389. Niyyət
1766.Niyyət.
6309.İmam Əli (ə): «Niyyət işin təməlidir.»
6310.İmam Səccad (ə): «Əməl yalnız niyyətlədir.»
6311.İmam Sadiq (ə): «Heç bir bədən, niyyətin güclü olduğu şeyi yerinə yetirməkdə aciz deyil.»
6312.İmam Sadiq (ə): «Cəhənnəm əhli əslində odda ona görə əbədi saxlanılır ki, onların dünyada niyyətləri, onda əbədi qalsalar, Allaha qarşı həmişə itaətsizlik etmək olub. Cənnət əhli də əslində ona görə Cənnətdə əbədi qalır ki, onların da niyyətləri, əgər dünyada qalsalar, əbədi olaraq Allaha itaət etmək olub. Deməli, hər iki dəstənin əbədiliyinin səbəbi onların niyyətləridir. Həzrət sonra «De: Hərə öz qabiliyyətinə görə iş görər» ayəsini oxudu və buyurdu: Yəni, öz niyyəti əsasında.»
6313.İmam Sadiq (ə): «Allah qiyamət günü insanları məhşərə niyyətləri əsasında gətirəcəkdir.»
1767.Niyyətin əməldə rolu.
6314.Allahın Peyğəmbəri (s): «Ey camaat! Əməllər yalnız niyyətlərlədir (niyyətə bağlıdır). Əslində, hər bir kəsə niyyətində olduğu şey çatacaqdır. Buna görə də mühacirəti Allaha və Onun Peyğəmbərinə görə olan şəxs, Allaha və Onun Peyğəmbərinə tərəf hicrət etmişdir. Kimin mühacirət etməkdə məqsədi dünyadan bir şey əldə etmək, yaxud bir qadınla evlənmək olsa, onun hicrəti niyyətini tutub hicrət etdiyi şeyə tərəfdir.»
6315. «Əmali Tusi»: «Həzrət Peyğəmbər (s) Əlini (ə) bir qoşuna başçı təyin edərək müharibəyə göndərən zaman bir nəfər öz qardaşına dedi: Əlinin qoşununda bizimlə birlikdə müharibəyə gəl, bəlkə bir qul, yaxud bir heyvan və ya halımıza yarayan başqa bir şey əldə etdik. Allahın Peyğəmbəri (s) buyurdu: Əməllər yalnız niyyətlərlədir (niyyətlərə bağlıdır) və hər bir kəsə niyyətində olduğu şey çatacaqdır. Buna görə də Allahın yanında olanları əldə etmək üçün vuruşan kəsin mükafatı, şübhəsiz ki, Allahın öhdəsindədir. Amma kim dünya malı əldə etmək və ya dəvənin ayağına bağlanan məxsus kəndir niyyəti ilə vuruşsa, ona niyyəti ilə vuruşduğu şeydən başqa heç nə çatmaz.»
1768.Yaxşı və xeyir niyyətin mükafatı.
6316.Allahın Peyğəmbəri (s): «Biz Mədinədə, keçdiyimiz hər bir dərədə, qalxdığımız hər bir təpədə və qədəm basdığımız hər bir enişdə bizimlə birlikdə olan kəsləri qoymuşuq. Dedilər: Burada olmaya-olmaya necə bizimlədirlər? Buyurdu: Niyyətləri ilə.»
6317.Allahın Peyğəmbəri (s): «Ey Əbuzər! Hətta yerinə yetirməsən belə, yaxşı iş niyyəti et ki, qəflətdə olanlardan yazılmayasan.»
6318.İmam Əli (ə): «Yaxşı niyyətin özü bir növ əməldir.»
6319.İmam Əli (ə) (qardaşının da, Cəməl müharibəsində iştirak edib Allahın Öz düşmənlərinə qalib gəlməsinin şahidi olmasını arzulayan kişiyə): «Qardaşının ürəyi bizimlədir?» Dedi: «Bəli.» Həzrət buyurdu: «Onda, o bizimlə olub. Həqiqətən, bizim bu qoşunumuzda, hələ atalarının belləri və analarının bətnlərində olan kəslər var. Zəmanə tezliklə onları varlıq aləminə gətirər və iman (cəbhəsi) onların vücudu ilə güclənər.»
6320.İmam Əli (ə): «Allahın hər bir kəsə bəxşişi, (onun) niyyəti qədərincədir.»
6321.İmam Baqir (ə): «Allah birindən xoş məram görsə, onu öz pənahında saxlayar.»
1769.Möminin niyyəti onun əməlindən daha yaxşıdır.
6322.Allahın Peyğəmbəri (s): «Möminin niyyəti onun əməlindən yaxşıdır. Kafirin niyyəti isə onun əməlindən pisdir. İş görən hər bir kəs öz niyyətinə uyğun iş görür.»
6323.Allahın Peyğəmbəri (s): «Möminin niyyəti onun əməlindən yetərlidir. Günahkarın (kafirin) niyyəti də belədir.»
6324.İmam Baqir (ə): «Möminin niyyəti onun əməlindən üstündür. Çünki o bə‘zən xeyir işlər görməyi niyyət edir, amma onları yerinə yetirməyə nail ola bilmir. Eləcə də kafirin niyyəti onun əməlindən pisdir. Çünki kafir başında pis niyyətlər dolandırır və pisliklərini gerçəkləşdirməyə ümid bəsləyir. Amma onları yerinə yetirməyə imkan tapmır.»
6325.İmam Sadiq (ə) (möminin niyyətinin onun əməlindən üstün olmasının səbəbi barədə sualın cavabında):–«Çünki ola bilər ki, bə‘zən əməl insanın riyakarlıq etməsi və özünü yaradılmışlara göstərməsi üçün yerinə yetirilsin. Niyyət isə, xalis şəkildə aləmlərin Rəbbinə məxsusdur. Buna görə də Allah-taala niyyətə görə əməl üçün vermədiyi bəxşişləri əta edir.»
1770.Bütün işlərdə niyyət etməyə təşviq.
6326.Allahın Peyğəmbəri (s): «Ey Əbuzər! Bütün işlərdə, hətta yatmaq və yemək yeməkdə də pak niyyətli ol.»
6327.İmam Sadiq (ə): «İnsan gərək bütün hərəkətlərində və hərəkətsizliyində pak niyyətli olsun. Çünki əgər ortada bu mə‘na olmasa, o qafillərdəndir.»
1771.Gözəl niyyət
6328.Allahın Peyğəmbəri (s): «Ən fəzilətli əməl düzgün niyyətdir.»
6329.İmam Əli (ə): «Niyyətin gözəlliyi, insan təbiətinin gözəlliyidir.»
6330.İmam Əli (ə): «Gözəl niyyət amal və arzulara çatmağa səbəb olur.»
6331.İmam Sadiq (ə): «Kimin niyyəti gözəl olsa, Allah onun ruzisini artırar.»
6332.İmam Sadiq (ə) («insanın öz vəzifəsini yerinə yetirməsi üçün nə qədər ibadət etməsi lazımdır?» sualının cavabında):–«İtaətdə gözəl niyyətə malik olması.»
1772.Bədniyyətlilik.
6333.İmam Əli (ə): «Bədniyyətlilik gizlin bir dərddir.»
6334.İmam Əli (ə): «Niyyətin pisliyi ilə bərəkət aradan gedir.»
6335.İmam Əli (ə): «Niyyət pisləşəndə, qarşıya bəla və çətinlik çıxar.»
6336.İmam Sadiq (ə): «Həqiqətən, mömin günah niyyəti edir və həmin səbəbdən öz ruzisindən məhrum olur.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild