Allahla yaxınlığın mənfi və müsbət fəaliyyətlərdən asılığı
İnsan təkamül yolunu öz iradəsi ilə seçməli olduğunu, bu yolda çalışmağın zəruriliyini, insanın əsas yaranış məqsədinin və ən yüksək kamilliyin Allaha yaxınlıq olduğunu dərk etdikdən sonra bu məqsədə aparan yolu tanımağa və hərəkət üçün proqram hazırlamağa məcburdur. Uyğun proqram iki əsas hissədən ibarətdir: görülməsi zəruri olan fəaliyyətlər və tərk ediləsi fəaliyyətlər. İnsan zəruri vəzifələrini yerinə yetirməklə inkişaf edir. Eləcə də, bir sıra işlərin tərk olunması zəruridir. İnsan mənfi işləri tərk etməsə, müsbət işləri yerinə yetirə bilməz. Buna görə də insan öncədən müəyyənləşdirməlidir ki, hansı işləri yerinə yetirməli, hansı işləri tərk etməlidir.
Yerinə yetirilməli və tərk olunası işlər haqqında fiqh və əxlaq kitablarında ətraflı şəkildə danışılmışdır. İnsan hər hansı yüngül bir işi görməklə ağır işləri görməyə hazırlaşır. Eləcə də, bə’zi işlərin tərk olunması insana vacib vəzifələri yerinə yetirməkdə yardımçı olur.
Tərbiyədə mühüm olan və tərbiyəçidən öyrənilən işlərdən biri insanı çətin işlərə hazırlayan nisbətən rahat işlərin müəyyənləşməsidir. Tərbiyəçinin ən böyük işi insan üçün ilk addımda gücü çatan işləri tə’yin etməkdir. Haradan başlamaq olduqca mühüm bir məsələdir. Əgər insan bir işin əhəmiyyətini dərk etmişdirsə, bu o demək deyil ki, həmin işi yerinə yetirməyə də gücü var. Hamı bilir ki, gecə min rəkət namaz qılmağın böyük savabı var. Amma bu hər adamın işi deyil. Bunun üçün nə vaxtımız, nə də gücümüz var. Hamımız bilirik ki, daim Allahı xatırlamaq misilsiz bir xüsusiyyətdir. Amma belə bir hal hamıya müyəssər deyil.
Əgər insanın həyatda düzgün bir proqramı olsa və hərəkətə münasib bir nöqtədən başlasa, zaman ötdükcə çətin işlərin yerinə yetirilməsi asan olar. Kiçik günahları tərk etməyə başlayan insan böyük günahları da tərk etməyə müvəffəq olur.
Kitabın adı: Dost diyarının yolçuları
Müəllif: Doktor Misbah Yəzdi