Allah üçün olan işin dəyəri
Şeyxin dostlarından biri onun belə buyurduğunu nəql edir:
Gecələr Tehranın cümə məscidində oturub camaatın «Həmd» surəsinin oxunuş və tələffüzünün düzəlişinə fikir verirdik. Bir gecə iki uşaq bir-biri ilə savaşdı, onlardan biri döyülməmək üçün mənim yanımda oturdu. Mən də fürsətdən istifadə edərək ondan «Həmd» surəsini soruşdum. Həmin gecə yalnız o uşağın qiraəti ilə məşğul oldum. Sonrakı gecə bir dərviş mənim yanıma gəlib dedi: Mən iksir, simya, himya, limya elmlərini bilirəm və onların hamısını sənə verməyə razıyam, bu şərtlə ki, dünənki işinin savabını mənə verəsən.
Ona belə cavab verdim: Xeyr! Əgər bu elmlər sənə faydalı olsaydı, heç vaxt mənə verməzdin.
Şəriətlə uyğun olmayan riyazətlə müxalifət
Cənab Şeyx inanırdı ki, əgər bir şəxs doğrudan da islamın nurani hökmlərinə əməl etsə, bütün mə᾽nəvi məqamlara və kamallara nail olacaqdır. O, Peyğəmbər (s) sünnəsi və Əhli-beyt (ə) məktəbiinin əksinə olan riyazətlərlə kəskin müxalifət edirdi. Onun müridlərindən biri belə nəql edir: Bir müddət riyazətlə məşğul oldum, seyyid övladı olan həyat yoldaşımdan ayrılıb bir otaqda zikr deməyə başladım. Gecələr də həmişə ayrı yatırdım. Dörd-beş aydan sonra dostlarımdan biri məni Şeyxin görüşünə apardı. Qapını döyüb içəri girdim, Şeyx məni görən kimi buyurdu: İstəyirsənmi deyim...?!
Başımı aşağı saldım, Şeyx sanki bir anda bütün səhvlərimi mənə xatırlatdı. Bu nə rəftardır ki, həyat yoldaşınla edirsən? Nə üçün onu tərk etmisən?...
Bu riyazət və zikrləri kənara qoy! Bir qutu şirni alıb əhli-əyalının yanına get. Namazı vaxtında və adi qaydada olan tə᾽qibatlarla yerinə yetir.
Daha sonra Şeyx bu hədisi tə᾽kid etdi ki, «əgər bir şəxs qırx gün əməllərini Allaha görə xalis etsə, hikmət çeşmələri qəlbində cuşə gələr.»
Şeyx bu hədisə işarə edərək buyurdu: Bu hədisə əsasən, əgər bir şəxs qırx gün müddətində öz dini vəzifələrinə əməl etsə, şübhəsiz, xüsusi nuranilik tapacaqdır.
O şəxs Şeyxin tövsiyələrinə əsasən, riyazəti tərk etdi və adi həyatına qayıtdı.
Xumsunun hesabını et!
Doktor Həmid Fərzarəm özünün Şeyxlə necə tanış olmasını belə xatırlayır: 1333-cü Şəmsi ilin ortalarında (1968) mənim əziz dostum və həmkarım mərhum doktor Əbdül Əli məni Cənab Şeyxin yanına apardı. Bir-iki saat onun hüzurunda oturduq. Mənə yol göstərmək və həqiqətləri başa salmaq üçün mərhəmətli nəzərlərlə hər sahədən bir şey danışırdı. Qəlbimdə ona qarşı son dərəcə məhəbbət hissi yaranmışdı. Zahirən həmin gün «Ya Əlimu, ya Rəşid, səlli əla Muhəmmədin və alihi əcməin» zikrini birlikdə mənə təlqin etdilər. Onun hüzurundan getdikdən sonra doktor Əbdül Əli mənə təbrik dedi və bildirdi ki, cənab Şeyx sizi öz hüzuruna qəbul etdi. Allaha şükr olsun, mən çoxlarını onun hüzuruna aparmışam, o hətta onlarla bir kəlmə olsun danışmayıb. Soruşdum. Bunun mə᾽nası nədir?
Doktor dedi: «Allaha şükr olsun ki, o səni qabiliyyətli və iste᾽dadlı gördü. Mən də buna görə Allaha şükr etdim».
Şeyxin şagirdlərindən biri onun ibadətdə necə ciddi olduğunu belə bəyan edir: Şeyx şəriət, təriqət və həqiqəti bir-biri ilə eyni bilirdi. Dərvişlər kimi deyildi və şəriəti boşlamırdı. Onun mənə dediyi ilk söz bu idi: Get xumsunun hesabını et.
Sonra məni mərhum Ayətullah Əhməd Aştiyaninin yanına göndərib dedi: Sən onun hüzuruna getməlisən.
O necə də böyük şəxsiyyət idi! Doğrudan da Allahın ayəti və nişanəsi idi. Mən ondan nə qədər mə᾽nəvi qida aldım! Ondan necə böyük işlər gördüm! Onun hüzuruna gedib öz kiçik evimin xumsunu hesablayıb ödədim.
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri