Nücum (Astronomiya) öyrənmək
Mərhum Seyyid Rəzi «Nəhcül-bəlağə»nin 76-cı xütbəsində belə qeyd edir: Əli (ə.s) xəvariclə müharibəyə gedəndə o həzrətin dostlarından biri gəlib dedi: – Ulduzlar vəziyyəti pis göstərir. Sənin üçün (bu vaxt hərəkət etməyindən) qorxuram. Əgər bu gün hərəkət etsən, öz məqsədinə çataraq düşmənə qələbə çala bilməzsən!
Əli (ə.s) onu tənbih edərək buyurdu: – Yoxsa sən güman edirsən ki, yaxşı və pisi bilirsən və nəticədə camaatı yaxşılıqlara və pisliklərə doğru hidayət edirsən?! Hər kəs bu (puç) təsəvvüründə səni təsdiq etsə, Qur`anı təkzib etmiş olar, istənilən şeylərə çatmaq və xoşagəlməz şeyləri dəf etmək yolunda Mütəal Allahdan kömək istəməkdən ehtiyacsız olar! Yaxşı olar ki, sənin sözünə əməl edənlər Allaha yox, sənə həmd-səna edələr! Çünki, onları yaxşılıqlara və xoşluqlara çatdıran sənsən, onları xəsarətlərdən və ziyanlardan sən amanda saxlamısan! (Sonra camaata üz tutub buyurdu:) Nücumu (belə məqsədlər üçün) öyrənməkdən həzər edin! Onu yalnız quru və dərya yollarında istifadə etmək üçün öyrənin. Çünki bundan qeyri hallarda onun öyrənilməsi insanı kahinliyə tərəf çəkir. Münəccim kahin kimidir, kahin də sehrkar kimidir, sehrkar da kafir kimidir, kafir də cəhənnəm odundadır. (Sonra buyurdu:) Ey insanlar! Allahın adı ilə məqsədə doğru hərəkət edin!
Müəllif: İmam Əli (ə.s)-ın, eləcə də mə`sum Əhli-beyt (ə)-ın sözlərindən mə`lum olur ki, ulduzlar bə`zi hadisələr və fenomenlər üçün əlamətdir, onlar müəyyən hadisələrin baş verməsində heç də müstəqil olaraq tə`sirli deyildirlər. Əlbəttə, onların pis tə`sirlərini sədəqə vermək, dua etmək və Allah dərgahına yalvarmaqla aradan qaldırmaq olar.
Belə ki, İbni Əsbat İmam Sadiq (ə.s)-ın belə buyurduğunu nəql edir: Mən münəccim bir şəxs ilə bir torpaq sahəsində şərik idim. O, torpaq sahəsini bölməyi tə`xirə saldı, öz gümanına əsasən, yaxşı bir saatda xaric oldu və məni pis bir saatda çölə apardı ki, yaxşı pay ona düşsün. Sonra onun gümanı ilə belə bir saatda xaric olduq və yeri böldük. Təsadüfən torpağın yaxşı hissəsi mənə qismət oldu. Münəccim heyrətlə başına vurub deyirdi: – Mən indiyə qədər belə bir gün görməmişəm! Mən münəcciməm, səni pis saatda, özümü isə yaxşı saatda çıxartmışam. İndi görürəm ki, torpağın yaxşı hissəsi sənə qismət oldu! İmam Sadiq (ə.s) ona buyurdu: – İndi sənin üçün bir hədis nəql edim. Atam Rəsuli Əkrəm (s.ə.v.v.)-in belə buyurduğunu rəvayət edir: «Hər kəs Allahın gündüzün pisliklərini ondan uzaqlaşdırmasını istəyirsə, günün əvvəlində fəqirlərə sədəqə versin. Hər kəs Allahın gecə pisliklərini ondan uzaqlaşdırmasını istəyirsə, gecənin əvvəlində sədəqə versin.» Mən evdən çıxmaq istəyəndə sədəqə verdim. Bil ki, mənim bu hədisim sənin münəccimliyindən qat-qat yaxşı və faydalıdır.
Bəli, əgər Allah bir kəsin barəsində müəyyən bir şeyi təqdir edibsə, münəccimin xəbər verməsi və o xətərin özündən dəf etməsi üçün gördüyü tədbirlər ona heç bir fayda və müsbət nəticə verməyəcəkdir. Bu xüsusda Fir`on və Nəmrudun hadisəsini qeyd edirik: Fir`onun xüsusi münəccimləri ona xəbər vermişdilər ki, Bəni-İsraildə dünyaya gələcək bir körpə sənin taxt-tacını məhv edəcəkdir. Fir`on bu təhlükənin qarşısını almaq üçün günahsız körpələrin başını kəsir, cinayətdə ifrata varırdı. Lakin görəsən, kim və hansı düşüncə Allahın qüdrətli tədbirinin qarşısını ala bilər?! Elə oldu ki, ona və`də verilən yeganə düşməni onun öz evində böyüyüb boya-başa çatdı: «Fir`onun əhli-beyti (Asiya) Musanı dəryadan tutdu ki, bu da Fir`onun düşməni və onun qəm-qüssəsinə səbəb oldu.»
Tarixdə bu xüsusda çoxlu qəribə hadisələr qeyd olunmuşdur ki, onların nəql olunması bu kitab ilə uyğun deyildir.
Kitabın adı: Həzrət Əli (ə)-ın qəzavətləri
Müəllif: Ayətullah Məhəmmədtəqi Tustəri