Araşdırma üçün "Muridin” münacatını seçməkdə məqsəd!
Fikrimcə təhlil etmək üçün imamlardan nəql olunmuş minacatlar arasında "Şəbaniyyə” minacatının maarifinə daha yaxın olan minacat seçilməlidir. Beləliklə, "Muridin” minacatının daha məqsədəuyğun olduğunu gördüm. Heç şübhəsiz ki, bizim vəzifələrimizdən biri Allahın istədiyi tərzdə mərifətə yiyələnib, Allaha qovuşmaq yolunu tapmaqdır. Bu minacat Allahın istədiyi kimidir. Onun başlanğıc cümləsi "Şəbaniyyə” minacatında bir başqa formada bəyan olunmuşdur. Elə buna görə də "Şəbaniyyə” minacatının şərhindən sonra zikr olundu. Bu minacatda Allaha çatmaq üçün ən yaxın yolun ardıncayıq. Allah hər kəsi hidayət edərsə, o yolu tapar, məqsədə çatar və bütün şübhələrdən uzaqlaşar. Lakin əgər Allahın hidayəti olmasa, insan hər nə qədər çalışsa da düzgün yolu tapa bilməz və azğınlığa düçar olar.
Beləliklə, bu minacatın başlanğıcında ərz edirik: "Allahın yol göstərmədiyi şəxsin yolu necə də dar, qapalı, dərə-təpəlidir. Eyni zamanda Allahın hidayət etdiyi şəxsin yolu necə də aşkardır.” Belə bir insan haqqı batildən ayırarkən heç zaman şübhələrə düçar olmur. Hidayət olmuş belə bir insan üçün həqiqət günəş kimi işıqlıdır. Onun üçün bu yolda heç bir dolambac və dərə-təpə yoxdur. Əgər bu yolda bəzi dolambaclar olsa da, onun məqsədə çatmasına zərər yetirə bilməz. Çünki çox dəyərli yolda insan bəzi çətinliklərlə qarşılaşır. Bu çətinliklər azmaq və gic olmaqdan çox fərqlənir. Çünki azmış şəxs hara ilə gedəcəyini bilmir və bir çox hallarda batil yolda olarkən haqq yolda olduğunu güman edir. Bu barədə Qurani-kərimdə buyurulur: "De ki: Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər ki, dünya həyatında əməllər edir, lakin azğınlığa gedir. Halbuki yaxşı işlər gördüklərini zənn edirlər.”
Bu insanlar cahilliyə düçar olmuşlar. Bu şəxslər düzgün yolu tapmağa acizdirlər. Bəzən bir şeyin, bəzən isə başqa bir şeyin ardınca gedirlər. Bəzən bir çağırışa, bəzən isə başqa bir çağırışa tabe olurlar. Çünki onlarda ilahi nur yoxdur. Qurani-kərimdə buyurulur: "Allahın bir nur vermədiyi şəxsin nuru yoxdur.” Əlbəttə, Allah heç kəsə zülm etmir. İnsanın cahilliyə, acizliyə, azğınlığa düçar olması onun agahcasına və bilərəkdən etdiyi bəzi əməllərinin cəzasıdır.
"İlahi fəsluk bina subuləl-vusuli iləykə və səyyirna fi əqrəbit-turuqi lil-vufidi ələykə. Qərrib ələynəl-bəidə və səhhil ələynəl-əsirəş-şədidə və əlhiqnə bi ibadikəl-ləzinə hum bil-bidari iləykə yusariunə və babəkə ələd-dəvami yətruqunə və iyyakə fil-ləyli vən-nəhari yəbudunə və hum min həybətikə muşfiqun”
"İlahi, Sənə qovuşduracaq yolları adlamaq üçün bizə tövfiq əta et. Bizi öz qonaqlığına çatmaq üçün ən yaxın yolda qərarlaşdır. Uzaq yolları bizim üçün yaxın, çətin yolları bizim üçün asan et; İlahi, bizi Sənə yaxınlaşmaqda qabaqcıl olan, önə keçən, daim qapını döyən, gecə-gündüz Sənə ibadət edən, Sənin heybət və əzəmətindən qorxan şəxslərə qovuşdur.”