Qurani-Kərimdə Allah-Təala dəfələrlə insanları yer üzünü seyr etməyə dəvət etmişdir.
قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ بَدَأَ الْخَلْقَ ثُمَّ اللَّهُ يُنشِئُ النَّشْأَةَ الْآخِرَةَ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
De: "Yer üzündə gəzib dolanın və görün ki, Allah yaratmağa necə başlayıb, sonra sonuncu yaradılışı da yaradacaqdır. Həqiqətən Allah hər şeyə qadirdir. " (Ənkəbut surəsi, ayə 20)
Təbii ki, səfərə çıxmağın yaxşı və pis adamların həyat tərzində olan xüsusiyyətlərindən faydalanmaq, böyük Yaradanın yer üzündəki nişanələrini görüb yaranış haqqında düşünmək və bir çox başqa faydaları vardır. Xüsusilə, övliyaları ziyarət etmək kimi müqəddəs bir məqsədlə səfərə çıxmaq daha çox əhəmiyyət kəsb edir. Lakin səfərə çıxmağın faydası olduğu kimi məhrumiyyətləri də vardır. Odur ki, insan daimi rahatlığı olan evindən ayrılıb adət etmədiyi mühitə düşərkən evdəki rahatlığı gözləməməli, yeni tanış olduğu adamlarla xoş rəftar etməyi bacarmalıdır. Bu həm də insana özünü tanımağa kömək edir və insanın nə qədər təvazökar və ya lovğa, səbrli və ya dözümsüz olduğunu göstərir. Bəlkə də tək səfərə çıxmağın dinimizdə xoşagəlməz hesab olunması bu və ya digər xüsusiyyətləri düzgün formalaşdırmaq məqsədini daşıyır. Bu məsələləri əsas tutaraq səfərə çıxmağın qaydaları barədə məlumat veririk.
İmam Muhəmməd Baqir (ə) imam Səccaddan (ə), o da Allah Rəsulundan (s) nəql edərək buyurur: Peyğəmbər (s) səfərə çıxan möminləri yola salaraq vidalaşan zaman bu duanı oxuyardı:
زَوَّدَكُمُ اللهُ التَّقْوي وَ وَجَّهَكُمُ خَيْرَا وَقَضَي لَكُمْ كُلَّ حَاجَةٍ وَسَلَّمَ لَكُمْ ديِنَكُمْ وَ دُنْيَاكُمْ وَرَدَّكُمْ سَالِمينَ
"Allah sizə təqva azuqəsi versin, xeyirlə qarşılaşasınız, hacətinizi əta etsin, sizin din ilə dünyanızı sağlam saxlasın və sizi sağ-salamat geri qaytarsın."
Kitabın adı: Ziyarətnamələr
Müəllif: Mir Cəfər Eyyubzadə