İzah
Məqsədi onun kamilliyə və əbədi bir məkana çatmasıdır. Səadət yolunu tapmaq üçün dörd şərtə əməl etmək lazım gəlir. Me’rac hədisində qeyd olunmuş uyğun dörd şərtə əməl edənlər üçün Allah behişt qapılarını açır. Həmin dörd şərtdən ikisi zahiri əzalara, dil və qarına aiddir. Növbəti iki şərt isə insanın qəlbi ilə bağlıdır. Onlardan biri qəlbin şeytani vəsvəsələrdən qorunması, digəri isə insanın Allahın nəzərlərini unutmamasıdır. İlk iki şərtə əməl etmək, şübhəsiz ki, son iki şərtə əməl etməkdən daha asandır. Son iki şərtə yalnız ciddi pəhrizlər (riyazət) vasitəsi ilə əməl etmək mümkündür.
Dili çox danışmaqdan, qarını çox yeməkdən qorumaq şeytanla mübarizə yollarındandır. Şeytanın hədəfi təkcə dil və qarın olmasa da, bu iki əza insanın yolunu azmasında daha çox rol oynayır. Qarnını qoruya bilən insan şəhvətlərinə də daha çox nəzarət edə bilir. Dilini qoruyan insan üçün gözünü və qulağını qorumaq da asan olur.
İnsanın agahlığını əlindən alan, onun düşüncəsini kütləşdirən ən əsas amillərdən biri qarınqululuqdur. İnsan dolu qarınla düşüncə qabiliyyətini itirir, mütaliə edə bilmir, namazda diqqəti yayınır. Bu zərərlər artıq təcrübədə sübuta yetmişdir. Həzrət Əlinin (ə) tə’birincə, dolu qarınla ibadətə dayanan insan xalqı aldatmağa çalışan məst insana bənzəyir. Məst olan, düşünə bilməyən insanın fırıldaqları bir anda aşkarlandığı kimi, dolu qarınla ibadət edən insanın da pərəstişinin heç bir dəyəri və e’tibarı yoxdur.
Qarın dolu olduqda insan öz düşüncə qabiliyyətini itirir. Ayağına ağır daş bağlanmış quş havaya qalxa bilmədiyi kimi, dolu qarınlı insanın da ruhu pərvaz edə bilmir. Çox yemək insan ruhunun nurunu və lətifliyini məhv edir. Ruhla bədən arasındakı əlaqə mürəkkəb bir bağlılıq olsa da, dolu qarınla ibadətə dayanan insan öz ruhunun ağırlığını hiss edir.
Kitabın adı: Dost diyarının yolçuları
Müəllif: Ustad Misbah Yəzdi