzanın günahları silinər, xəstə ölsə bağışlanar, sağ qalsa günahları pozular.
Saçlara qulluq...
"Məkarimul-Əxlaq” kitabında yazılır ki, həzrət Peyğəmbər (s) güzgüyə baxıb saçını darayar, güzgü olmayanda suya baxıb bu işi görərdi. O təkcə ailəsi yox, səhabələri üçün də zinətlənərdi. Həzrət (s) buyurur: Allah istəyir ki, onun bəndəsi din qardaşı ilə görüş üçün evdən çıxanda zinətlənsin.
Nəql olunur ki, həzrət Peyğəmbər (s) saçını və saqqalını sidrlə yuyardı. Həzrət Əli (ə) buyurur: Peyğəmbər (s) daim saçını darayar, su ilə onu səliqəyə salardı. Buyurardı ki, saçı ətirləndirmək üçün su bəs edər.
Yatan zaman sürmə...
İmam Sadiq (ə) buyurur: Peyğəmbər (s) yatan zaman gözlərinə sürmə (sürmeyi-səng) çəkirdi. Yatmazdan öncə dörd dəfə sağ, üç dəfə sol gözünə sürmə vurardı. Başqa bir hədisdə deyilir ki, Peyğəmbərin (s) xüsusi sürmə qabı var idi. Hər gecə gözünə bu sürmədən vurardı. "Sunənun-Nəbiyy” kitabının müəllifi yazır ki, Peyğəmbərin (s) gözünə neçə dəfə sürmə çəkməsi barədə fərqli xəbərlər var. Buna görə də bu işin sayı yox, özü sünnə sayılmalıdır.
Kitabın adı: Tibbur-Rəsul (Peyğəmbər təbabəti)