Hüzn və qoxunun əhəmiyyət və rolu
Peyğəmbərin (s) nəsihətinin bu bölümü, qorxu və hüznlə əlaqədardır. Bu bölümün əvvəlki bəhslərlə əlaqəsində nəzərəçarpacaq cəhət ondadır ki, insan ömrünü həqiqi təkamül olan Allaha bəndəçilik yolunda sərf etməyi qərara alandan sonra bu yolda müvəffəqiyyətli hərəkəti üçün bir sıra vasitə və təcrübələrə ehtiyac duyur.
İnsanda iradə və qətiyyətin yaranması üçün xüsusi şəraitin və başlanğıcın mövcudluğu zəruridir (Emosiya və məhəbbət kimi, insan nəfsində təsəvvür, təsdiq və nəfsani halların mövcudluğu, onda iradəyə zəminə yaradır). Deməli, əgər həmin müqəddimələr hazır olarsa və ya hazır olmamışdan öncə onlardan düzgün istifadə olunarsa, insanın təkamülü yolundakı hərəkəti üçün münasib zəmin hazırlanmış hesab olunur.
Çox vaxt insan bir şeyi istəyir, lakin yalnız bu istəmək onda iradə hasil etmir. Lakin hərdən onda yaranmış bəzi hallar, onu qətiyyətli addım atmağa, hərəkətə vadar edir. Həqiqətdə, həmin hallar insan üçün dəyərli fürsətlər vücuda gətirir.
Hüznlə qorxu və günahdan uzaqlaşmaq
İnsanı hərəkətə vadar edən və günahdan uzaqlaşmasına güclü təkan verən nəfsani hallardan biri də, qorxu və hüzndür. Bu iki hal insanın özünə gəlməsi, vaxtı qənimət bilməsi, mənasız və bihudə işlərdən çəkinməsinə layiqincə kömək göstərir. Əlbəttə, hər bir qorxu və hüzn bəyənilən deyil və insanda canlanmaya, hərəkətə səbəb olmur. İnsanın qəm-qüssəyə mübtəla olması və tərkidünyalığına səbəb olan hüzn qəbuledilməzdir. Belə hüzn nə ibadət və nə də iş üçün hal yaradır. Həmçinin, insanı ümidsizliyə gətirib çıxaran hüzn də rədd edilir. Hüzn və xofun bəzi halları nəinki insanı Allah yoluna vadar etmir, üstəlik onun yolunda maneəyə çevrilir. Misal üçün, dünya ilə bağlı yaranan hüznlər kimi. Bir miqdar pulunu itirir, ondan sonra elə hey deyinir, qüssələnir və daim narahatçılıq hissi keçirir ki, niyə o pul itdi; hətta namazda da itirdiyi pulu fikirləşir. Və ya dünyadakı vəzifəsini, maşınını itirə biləcəyi, onu işdən çıxaracaqları qorxusu vücudunu başdan ayağa bürüyür. Bu cür xof və hüznlər insanın Allaha tərəf hərəkət etməsinə maneçilik törədir.
Əlbəttə, bəzən dünya üçün yaranmış hüzn Allahla bağlı olur. Məsələn, insan ona üz vermiş dünyəvi bəlanı İlahi tərəfindən nazil olmuş bəla kimi qiymətləndirir. Təbiidir ki, bu cür xof və hüzn onun hərəkəti üçün başlanğıc olur. Ya da əlindən çıxmış nemətə görə qəmgin olduqdan sonra ayılaraq, dünyaya bel bağlamamağın zəruriliyini dərk edir.
Deməli, dünyəvi nemətin əldən çıxması və ya hansısa bəlaya düçar olmaq, bilavasitə insanı mənəvi təkamül səmtinə tərəf hərəkətə vadar edə bilər. Allah-təala Qur´ani-kərimdə buyurur:
«Biz xalqa peyğəmbərlər göndərəndə, onları çətinliklərə və sıxıntılara mübtəla edirik. Biz heç bir şəhərə, həmin şəhərin xalqını çətinliklərə mə´ruz qoymadan peyğəmbər göndərmədik, o vaxta qədər ki, tövbə edib Allah dərgahından bağışlanmaq dilədilər»(«Əraf« surəsi, ayə 94.).
Başqa bir ayədə belə buyurur: «Və biz səndən əvvəl də camaata peyğəmbərlər göndərdik (Allahın rəhmətinə layiq olmaları üçün). Allah dərgahında ağlayıb sızlasınlar deyə, onları bəla və müsibətlərə giriftar etdik»(«Ənam» surəsi, ayə 42.).
Allahın öz bəndələrini çətinliklərə mübtəla etməsi, onlara olan lütfü ilə əlaqədardır. Bununla Allah öz bəndələrini qəflət yuxusundan ayıldıb, haqqı qəbul etmək üçün daha artıq hazırlıqlı olmalarına kömək edir. Çünki nə qədər ki, insan dünya ləzzətlərindən sərxoş olub keyf sürməkdədir, haqqı və axirətlə bağlı şeyləri qəbul etməyə hazır olmur.
Kitabın adı: Axirət azuqəsi
Müəllif: Doktor Misbah Yəzdi