Ayə və rəvayətlərdə Allahla rabitə mövzusu
Qüdsi hədisin bu bəndinin başlanğıcında Allah-taala tövsiyə olaraq həzrət Musaya və möminlərə xəbərdarlıq edir ki, Allahla rabitəyə münasibətdə ehtiyatlı olsunlar. Əgər bu rabitə qırılarsa insan başqa biri ilə rabitə qura bilməz və ya quracağı rabitə ona əmin-amanlıq gətirməz. Oxşar təbirlərlə Quran ayələrində də rastlaşırıq. Allah öz bəndələrinə tövsiyə edir ki, Allahla rabitələrini möhkəmləndirsinlər. Ayələrdən birində oxuyuruq:
"Hamınız Allahın ipinə sarılın və pərakəndə düşməyin.” ("Ali-İmran”, 103)
Bu ayədə ilahi ip vəhdət və birlik amili kimi tanıtdırılır. Bəzi rəvayətlərdə bu təbir Əmirəl-möminin (ə) və Əhli-beyt (ə) kimi təfsir olunur. İmam Kazimdən (ə) uyğun ayə ilə bağlı belə nəql olunmuşdur:
"Allahın möhkəm ipi Əli ibn Əbu-Talibdir (ə).”(Təfsiri-nurus-səqəleyn”, c. 1, s. 448)
İmam Baqirdən (ə) həmin ayə haqqında soruşularkən buyurmuşdur:
"Bizik Allahın möhkəm ipi.”(Həmin mənbə, s. 449)
Bəzi ayələrdə Allahla rabitə vasitəsi "ürvə”, yəni tutacaq kimi təbir olunur. Allah buyurur:
"Dində heç bir məcburiyyət yoxdur. Doğru yol əyri yoldan aşkar seçildi. Hər kəs tağutu inkar edib Allaha iman gətirsə, şübhəsiz, möhkəm dəstəkdən yapışmışdır və o qırılası deyil. Allah eşidən və biləndir.” (Bəqərə”, 256)
Bu ayədə "ürvətul-vüsqa” ifadəsi rəvayətlərə əsasən iman, Quran, Əhli-beyt (ə) vilayəti mənasında təfsir olunur. İmam Baqir (ə) uyğun təbirlə bağlı buyurur:
"Ürvətül-vüsqa” Əhli-beyt (ə) sevgisidir.”(Təfsiri-nurus-səqəleyn”, c. 1, s. 317)
İmam Sadiq (ə) həmin ayənin təfsiri ilə bağlı buyurur ki, nəzərdə tutulan bir olan və şəriksiz Allaha imandır.
İmam Riza (ə) buyurur:
"İmam Hüseynin (ə) nəslindən olan imamlara itaət edən Allaha itaət etmişdir. Onlara müxalif olan Allaha müxalif çıxmışdır. Onlar möhkəm tutacaq və Allaha doğru bir vasitədir.”(Həmin mənbə, s. 138)
Həzrət Quran haqqında buyurur:
"Quran Allahın möhkəm ipidir, Onun möhkəm tutacağıdır.”
Kitabın adı: İlahi nəsihətlər
Müəllif: Ustad Misbah Yəzdi