Fatimeyi-Zəhranın (ə) ictimai-siyasi işlərdə davranışı
Bu, nə şairanə bir ilhamın məhsuludur, nə də qəhrəmanlıq dastanı.Nə dəli-divanə bir ürəyin həyəcanlı sözləri, nə də coşqun bir qələmdən qopmuş romantikadır. Əsla, bunların heç biri deyil. Əksinə, yalnız və yalnız belə bir böyük həqiqətin kiçik bir hissəsinin bəyanıdır ki, Fatimeyi-Zəhra (ə) İslam mədəniyyətinin bütün
sahələrində Allahın və Quranın dini-məzhəbi və siyasi hökmləri ilə bağlı çoxşaxəli işlərin hamısında yorulmaq bilmədən, qəhrəmanlıqda hərtərəfli və fəal iştirak etmişdir. Elə bir qəti və həlledici bir iştirak ki, o bizim məktəb və məzhəbimizin hər bir guşəsində dönüş nöqtəsi kimi özünü göstərir və sönməz bir günəş kimi həmişə yolumuza işıq saçır...
Bəli, o pak və ismətli, məlul və məzlum qız, behişt xanımlarının xanımı, "atasının anası”, əlləri qabarlı, çiyni yaralı, solğun bənizli qadın – Fatimə (ə) bütün günü ağır ev işlərini görməklə yanaşı, iki namuslu və cəsur oğlunu tərbiyə etməklə bərabər, dini, İslam qanun-qaydalarını qorumaq üçün mübarizə və cihad zərurəti ortaya çıxdıqda qorxu-hürkü bilmədən qəfildən mübarizə meydanına da atılır, qəhrəman oğulları, igid sərkərdələri arxada qoyaraq irəli çıxır, mübarizə bayrağını başı üzərində qaldırır, dini-məzhəbi və siyasi döyüşlərdə nərə çəkərək düşmənin bədəninə lərzə salır... Beləcə paklıq və saflıq nümunəsi olan bu qadın gözlənilmədən bir döyüşkən qəhrəmana – haqq və ədalət uğrunda İlahi bir mübarizənin yorulmaq bilməyən iştirakçısına çevrilir və həqiqi İslamda əsla bir-birindən ayrılmayan dini-siyasi mübarizə meydanında göstərdiyi rəşadətə görə əbədilik olaraq adını qorxmazlıq və igidlik zirvəsində həkk edir...
Həmişə "ana” olan, körpəlik və uşaqlıq çağlarından analıq vəzifəsini öhdəsinə götürən bu gənc qız – "atasının anası” deyə çağırılan mübariz İslam mücahidi, peyğəmbərlik və imamlıq nəslinin daşıyıcısı və davamçısı olan müqəddəs xanım İslamın başqa dini-siyasi məsələlərindən də əsla kənarda qalmırdı. İslam tarixində ən həlledici və mühüm ictimai-siyasi məsələlərin həllində bu müqəddəs qadının öz dəst-xətti və ictimai məktəbi var idi. Düşmənlərin rüsvayçılığına bais olan həmin dəst-xətt və davranış bu yeganə qadının "Kövsər” olmaq və Peyğəmbərin (s) pak nəslini doğru yolla aparmaq vəzifələrini şərəflə yerinə yetirməsində mühüm rol oynadı.
Ata evində atasının ən yaxın dostu və köməkçisi, sirdaşı və yardımçısı olan Fatimeyi-Zəhra (ə) Allahın Rəsulunun (s) vəfatından sonra alicənab və məsum ərinin evində də bu hərəkət və davranışını davam etdirdi. Fatimə (ə) burada da alicənab ərinin ən yaxın köməkçisi və sirdaşı oldu, möhtərəm atasına göstərdiyi qayğını başqa şəkildə davam etdirməyə başladı.
Əli (ə) ilə qoşa addımlamaq onun üçün doğrudan da, İslam dininə və Rəsulullahın (s) insan tərbiyə edən məktəbinə xidmət etməkdən başqa bir şey deyildi.
Tayı-bərabəri olmayan o xanım istər möhtərəm atasının bu dünyadan köçməsindən qabaq, istərsə də sonra həmişə xilafət və Peyğəmbərin (s) canişini haqqında qəti və dəqiq düşüncə ilə hərəkət etdi. Quranın və İlahi qanun-qaydalarının müdafiəsinə qalxdı və böyük cidd-cəhdlə çalışdı ki, dinin doğru yoluna və məktəbinə zərrə qədər zərər dəyməsin. Fatimə (ə) bu istiqamətdəki işini ömrünün axırınadək davam etdirdi və öz fikrindən, əqidəsindən əsla dönmədi.
Din və siyasət meydanının o aslan qadını bütün səmərəli həyatı boyu xilafətin mühüm və taleyüklü məsələlərini əsl məcrasına qaytarmaq yolunda yorulmadan çalışdı. Fatimə (ə) həmçinin xilafəti sarsıdan, dinin dayaqlarını qorxu altına alan amillərin – doğru yoldan sapmaların, əyintilərin, səhləngarlığın və yalançılığın qarşısını almaq üçün mübarizə apardı. Bu işdə yalnız yaxını görənlər, zahirə diqqət yetirənlər üçün bir uğur qazana bilməsə də, öz fikrindən əsla dönmədi və ömrünün son anına kimi öz mövqeyini qoruyub saxlaya bildi. Fatimənin (ə) bütün həyatı boyu özünü qabarıq şəkildə göstərən bu qətiyyət və əzmkarlıq bu qəhrəman qadının pak övladları tərəfindən davam etdirildi və son nəticədə xilafət və vilayət məsələsini onun daha doğru və daha əzəmətli istiqamətinə, yəni imamlığa yönəltdi. Fatimənin (ə) pak nəsli tərəfindən davam etdirilən imamlıq artıq on dörd əsrdir ki, həqiqi, gerçək İslamı həmin istiqamətdə irəli aparır. Ona görə də aydın olur ki, zahiri görənlərin düşündüklərinin əksinə olaraq Fatimənin (ə) yorulmaq bilməyən o mübarizəsi nəinki uğursuzluqla nəticələndi, əksinə, İslam aləmində, haqq və ədalət dünyasında ən böyük nailiyyətlər və uğurlar qazandı.
Fatimeyi-Zəhra (ə) Allahın Elçisinin (s) bu dünyadan köçməsindən sonra ömrünün sonunadək Əli (ə) ilə - müsəlmanların birliyini və İslam nailiyyətlərini qorumaq üçün Əbubəkrin hakimiyyətini qəbul etməyən və Peyğəmbərin (s) həqiqi canişini olan alicənab həyat yoldaşı ilə bütün məsələlərdə həmfikir oldu. Fatimə (ə) bütün ömrü boyu o həzrətin ən yaxın köməkçisi və sirdaşı oldu, həmişə onun yanında qərar tutdu və onunla qoşa addımladı. Pakların pakı Zəhra (ə) əmin idi ki, xilafət və İslam dünyasına rəhbərlik İslam dünyasının ən layiqli, ən bacarıqlı, ən qabiliyyətli şəxsiyyətinə - Əli bin Əbu Talibə məxsusdur. Ona görə də, xilafətə namizədlər və iddiaçılar arasında İslam yolunu, İslam peyğəmbərinin (s) yolunu şərəflə davam etdirmək üçün o, daha bilikli və elmli, daha şücaətli və cəsarətli, daha ədalətli və insaflı, daha ləyaqətli və fəzilət sahibi idi...
Bəli, pakların pakı Zəhra (ə) – o ismətli və yorulmaq bilməyən mübariz qadın öz dini və siyasi baxışlarını daim inkişaf etdirir və çalışırdı ki, öz mübarizəsi və ictimai- siyasi fəaliyyəti, rəhbərliyi ilə müsəlmanları doğru yola yönəltsin. Fatimə (ə) camaatın diqqətini saxta seçkilərə, xilafətdə öz mənafelərini güdən şəxslərin oyunlarına cəlb etdi ki, onlar öz fikirlərini dəyişdirsinlər, xilafəti o dövrün və məkanın, bütün zaman və məkanların ən layiqli şəxsinə tapşırsınlar, həzrət Əli (ə) ilə həmkar və həmfikir olsunlar və beləliklə də İslamın süqutunun – cahiliyyə dövrünə qayıtmağın qarşısını alsınlar.
Fatimə (ə) hətta o vaxtlar Mədinənin qəmli və qaranlıq gecələrində Əlinin (ə) səyi və təşəbbüsü ilə bəzi mühacirlərin və ənsarın evlərində keçirilən iclaslarda fəal iştirak edir, həqiqətləri camaata çatdırmaqda, İslama aid siyasi məsələlərin şərhi və izahında alicənab həyat yoldaşının həmkarı, həmfikri kimi çıxışlar edirdi. Fatimə (ə) hər vəchlə çalışırdı ki, İslam ümmətinə rəhbərlik bu işə həqiqətən layiq olan bir şəxsin öhdəsinə qoyulsun. Lakin əfsuslar olsun ki, fırıldaq və kələyin, əvvəlcən hazırlanmış fitnə və oyunların baş alıb getdiyi o dövrdə elə bir şərait yaranmış ki, bütün bunların nəticəsində camaat ya qorxduğuna, ya da qəflətdə olduğuna görə bu vacib həyati məsələdə etinasızlıq göstərdi. Məhz buna görə də İslam xilafəti öz həqiqi və təbii məcrasından çıxaraq elə bir yola düşdü ki, sürətlə tənəzzülə uğramağa başladı və İslamın, Rəsulullahın İlahi inqilabının nailiyyətlərini əldən verdi. Beləliklə, İslam dünyasında, müsəlman aləmində də cahiliyyə dövrünə oxşar bir şərait yarandı.
Belə bir zamanda Peyğəmbərin (s) həqiqi davamçılarının səyləri bir nəticə vermədikdə Fatimə (ə) siyasət aləmində yeni bir addım ataraq özünün tarixi və parlaq, müfəssəl və ətraflı xütbəsini oxudu. Bu dövrün siyasət və ideologiyasında yol verilmiş əyintilərin və sapmaların dəqiq və dərin şəkildə təhlil edildiyi bu xütbə o zaman bir çox pak və təmiz insanları qəflət yuxusundan ayıltdı və beləliklə, haqq və ədalət düşmənlərinin cəbhəsinə şiddətli zərbə endirdi. Bənzərsiz və tayı-bərabəri olmayan Fatimənin (ə) dərin düşüncə tərzini, zəngin mənəvi aləmini açıb göstərən bu tarixi xütbənin böyük əhəmiyyətini nəzərə alaraq onun tərcüməsini olduğu kimi veririk:
Xütbənin mühüm mövzuları
Peyğəmbər (s) tərbiyəsini görmüş o böyük xanımın xütbəsində aşağıdakı dərin və mənalı mətləblər öz əksini tapmışdır:
- Yaradanın tərif və sitayişi;
- Yaradanın birliyinin dəlillərlə sübutu;
- Peyğəmbərlik məsələsi və onun zəruriliyi;
- Cahiliyyə əsrinin hadisələri və məsələlərinin bəyanı və şərhi;
- Peyğəmbərliyin böyük rolu və nicatverici xidmətləri;
- Quran və onun tarixi əhəmiyyətinə bir baxış;
- Şəriətin səbəbləri və fəlsəfəsi;
- Yüksək siyasi baxışların bəyanı üçün mövzuya giriş;
- Peyğəmbərlik ərəfəsində və peyğəmbərlik dövründə baş verən hadisələrin şərhi;
- Əlinin (ə) yüksək mövqeyi haqqında söz;
- Peyğəmbərin (s) Əhli-beytinə (ə) (ev əhlinə) qarşı qəsd və fitnələrin qısa şərhi;
- Dövrün zorla qəbul etdirilmiş dövlət başçısının ifşası;
- Qurani-Məciddən dəlil-sübutlar gətirilməsi;
- Dinləyicilərin nəzərinin cəlb edilməsi və onların həyəcana gətirilməsi;
- Üzləşdiyi əzab-əziyyətlərdən ulu atasına şikayət.
İslam tarixinin o qara günlərində Fatimənin (ə) ailəsindən çıxmış bu təkanverici və atəşin, dərin mənalı və dəyərli sözlər haqq və ədalət uğrunda böyük bir mübarizə üçün bünövrə idi. Bu xütbədə bəyan olunmuş dərin və incə mətləblər bir çox tarix kitablarında qeydə alınmışdır.
Bu xütbədə toxunulan məsələlərdən birini Abdulla bin Həsən öz atasından belə rəvayət etmişdir: "Əbubəkr Fatiməni (ə) Fədəkdəki əkin sahəsinə sahibliyindən – bu qanuni varisliyindən məhrum etdikdə o alicənab xanım hicabını başına salıb özünün ən yaxşı paltarını əyninə geyib Qüreyşin bir qrup qadını və öz xidmətçiləri ilə Əbubəkrin yanına getdi. Zəhra (ə) Əbubəkrin otağına daxil olduqda o, bir neçə ənsar və mühacirlə oturmuşdu. Həmin adamların yanında kamil İslam qadını hicabının arxasından sözə başladı. O həzrət özünün atəşin və təsirli sözləri ilə haqq və ədalətdən, özünün qanuni hüququndan elə alovlu danışdı ki, Əbubəkrin məclisində olanların hamısı mat-məəttəl qaldı və bu güclü dəlil-sübutlu sözlərə heyran oldu. Həmin günə qədər kimsə nə belə sözlər demiş, nə də eşitmişdi. Nə qadınlardan, nə də adi kişilərdən.”
Bəli, doğrudan da, Fatimənin (ə) dənizlər qədər böyük şəxsiyyətinin, istedad və qabiliyyətinin bir damlasını belə təsvir etməkdə qələm gücsüzdür. Biz zəif insanların dilləri və qələmləri o həzrətin böyüklüyünün tərifində doğrudan da acizdir. Həqiqətən də, Zəhranın (ə) bənzərsiz şəxsiyyəti haqqında yalnız Allah-təala söz deyə bilər, necə ki, buyurmuşdur: "(Ya Peyğəmbər) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər suyunu və ya bol bir nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik! Ona görə də (bu nemətlərə şükr edərək) Rəbbin üçün namaz qıl və qurban kəs. (Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, nəsli kəsilmiş deyən) düşməninin (As bin Validin) özü sonsuzdur. (Sənin nəslin Qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır).”
Dünyanın bu böyük xanımının başdan-başa iftixarla dolu həyatı, bütün ictimai-siyasi sahələri əhatə edən mənalı ömrü bütün insanlığa nümunə olan kamil və bənzərsiz bir qadının həyat yoludur. Fatimə (ə) pak və ismətli bir qadın olmaqla yanaşı, eyni zamanda yorulmaq bilməyən bir mübariz, şücaətli və qəhrəman bir inqilabçıdır. Elə bir mübariz qadındır ki, həqiqət yolundan azmış zülmkarların, nifaq salanların, öz mənfəətlərini güdən siyasətbazların, İslama qarşı çıxanların qarşısında öz gur səsini ucaldaraq vilayət və imamlığın, Peyğəmbərin (s) Əhli-beytinin (ə) əlindən alınmış hüquqlarının müdafiəsinə qalxır. Fatimə (ə) bu yolda qorxmazcasına irəliləyir və hətta şirin canını belə qurban verməyə hazır olur.
Bəli, bu yolda son nəticədə özünü fəda edən Fatimə (ə) idi ki, hər bir hərəkət və addımı, hər bir kəlamı və sükutu, fəryadı və göz yaşları, pislik və yaramazlıqlara, haqsızlıq və ədalətsizliyə qarşı bir mübarizə üsulu idi. İslam inqilabı nailiyyətlərinin qorunması və peyğəmbərliyin davamı uğrunda mübarizə idi.
Fatimeyi-Zəhra (ə) alovlu və yorulmaz inqilabçı, ayıq və uzaqgörən siyasətçi, tarixi-siyasi və ictimai hadisələrə dərindən bələd olan bir şəxs olmaqla yanaşı, həm də kamil bir zahid, İlahi elmləri üzrə yetkin bir alim, nümunəvi bir ana, ən yüksək dərəcəli müəllim və ustad, sədaqətli və vəfalı həyat yoldaşı və ən nəhayət, həyatı ürəkdən sevən fədakar bir insan idi...
Bəli, o böyük və həqiqi imamların anası, din başçıları kimi övladların tərbiyəçisi idi. Elə övladların ki, Allah yolunun, İslam yolunun, əziz İslam peyğəmbərinin (s) yolunun davamı üçün fədakarlıq və qəhrəmanlıqlar göstərdilər. Bu müqəddəs yolda pak canlarını fəda etdilər ki, İslam şərəflə yaşasın...
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 2-ci cild