Qəbir dostu əməldir
Aydındır ki, qəbirdə hər kəsin dostu,yardımçısı onun əməlləridir. Qur᾽anda və hədislərdə bu həqiqət təsdiq olunmuşdur. O cümlədən, mərhum Şeyx Səduq "Xisal”, "Əmali”, "Məanil-əxbar” kitablarında Qeys ibni Asimdən belə rəvayət edir: "Qeys ibni Asim Bəni-təmimqəbiləsindən bir dəstə ilə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in xidmətinə müşərrəf olur və ərz edir: "Ya Rəsuləllah, bizə elə bir nəsihət ver (moizə et) ki, ondan faydalanaq, axı biz səhralarda köçəri həyat keçiririk. Cənabınızın ziyarətinə az-az nail oluruq.” Həzrətin onlara verdiyi nəsihətlərdən:
"Ey Qeys! Hökmən səninlə dəfn olunacaq bir yaxının (dostun) olmalıdır. O, diridir və öldüyün zaman onunla birgə dəfn olunarsan. Əgər o kərim olsa, səni əziz edəcək; və əgər lə”nətlənmiş olsa, alçaldacaq. Yalnız onunla birgə dirildiləcək, onun barəsində sorğu olunacaqsan. Onu yalnız saleh (yaxşı) qərar ver. Əgər o saleh olarsa, onunla üns yaradarsan; yox, əgər fasid olarsa, yalnız ondan dəhşətlər görərsən. O yaxın (varlıq), sənin əməlindir.”
Qeys bu moizəni elə oradaca şe”rə çevirdi:
Əməllərdən yardımçı seç özünə
Qəbir evində bir əməldir köməyin.
Şəksiz ki, bir zaman çıxacaq üzə
Onun gözəlliyi olsun istəyin.
Baş qatma hər işə, düşün Allahı,
Razılığı əsasıdır əməyin.
Dünyan, axirətin əmələ bağlı,
Bir xoş əməl qalxanı, min kötəyin.
Bəli, bir qonaqdı dünyada insan,
Haqq ayrılıq fərmanıdır fələyin.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb