Cənab Şeyxin bariz xüsusiyyətlərindən biri də həzrət Vəliyyi-əsr İmam Zaman (ə)-a qarşı dərin məhəbbət bəsləməsi və o Həzrətin (ə) zühurunun gerçəkləşməsini gözləməsi idi. O, buyurur:
Camaatın əksəriyyəti deyirlər ki, biz imam Zamanı (ə.c) özümüzdən artıq sevirik. Halbuki, belə deyildir. Çünki, əgər onu özlərindən artıq sevsəydilər, özləri xatirinə deyil, onun xatirinə iş görərdilər. Hamınız dua edin ki, Allah-taala o Həzrətin zühuru qarşısında olan maneələri aradan qaldırsın və bizim qəlbimizi o həzrətin mübarək qəlbi ilə bir etsin!
Şeyxin mühüm istəkləri
Şeyxin dostlarından biri belə nəql edir: Onun hüzurunda olduğum illərdə hiss etmişdim ki, onun həzrət İmam Zaman əleyhissəlamın zühurunun gerçəkləşməsindən mühüm bir istəyi yoxdur. O, həmişə dostlarına xatırladardı ki, mümkün olsa həzrət İmamın zühurunun tezləşməsindən başqa Allahdan heç bir şey istəməsinlər. Şeyxdə intizar haləti o qədər güclü idi ki, əgər bir kəs həzrət imam Zaman əleyhissəlamın zühurundan söhbət etsəydi, halı dəyişilər və ağlamağa başlayardı.
Qarışqanın öz məşuquna çatmaq yolunda göstərdiyi səy
Cənab Şeyxin tə᾽kid etdiyi mühüm məsələlərdən biri də həzrət imam Zaman əleyhissəlamın zühurunun intizarını çəkən şəxslərin bu işə ruhən hazır olmaları idi. O, deyirdi ki, hətta insanın ömrü o Həzrətin (ə) zühurunu görməyə kifayət etməsə belə, bu fəaliyyətləri dayandırmamalıdır. Burada həzrət Davud əleyhissəlamdan nəql olunmuş bir hekayəni xatırladıb buyurdu:
O həzrət (ə) səhradan keçərkən görür ki, bir qarışqa dayanmadan təpədəki torpaqları götürüb başqa bir yerə tökür. Davud peyğəmbər Allahdan onun üçün bu işin sirrini açmasını istəyir. Qarışqa dilə gəlib deyir ki, mənim bir mə᾽şuqum vardır. Mənim ona qovuşmağımın yeganə şərti o təpənin torpaqlarının hamısını buraya daşımağımdır!
Həzrət Davud (ə) buyurur: Sən bu kiçik cüssənlə bu təpənin torpağını necə daşıyıb qurtaracaqsan? Sənin ömrün buna kifayət edəcəkmi?!
Qarışqa deyir: Bunların hamısını bilirəm, amma əgər bu yolda ölsəm, məhbubumun yolunda canımı qurban etdiyim üçün özümü xoşbəxt sanaram!
Burada həzrət Davud (ə) başa düşür ki, bu məsələ onun üçün bir ibrət dərsdir.
Cənab Şeyx həmişə israr edib buyururdu: Bütün varlığınla həzrət İmam Zaman əleyhissəlamın zühurunun intizarında ol və intizar halətini Allahın istəyi ilə əlaqələndir.
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri