393. Hədiyyə
1784.Hədiyyənin məhəbbət yaranmasında rolu.
6368.Allahın Peyğəmbəri (s): «Bir-birinizə hədiyyə verin ki, qəlbləriniz bir-birinə qarşı məhəbbətli olsun. Bir-birinizə hədiyyə verin. Çünki hədiyyə kin-küdurəti aradan götürür.»
6369.Allahın Peyğəmbəri (s): «Hədiyyə vermək məhəbbət gətirir, qardaşlığı qoruyur, kin və düşmənçiliyi aradan götürür. Bir-birinizə hədiyyə verin ki, bir-birinizi sevəsiniz.»
6370.İmam Əli (ə): «Mənim üçün, müsəlman qardaşıma onun işinə yarayan bir hədiyyə vermək, həmin şeyin mislini sədəqə verməkdən daha xoşdur.»
1785.Dövlət məmurlarına hədiyyə haramdır.
6371.Allahın Peyğəmbəri (s): «Məmurlara verilən bütün hədiyyələr haramdır.»
6372.Əbu Hamid Saidi: «Peyğəmbər (s) Bəni Əsəd qəbiləsindən olan Utbiyyə adlı bir şəxsi zəkat yığmağa məmur etdi. O, zəkat mallarını gətirəndə dedi: Bu sizindir, bu da mənə hədiyyə edilib. Peyğəmbər (s) minbərə çıxdı….. Allaha həmd-sənadan sonra buyurdu: «Necə olur ki, məmuru göndəririk və o gələndə «bu sənindir, bu da mənimdir» deyir. Nə üçün ata-anasının evində oturmur ki, görsün ona yenə də hədiyyə gətirirlər, yoxsa yox? And olsun canım əlində olan Allaha, (həmin məmur) nə götürsə qiyamət günü onu öz çiyinlərində daşıyacaqdır, hətta səs çıxaran dəvə, inək və qoyun olsa belə!»
1786.Müşrikin hədiyyəsini qəbul etmək qadağandır.
6373.Allahın Peyğəmbəri (s): «Biz heç bir müşrikin hədiyyəsini qəbul etmirik.»
6374.İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) müşriklərin bəxşişlərini qəbul etməyi qadağan edib. Onun məqsədi müharibə edən müşriklərin hədiyyəsi idi.»
1787.Hədiyyəni qəbul etməyə təşviq.
6376.Allahın Peyğəmbəri (s): «İnsanın öz qardaşına ehtiramının nişanələrindən biri də, onun hədiyyəsini qəbul etməsi, yanında olan şeydən ona hədiyyə verməsi və ona hədiyyə vermək üçün özünü zəhmətə salmamasıdır.»
6377.»Kənzul-Ummal»: Yoxsul bir qadın Ayişəyə hədiyyə gətirdi. Amma Ayişə ona canı yandığı və yazığı gəldiyi üçün hədiyyəni qəbul etmədi. Allahın Peyğəmbəri (s) ona buyurdu: «Nə üçün onu qəbul etmədin və əvəzində ona hədiyyə vermədin ki, onu təhqir etdiyini fikirləşməsin? Ey Ayişə, təvazökar ol! Çünki Allah təvazökarları sevir və təkəbbürlülərə nifrət edir.»
1788.Hədiyyəni geri almaq.
6378.Allahın Peyğəmbəri (s): «Verdiyi hədiyyəni geri alan, qusduğunu yeyən şəxs kimidir.»
6379.İmam Sadiq (ə) (dilənçiyə vermək üçün sədəqə gətirən və gəlib çatanda onun getmiş olduğunu görən şəxs barədə):–«Gərək onu ehtiyacı olan başqa birisinə versin, malının içinə qaytarmasın.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild