Rahiblik və guşənişinliyin səbəbi
Tarixi məlumatlara, eləcə də ayə və rəvayətlərə əsasən həzrət İsanın səhabələri və yaxınları rahiblik yolunu tutmuşdular. Onlar guşənişinliyi bir dəyər sayır və imkan həddində cəmiyyətdən uzaqlaşmağa çalışırdılar. Səhabələr şəhərdən uzaqlaşıb biyabanlarda, mağaralarda ibadətə məşğul olurdular. Qurani-kərimdə məsihilərin rahibliyə meyli haqqında buyurulur: "Özbaşına seçdikləri tərkidünyalıq yolunu onlar üçün biz müəyyənləşdirməmişdik. Bunu Allah rizasına etsələr də, layiqincə gözləmədilər.”("Hədid”, 27)
Bu gün məsihi dünyası güclü şəkildə dünya həyatına bağlandığından rahibliyə meyl zəifləmişdir. Amma məsihi məmləkətlərinin müəyyən nöqtələrində hələ də rahiblik müşahidə olunur. Rahiblər cəmiyyətdən kənarlaşaraq ömürlərini tənhalıqda keçirirlər. Xaricə səfərlərindən birində bir qrup məsihi ilə görüşdüm. Onlar bildirdilər ki, yaxınlıqda monastrda yaşayan rahiblər daim ibadətə məşğuldurlar və bayıra çıxmırlar. Onlar nə qəzet oxuyur, nə televizora baxır, nə də radioya qulaq asırlar. Demək olar ki, monastrdan kənarda baş verənlərdən xəbərsizdirlər. Məsihi dünyasında rahiblərin monastrda yaşayıb arabir cəmiyyətdə görünməsi adi bir işdir. Rahiblərin öz ömrünün 20-30 ilini monastrda yaşayıb dünyadan xəbərsiz qalması təəccüblü görünür. Təbii ki, onların məqsədi özlərini mömin göstərmək deyil. Əgər rahiblər üçün cəmiyyətin münasibəti əsas olsaydı, arabir bayıra çıxıb özlərini tanıtdırardılar. Belələri sadəcə məsihi ayinlərini yerinə yetirməklə Allaha yaxınlaşmaq məqsədindədirlər. Onların nəzərincə, yalnız rahiblik və dünyadan uzaqlaşmaqla Allaha yaxınlaşmaq mümkündür.
Müsəlmanlar arasında da rahiblik yolunu tutub tərki dünya olanlar var. Onlar guşənişinliyi ictimai rabitələrdən üstün tuturlar. Bəzi çaşqın firqələr və sufilər də düşüncə və əməldə cəmiyyətdən kənarlığa üstünlük vermişlər. Nəticədə ictimai-siyasi vəzifələrə əməl olunmur, müsəlmanlar və İslam düşmənləri qarşısındakı vəzifələr öhdədən atılır. Belələri nəinki düşmənlə mübarizə meydanına daxil olmur, hətta öz yanlış düşüncələri ilə İslamı təhrif edirlər. Onlar öz baxışlarına don geyindirmək üçün bir çox rəvayətləri, xüsusi ilə dünyanın sonu ilə bağlı hədisləri əldə bəhanə tuturlar. Həmin rəvayətlərdə buyurulur ki, son dövrdə aləmi bürüyəcək fəsadlardan amanda qalmaq üçün cəmiyyətdən kənarlaşmaq lazımdır. Məsələn, imam Sadiqdən (ə) belə bir rəvayət nəql olunur: "Evlərinizin döşənəcəyi olun.” (Yəni cəmiyyətə qatılmaqdan çəkinib evlərinizdə qalın).(Biharul-ənvar”, c. 52, bab 22, s. 138, h. 43)
Ətrafla rabitələrin həddi
Görən öncə nəql etdiyimiz rəvayət və bu mövzuda nəql olunmuş bir sıra qüdsi hədislər bütün dövrə aiddir, yoxsa xüsusi şəraitlər üçün nəzərdə tutulmuşdur? Doğrudanmı bütün hallarda möminlər öz əqidə və əxlaqlarını qorumaq üçün kənara çəkilməlidirlər? Doğrudanmı, İslam özünü tərbiyələndirib Allah yolunu tutmaq istəyənlərə cəmiyyətdən uzaqlaşmaq göstərişi vermişdir? Ola bilərmi ki, İslam ictimai rabitələri tövsiyə edərkən saleh insanları günahkarlardan fərqləndirməsin? Günahdan qorunmaq tapşırıldığı halda günahkarla rabitələrin tövsiyə olunması mümkündürmü? Bəlkə İslam həzrət Musanın şəriətində və Əhli-beyt (ə) rəvayətlərində bəyan olunduğu kimi üçüncü bir yolu tövsiyə edir? Bəli, möminləri saleh insanlarla rabitəyə, günahkarlardan çəkinməyə çağıran üçüncü bir yol da var. Yəni saleh olmayanlarla yalnız zəruri həddə və onların hidayəti məqsədi ilə rabitələrə qatılmaq olar. Olsun ki, saleh olmayan fərdlər ətrafdakıların köməyinə ehtiyac duysun. Mömin müsəlman nəinki ehtiyaclılara, hətta savaş məqsədində olmayan kafirlərə əl tuta bilər. Qurani-kərimdə də bu nöqtəyə toxunulmuşdur: "Allah sizi dində sizinlə vuruşmayan, sizi məskənlərinizdən çıxarmayan kəslərə yaxşılıqdan, onlarla ədalətli rəftardan çəkindirmir. Allah ədalətliləri sevir.”(Mumtəhinə”, 8)
Ayədə həzrət Musanın şəriətində və İslamda göstərilən yol təsdiqlənir. Şübhəsiz ki, məsihiliyin başlanğıcında, həzrət İsanın besəti dövründə belə bir yol doğru sayılmışdır. Rahiblik xüsusi və təhlükəli şəraitdə həzrət İsanın ardıclları üçün nəzərdə tutulmuş bir yol idi. Çünki bu zümrə yəhudilər tərəfindən ciddi təzyiqlərə məruz qalır və əzab-əziyyətdən yaxa qurtarmaq üçün cəmiyyətdən uzaqlaşırdılar. Həzrət İsanın ardıcılları müşrik və yəhudi cəmiyyətdən uzaqlaşmağa məcbur idilər. Amma zaman keçdikcə bütün şəraitlərdə uyğun həyat tərzinə üstünlük verildi. Bir qrup məsihi təhlükəli dövr başa çatdıqdan sonra da tərkidünyalıq yolunu seçdi.
Qeyd etdik ki, Allah-taala günahkarlarla münasibətdə rabitələrə hədd qoyulmasını tapşırır. Möminlərə əmr edilir ki, saleh insanlarla yaxınlıq etsinlər. Çünki ətrafdakılarla ünsiyyət insanların əxlaq və əməlinə, hətta etiqadına təsirlidir. Bu əsasla həzrət Peyğəmbər (s) buyurur: "İnsan öz dostunun dinindədir. Hər biriniz kiminlə dost olduğunuza baxın.”("Biharul-ənvar”, c. 74, bab 14, s. 192, h. 12)
Həzrət digər bir məqamda kiminlə dostluğun faydalı olduğunu açıqlayır: "Bir şəxs ki, onunla görüş sizə Allahı xatırlatsın, onun sözləri elminizi artırsın və əməli axirəti yadınıza salsın.”(Biharul-ənvar”, c. 74, bab 13, s. 186, h. 3)Həzrət Peyğəmbər (s) möminlərin məclisi haqqında buyurur: "Nə vaxt behişt bağlarından bir bağ görsəniz bu bağı dolanın ... həmin bağ möminlərin məclisidir.”(Həmin mənbə, s. 188, h. 13)
Bəli, elə bir insanla rabitədə olmaq lazımdır ki, bu rabitə sizin kamilliyiniz və Allaha yaxınlaşmağınız üçün faydalı olsun. İnsanı dünyaya rəğbətləndirən, ona Allahı unutduran, ilahi göstərişləri pozmağa çağıran kəslərlə yaxınlıq yalnız Allahın qəzəbi və əbədi peşmançılıqla sonuclanır. Allah-taala günahkarlarla yoldaşlıq edənlərin acı aqibəti haqqında buyurur: "Bir gün sitəmkar şəxs əllərini dişləyib deyər: "Ey kaş Peyğəmbərlə (s) yol seçəydim. Vay olsun mənə, kaş filankəslə dost olmayaydım. O məni azdırdı, hansı ki öncə Quranı tanımışdım. Şeytan daim insanı alçaldır.”(Fürqan”, 27, 28)
Kitabın adı: İlahi nəsihətlər
Müəllif: Usdad Misbah Yəzdi