«Qurani Məcid»dən nümunələr
Bəni-İsrail barədə ayələr:
"Qurani-Kərim”də bəni İsrail barədə buyurulur:
"(Ey İsrail oğulları! Yadınıza gətirin o vaxtı ki) Firon əhli sizə (babalarınıza) ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı (kəniz etmək məqsədilə) sağ buraxdıqları zaman Biz sizi onların əlindən xilas etdik. Bunda (sizdən ötrü) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.”(«Bəqərə»-49).
"(Yadınıza salın ki) Biz sizdən ötrü dənizi yarıb sizə nicat verdik və Fironun adamlarını siz baxa-baxa suda qərq etdik.”(«Bəqərə»-50).
"(Bir daha) xatirinizə gətirin ki, Biz Musaya (Tur dağında vəhy üçün) qırx gecəlik vədə vermişdik. (O, Tur dağına gedəndən) sonra siz buzovu özünüzə (tanrı) qəbul etdiniz və (bu hərəkətlərinizlə-Allahdan başqasına ibadət etməklə-) zalim oldunuz (özünüzə zülm etdiniz). («Bəqərə»-51).
" "Allah kasıbdır, biz isə dövlətliyik!”-deyənlərin sözlərini Allah, əlbəttə, eşitdi. (Ya Mühəmməd!) Biz onların dediklərini və peyğəmbərləri haqsız yerə öldürdüklərini (mələklər vasitəsilə əməl dəftərlərinə) yazacaq və (qiyamət günü) onlara: "Atəşin əzabını dadın!”-deyəcəyik.”(«Ali-İmran»-181).
"Allah (Tövratda) bizə odun yandıracağı bir qurbanı gətirməyincə heç bir peyğəmbərə inanmayaq!”-deyənlərə belə cavab ver!: "Məndən əvvəl də sizə peyğəmbərlər açıq-aşkar möcüzələrlə və dediyinizlə gəlmişdilər. Əgər sözünüz doğrudursa, bəs nə üçün onları öldürdünüz?”(«Ali-İmran»-183).
Sual
Axı yuxarıdakı ayələrdə sadalanan hadisə, qarət, qətl, bəlalar Rəsulullah(s)-ın dövründə yaşayan yəhudilərə deyil, onların ata- babalarına aid olmuşdur.
Cavab:
Peyğəmbər(s)-in müasiri olan yəhudilər öz əcdadlarının əməlləri ilə razılaşdıqlarına görə günahda da onlarla şərikdirlər.
İmam Sadiq(ə) bu barədə buyurur:
""Biz Allah ilə əhd bağlamışıq ki, heç bir peyğəmbərə iman gətirməyəcəyik” deyən yəhudilərlə peyğəmbərləri öldürən yəhudilər arasındakı məsafə beş yüz il zaman məsafəsi olmuşdur. Allah Təala isə gələcəkdəkiləri keçmişdəkilərin günahına görə cəzalandırır, çünki onlar öz ulu babalarının əməlləri ilə razı idilər.”
Səmud qövmü və Salehin dəvəsi barədə ayələr
Yuxarıda qeyd etdiyimiz mətləblə əlaqədar olaraq müqəddəs Kitabımızda nəql olunan əhvalatlardan biri də Səmud qövmü və Saleh peyğəmbərin əhvalatıdır. Allah-təala "Qurani-Kərim”də buyurur:
"Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin ondan başqa heç bir Tanrınız yoxdur...”(«Hud»-61).
Lakin Salehin müxalifləri onun dəvətini qəbul etməyib dedilər:
"...İndi atalarımızın ibadət etdiyinə (bütlərə, tanrılara) ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin (tövhid) üçün şəkk-şübhə içindəyik.” («Hud»-62).
Həzrəti Saleh(ə) qövmünün ona qarşı çıxdığını gördükdə istədi ki, onları möcüzə yolu ilə Allah yoluna dəvət edib bununla da öz həqiqi çağırışını onlara isbat etsin. Buna görə də Peyğəmbər belə dedi:
"Ey camaatım! Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Qoyun Allahın torpağında otlasın, ona bir pislik etməyin, yoxsa şiddətli bir əzaba düçar olarsınız!”(«Hud»-64).
Lakin əfsuslar olsun ki, Saleh peyğəmbər(s)-ın nəsihətləri onlara az da olsa, təsir göstərmədi, əksinə, həzrəti-Salehi gözü götürməyən bir neçə nəfər dəvəni məhv etmək qərarına gəldi, nəhayət, öz çirkin niyyətlərinə nail olub onu öldürdü. "Qurani-Kərim”də bu barədə buyurur:
"Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): "Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi təhdid etdiyin əzabı) gətir görək!”-dedilər.”(«Əraf»-77).
Onlar dəvəni öldürəndən sonra Saleh peyğəmbər(ə) üzünü onlara tutub dedi:
"...”Daha üç gün yurdunuzda yaşayıb kef çəkin. Bu elə bir vəddir ki, yalan çıxmaz.” («Hud»-75).
"Amma onlar (dəvəni) tutub kəsdilər, sonra da (əzab qorxusu ilə) peşman oldular. Artıq əzab onları yaxaladı (hamısı məhv oldu). Halbuki onların əksəriyyəti iman gətirmədi.” («Şuəra»-157,158).
"Qurani-Kərim”də bu əzab barədə bir yerdə belə buyurulur:
"Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular.” («Əraf»-78).
Allah başqa bir yerdə isə buyurur:
"O zülm edənləri qorxunc bir səs bürüdü və evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular)” («Hud» - 67).
Deməli, bir nəfərin etdiyi günaha görə Allah-təala bütöv bir tayfanı təqsirkar bilib onların hamısını zalım adlandıraraq buyurur:
"........Biz Səmud tayfasına açıq-aşkar bir möcüzə olaraq dişi dəvə verdik, lakin onlar ona zülm etdilər (dəvəni tutub kəsdilər)....” («İsra»- 59).
Dəvəni bir nəfərin öldürməsinə baxmayaraq, onun əməlindən razı qaldıqlarına görə başqaları da Allahın əzabına düçar oldular. "Qurani-Kərim”də buyurulur:
"Sanki onlar orada heç yaşamamışdılar. Bilin ki, Səmud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Səmud tayfası (Allahın mərhəmətindən) kənar (uzaq) oldu!” («Hud» - 68).
Beləliklə, Allahın buyurduğu kimi, onların kökü kəsildi:
"Artıq o zalım tayfanın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha!” («Ənam» - 45).
Rəvayətlərdə bu hadisə necə təsvir edilmişdir
Hədislərdə bu mühüm məsələyə çox diqqət yetirilmişdir. Onlardan bir neçəsini nümunə olaraq burada qeyd edirik.
Əmirəlmöminin Əli(ə) xütbələrinin birində Saleh peyğəmbərlə Səmud tayfası arasında baş vermiş əhvalata toxunaraq buyurur:
"Camaat, adamlar arasında birlik yaradan (əqidə və məqsəddə insanları birləşdirən) razılıq və narazılıqdır. Saleh peyğəmbərin(ə) dəvəsini təkcə bir nəfər öldürmüşdü, amma bu əməlin cəzası bütün tayfaya şamil oldu, çünki qohumları da bu işin həyata keçməsinə razılıq vermişdilər. Allah-təala buyurur:
"Onu öldürdülər, lakin bəla nazil olandan sonra peşman oldular”.
Onların şəhəri yumşaq yerə hopan ərimiş dəmir kimi bir dəfəyə guruldayıb yerə çökdü. Bununla da öz xilaf əməllərinin cəzasını çəkdilər.” («Nəhcül-bəlağə», Feyzül İslam, xütbə - 192).
Başqa bir hədisdə Əbdüssəlam ibn Saleh Hərəvi adlı bir nəfər səkkizinci İmam Əli ibn Musa Riza(ə)-dan belə soruşdu:
- İmam Sadiq(ə)-in buyurduğu "Həzrəti-Qaim Mehdi Sahibəzzəman (əccələllahu təala fərcəhuş-şərif) zühur edəndə İmam Hüseyn(ə)-nin qatillərinin övladlarını atalarının bu cinayətinə görə öldürəcəkdir.” - hədisi barədə siz nə deyə bilərsiniz?
Həzrət buyurdu:
- Bu, elə belə də olacaqdır.
Soruşdum:
- Belə isə bəs "Qurani-Kərim”də buyurulduğu «Heç bir günahkar başqasının günahını daşımaz» - ayəsinin mənası nədir?
Buyurdu:
-Allahın buyurduğu kəlamların hamısı düzdür. Amma İmam Hüseyn(ə)-nin qatillərinin övladları öz ata-babalarının cinayətindən razı qalıb onunla fəxr etdiklərinə görə günahda onlarla şərikdirlər, çünki başqasının əməli ilə razı olan şəxs həmin əməli yerinə yetirən insan kimidir. Məğribdə yaşayan biri məşriqdə günahsız yerə öldürülmüş şəxsin qətlinə razılıq verərsə, Allah dərgahında bu cinayətdə qatillə birgə o da şərikdir. Həzrəti-Mehdi Sahibəzzəman(ə.c.f.ş) da İmam Hüseyn(ə)-in qatillərinin övladlarını öz əcdadlarının cinayəti ilə razı olduqlarına görə məhv edəcək.
Başqa bir hədisdə Peyğəmbər(s) buyurur:
"Başqalarının işi ilə razı olan şəxs əməldə onlarla şərikdir.”
"Hər hansı bir hadisənin şahidi olan, lakin ona nifrət bəsləyən orada iştirak etməyən şəxs kimidir, yaxud əksinə, hər hansı bir əməliyyatda olmayıb lakin qəlbən o işə öz razılığını bildirən insan orada iştirak edənlərdən hesab edilər.”
Həzrəti-Əli(ə) bir hədisdə buyurur:
"Hər hansı bir dəstənin gördüyü işlə (günahla) razı olan şəxs o işdə şərik kimidir. İcraçı ikiqat günaha batır (niyyət və əməlinə görə), rizayəti olan isə (niyyətinə görə) bir günaha batır.”
Kitabın adı: İslamda əxlaq
Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani