Məhəbbət və nifrət (Təvəlla və təbərra)
Əxlaq elmində şəhvət və qəzəb kimi təbir olunan məhəbbət və nifrət fəzilətləri kəsb edib, rəzilətləri rədd etmək üçün ən əhəmiyyətli düşüncə, xüsusiyyətdir. İnsan bir şeyi sevməyincə ona tərəf hərəkət etməz və bir şeyə nifrət bəsləməyincə ondan uzaqlaşmaz. İmam Sadiq(ə) buyurur: "Hər kim özünün xeyir əməlindən xoşhallanıb, pis əməlindən narahat olarsa, o, həqiqətən, mömindir."
Qısaca desək, məhəbbət və nifrət, dostluq və düşmənçilik, razılıq və narazılıq-bütün bunlar hamısı insan həyatının əsasını təşkil edir. Bu duyğularsız həyat mənasız olub öz sevgi və təravətini itirir. İnsan şəxsiyyəti bu duyğuların əsasında formalaşır. Sədrül-mütəəllihinin təbiri ilə desək, insanları bir-birindən fərqləndirən məhz bu xüsusiyyətlərdir.
"Qurani-Kərim”də bu mətləbə işarə edilərək buyurulur: "De, hər kəs öz qabiliyyətinə (xislətinə) görə iş görər.." (İsra-84) Bəziləri belə təsəvvür edirlər ki, yaxşılıqları və pislikləri müəyyənləşdirmək insanların təkamül və inkişaf etməsinə səbəb olur. Və yaxud əksinə, cəhalət və savadsızlıq mənəvi süqut və passivliyə gətirib çıxarır, lakin bu, yanlışdır, çünki bilik nə qədər faydalı və zəruri olsa da kifayət etmir, ona görə ki, istək və iradəsiz xasiyyət yaranmır. Çox alimlər vardır ki, alkaqollu içkilərin və siqaretin zərərləri barədə kitablar yazmış, lakin eyni zamanda da özləri bu kimi şeylərə aludə olmuşlar. Əbəs yerə deməmişlər ki, həyat əqidə və mübarizədən ibarətdir.
Həyatın əqidəsiz və əqidənin də eşqsiz, məhəbbətsiz, yanğısız mənası yoxdur. Deməli, iman məhəbbətdir, məhəbbət də iman. Nə qədər ki, bir şəxs eşqin və məhəbbətin ləzzətini dadmayıb, imanın da ləzzətini bilməz.
İmam Sadiq(ə) "Məhəbbət və nifrət imandandırmı?"-deyə soruşan şəxsə belə cavab verir: "İman məhəbbət və nifrətdən başqa bir şey deyil." Başqa bir hədisdə İmam Baqir(ə) belə buyurur: "Din məhəbbətdir, məhəbbət də din."
İmam Sadiq(ə) buyurur: "Elə ki, Allahın məhəbbət nuru bir bəndənin qəlbinə saçıb onun batinini işıqlandırdı, Allahın zikrindən başqa onun qəlbində heç bir şey qalmaz. İlahinin məhəbbəti dedikdə batini cəhətdən insanların ən yaxşısı, danışığında ən doğru danışanı, əhdinə ən vəfalısı, əməl və rəftarında ən əməlisalehi, Allah-təalanı xatırlamaqda ən səfalısı, nəfsani xüzu (təvazökarlıqla ümid birgə) və xüşu (təvazökarlıqla qorxu birgə) cəhətdən ən ibadətkarı nəzərdə tutulur. O, (bu keyfiyyətlərə malik olan şəxs) Allaha münacat edən zaman mələklər onunla fəxr edər, onun gördüklərindən və müşahidə etdiklərindən sevinərlər. Allah-təala belə bəndəsinin vücudunun bərəkəti sayəsində ölkə və şəhərləri abadlaşdırar. Onun alicənablığı vasitəsilə bəndələrinə lütf edər. İnsanlar onların haqqına and verdikdə Tanrı dualarını qəbul edər, lütf və mehribanlıqla bəlaları, çətinlikləri onların üzərindən götürər. Əgər bəşəriyyət Allah məhəbbətinin əzəmət və dərəcəsinin uca Yaradanın dərgahında nə qədər böyük olduğunu başa düşsə, şübhəsiz, onun qədəmləri altda olan torpaqdan başqa bir şeylə Allaha yaxınlaşmaz"
Şübhəsiz, insan zatən camala və kamala aşiqdir. O, gözəllik və yaxşılıqları sevir, pislik və çirkinliklərə nifrət edir. Haqq-təalanın müqəddəs zatı kamal, camal, elm, qüdrət, rəhmət, bir sözlə bütün kamil sifətlərin eyni olduğundan (bu sadalanan sifətlər sifəti-sübutiyyə adlanır), deməli, bütün sevgilərin başlanğıcı Allah sevgisidir. Hər kim gözəllik və kamal aşiqidir, Onu sevir, hər kim Onu sevirsə, camal və cəlalının məzhərini də sevər.
Bu cazibə fitri cazibədir. Heç kəs iradəsindən asılı olmayaraq, həqiqətin, mütləq varlığın, onun gözəllik və camalının cazibəsindən kənarda qala bilməz. Hamı Tanrının elm və qüdrəti qarşısında acizdir. Müqəddəs «Quran»da belə buyurulur:
"Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona (Allaha) təslim olmuşlar.." («Ali-İmran»-83)
"Göylərdə və yerdə kim varsa, (özləri də) kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər!" («Rəd»-15)
«İftitah» duasında isə belə oxuyuruq:
"Bütün əzizlər izzəti qarşısında xar və zəlildirlər. Bütün böyüklər əzəməti qarşısında təvazökar və heçdirlər."
Lakin bu cazibə və fitri itaət kifayət deyildir, çünki özünüislahetmə, saflaşdırma və nəfslə mübarizə meydanında ayıqlıq əsas şərtdir. Bu yolda fitri qüvvələri işə salıb ixtiyar və iradə ilə dostun istəyinə təslim etmək lazımdır, çünki təbii və icbari əməllərin Allaha yaxınlaşmada heç bir dəyəri yoxdur.
Allah-təala "Qurani-Kərim”də buyurur:
"De: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın" («Ali-İmran»-31)
Allaha məhəbbət əməllə tamamlandığı surətdə dəyərlidir, yəni məşuqunun iradə və istəyini öz istəyindən üstün bilən aşiq həqiqi aşiq hesab olunur. Bu halda seçim, özünütənqid, itaət və nəfslə mübarizə lazımdır. "Qurani-Kərim”də bu barədə belə deyilir:
"Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. (Pis əməllərdən ən çox çəkinəninizdir) («Hucərat»-13)
Əli(ə) buyurur: "Allah məhəbbəti kimin qəlbinə düşərsə, onu yaxıb-yandırar."
Başlanğıc nöqtəsi
Buradan aydın olur ki, məhəbbət Allah aşiqləri və ona tərəf gedənlər üçün başlanğıc, yolun əvvəlidir. Nə qədər ki məhəbbətlə istək birgə deyil, bir addım belə irəli atmaq olmaz. Əgər insan öz xeyrini istəməsə, heç vaxt islah olunmaz. Əvvəl gərək insanda öz eyiblərini və çatışmamazlıqlarını düzəltmək üçün çıxış yolu axtarmaq xüsusiyyəti yaransın. İnsan bunu dərk etməlidir ki, ona bəxş olunan həmin nemətləri bihudə əldən vermək olmaz.
Qeyd etdiyimiz kimi, bu yolda təkcə elm kifayət etmir. Bununla yanaşı eşq lazımdır, yəni bu eşq insanı doğruluğa tərəf çəkib onu nəfslə mübarizəyə hazırlaşdırır. Belə ki, "Qurani-Kərim”də buyurulur:
"Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər." («Tövbə»-108)
İman və elm
Bu bəhsdə imanla elmin bir-birindən fərqləndiyini bilmək lazımdır. Elm təcrübə və isbatın nəticəsidir. Bu iki amil təsəvvür və təfəkkürdən irəli gəlir, lakin iman və inam ürfani vicdan, ilahi fitrət qarşısında özünü ayıltmaqdır. Başqa ifadə ilə desək, elm kəsb olunan və dərk edilən bir məfhumdur. İman isə ülvi parıltı, vicdan harayına cavabdır.
Elmlər adətən təsəvvür, təfəkkür və müəyyən bir reaksiyadan doğur. İman isə vicdana inam və tapınmaqdır. Başqa sözlə desək, elm təcrübə, təhqiqat, məfhum, bilik toplusudur, lakin iman müqəddəs varlığa qarşı bağlılıq, təzim və sitayiş hissidir. Elmə aid olan şeylər insan qəzəbinə və nifrətinə səbəb ola bilər, amma iman həmişə qəlblərdə məhəbbət, sevgi yaradır. O yerdə ki iman mövcuddur, orada təvazökarlıq, təzim, sitayiş də olur. Məsələn, Allaha iman fitri ehtiyac və heç nəyə təmənnası olmayan Tanrıya bağlılıq, böyük əzəmət, rəhmət, sonsuz qüdrət qarşısında acizlik və kiçiklik hissidir.
«Quran» təbiri ilə desək, iman fitrət harayına cavab və əhd-peymanın yenidən təzələnməsidir:
"Allahın fitri olaraq insanlara verdiyi din" («Rum»-30)
"Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onları özlərinə (bir-birinə) şahid tutaraq: "Mən sizin Rəbbiniz deyiləmmi?"- soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən!"-deyə cavab vermişdilər." («Əraf»-172)
Sonra ayənin ardında buyurur ki, bu bildiriş və şəhadət onun üçündür ki, qiyamət günü "Biz bu məsələdən xəbərdar deyildik,"-deyə bəhanə gətirməyəsiniz.
Deməli, iman fitrətin ehtiyacına qarşı əhdin təzələnməsi və təkididir. Burada əhd-peyman dedikdə imanın nəzərdə tutulması ehtimal olunur, amma elm alim və məlum (öyrənilən şey) arasında bir növ zehni və fikri əlaqədir. İman kəlməsində isə Allah qarşısında sitayiş, təzim və təvazökarlıq hissi ehtiva olunur, lakin elmdə bu, tələb edilmir, çünki elm alimin nəzərində xoşagəlməyən məchulların kəşfi və ixtirası üçün bir vasitədir. Elm imanla həmişə birgə deyildir. Ona görə də "Qurani-Kərim”də buyurulur:
"(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər." («Nəml»-14)
Buna görə də Allah-təala «Quran»da insanlara "Ey bilənlər" kimi yox, "Ey iman gətirənlər" kimi xitab edir, yəni bilib iman gətirməyənlər yox, iman gətirən şəxslər.
Başqa bir tərəfdən də iman həmişə arxayınlıq və xətircəmliklə birgədir, ancaq elmin bəzən iztirab və nigarançılığa səbəb olması da mümkündür. Allah-təala möminlər barədə buyurur:
"O kəslər ki, Allahı zikr etməklə ürəkləri rahat olduğu halda iman gətirmişlər. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!" («Rəd-28»)
Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!" («Rəd-28»)
Elm imanın tamamlayıcısıdır
Elm bir çox hallarda imanın müqəddiməsi və tamamlayıcısıdır. Buna görə də "Qurani-Kərim”də elm təriflənmiş və adı imanla yanaşı çəkilmişdir:
"Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın" («Mücadələ»-11)
Bu mərhələləri tamamlamaqla məlum olur ki, elm və iman iki ifadədən əmələ gəlmişdir. Əgər iman eşq və ürfan ifadəsindəndir desək, doğru söyləmiş olarıq. Buna görə də «Kümeyl» duasında oxuyuruq:
"İlahi! Məni əfv et. Ey mənim Mövlam, ey mənim Rəbbim, Sənin əzabına səbir edərəm, amma fəraqına necə səbir edim?"
Bu aşiqin məşuqu ilə münacatıdır. Buna görə də harada imandan söz açılırsa, məhəbbət və eşq məsələsi də ortaya çıxır.
Allah-təala iman əhlini vəsf edərək buyurur:
"Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən. Onlar deyirlər: "Ey Rəbbimiz! Biz iman gətirdik, bizi (haqqa) şahid olanlarla bir yerdə yaz." («Maidə»-83)
İman mayasız və özülsüz olsa da, məhəbbət və eşqlə doludur. Hətta bütpərəstlər öz bütlərinə məhəbbət bəsləyərək onlara təzim, sitayiş və ibadət edirdilər. "Qurani-Kərim”də bu barədə buyurulur:
"İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır, halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün (qüvvət) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər." («Bəqərə»-165)
İkitərəfli əlaqə
Dinsiz və qafil şəxslərdən bəzisi belə hesab edirlər ki, Allaha olan iman və sitayiş bir növ insanların Allahla birtərəfli əlaqəsidir. Bu səhv düşüncə vasitəsilə imandan uzaqlaşmaq üçün bəhanə gətirirlər, lakin bu, cahilanə və qərəzli bir düşüncədir, çünki iman Yaradanla yaradılmış arasında qarşılıqlı sıx əlaqədir. Bu əlaqə təbii həqiqət əsasındadır. Bu əlaqədə hər iki tərəfin cazibə və marağı vardır, yəni Allah-təala bəndələrini sevdiyindən bütün bu nemətləri onların ixtiyarına vermişdir. Əlbəttə, Tanrı təqvalı, əməlisaleh və qəlbi pak möminləri daha çox sevərək buyurur:
"Həqiqətən, Allah təqvalıları sevir." («Ali-İmran»-76)
"Yaxşılıq edin, həqiqətən, Allah yaxşılıq edənləri sevir." («Bəqərə»-195)
"Allah pak olanları sevir." («Tövbə»-108)
"Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki,) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür. Onu istədiyinə verər. Allah (lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir. («Maidə-54»)
Bu ayədə söhbət ikitərəfli, qarşılıqlı dostluqdan gedir. Bu dostluq Allah və onun bəndələri tərəfindən təzahür olunur. Bu özü ona sübutdur ki, həqiqi iman qarşılıqlı əlaqə və birləşmədir. Başqa sözlə, həqiqi iman Xaliq və məxluq arasındakı qarşılıqlı sevgidir. "Qurani-Kərim”də Allahı "mömin" sifəti ilə vəsf edərkən bu qarşılıqlı əlaqəyə işarə edilərək buyurulur:
"O, özündən başqa heç bir Tanrı (Məbud) olmayan, (bütün məxluqatın) ixtiyar sahibi, müqəddəs (pak) olan, mömin, (hər şeydən) göz-qulaq olub (bəndələrini) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük, (hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır." («Həşr»-23)
Təfsirçilər "mömin" kəlməsini təfsir edərkən bir neçə fikir irəli sürmüşlər:
"O, özündən başqa heç bir Tanrı (Məbud) olmayan, (bütün məxluqatın) ixtiyar sahibi, müqəddəs (pak) olan, mömin, (hər şeydən) göz-qulaq olub (bəndələrini) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük, (hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır." («Həşr»-23)
Təfsirçilər "mömin" kəlməsini təfsir edərkən bir neçə fikir irəli sürmüşlər:
O kəs ki, bəndələrinə əmin-amanlıq bəxş edir
Bəndələri onun zülmündən və əzabından amandadırlar. (Heç kimə zülm etmir.)
Hamıdan qabaq öz yeganəliyinə imanı vardır, hamıdan qabaq öz tövhid və təkliyinə şəhadət verir:
"Allah özündən başqa heç bir Tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa, ədalətə boyun əyərək (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər. («Ali İmran»-18)
Cazibə və dafiə
Məhəbbət də digər duyğular kimi iki qütbə-müsbət və mənfi qütbə malikdir. Ola bilməz ki, insan bir şeyi xoşlayarkən, onun əksini də xoşlasın. İnsan əgər kamal və gözəlliklərə yetişməyi xoşlayırsa, şübhəsiz, günaha və naqisliyə qarşı nifrət bəsləyir, belə ki iman əgər bir şəxs tərəfindən istənilirsə, sözsüz ki, küfr və nifaq onun nəzərində pis görünür. Allah-təala buyurur:
"Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır." («Hucərat»-7)
Deməli, nə vaxt məhəbbətdən söz düşsə, bu, o demək deyil ki, insan başdan-ayağa tam sülh tərəfdarı olub, hamını və hər şeyi sevməlidir. Mömin və əqidəli insan hamı ilə dostluq edə bilmədiyi kimi, hamıya qarşı da düşmənçilik edə bilməz. Demək, elə bir məhəbbət dəyərlidir ki, gözəllik və keyfiyyətlə əlaqədə olub bunların əksini özündən uzaqlaşdırsın.
Təvəlla və təbərra
Təvəlla və təbərra İslam dininin füruidin88 bölməsinə aid olan hissələrdir. Elə buna görə də insan yaxşılıqlar və yaxşıları sevib, pislər və pisliklərlə mübarizə aparmalıdır. Odur ki, Allah-təala Peyğəmbər(s)-in həqiqi ardıcıllarını vəsf edərək buyurur:
"Mühəmməd(s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər." («Fəth»-29)
"(Ey peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun peyğəmbərinə qarşı çıxanlarla-öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə, dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Tanrı onların qəlblərinə iman yazmış və öz dərgahında onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta etmişdir.)" («Mücadələ»-22)
"Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar (kafirlər) sizə gələn haqqı («Quran»ı, Mühəmməd(s)-i) inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz. (Mehribanlıq göstərirsiniz) («Mümtəhinə»-1)
Buna görə də bu məsuliyyəti öhdəsinə götürmüş möminlərdə həm ehtiram göstərmək, həm də etiraz etmək xüsusiyyəti olmalıdır. Hamının yanında hörmətli və mehriban olmaq istəyənlər isə münafiqdirlər. Bu barədə rəvayətlərdə də təkid olunur. Rəvayətə görə Peyğəmbər(s) səhabələrdən birinə buyurur:
-Ey Allahın bəndəsi! Öz dostluq və düşmənçiliyini Allah üçün, onun yolunda et! Dostluq və düşmənçiliyin bu yolda olmalıdır, çünki başqa bir yolla Allah dərgahına yetişmək və imanın şirinliyini dadmaq olmaz. Bu gün nəzərlərin çoxu dünyəvi məqsədlər üzərində yaranmış dostluq və düşmənçiliklərə yönəlmişdir. Bu xırdalıqların Allah yanında heç bir dəyəri yoxdur. Həmin səhabə soruşdu:
-Necə başa düşək ki, dostluğumuz və düşmənçiliyimiz Allah üçündür? Haradan bilək ki, Allahın dostu kim, düşməni kimdir? Əgər biz də bunu bilsək, onun dostu ilə dost, düşməni ilə düşmən olarıq?
Peyğəmbər(s) həzrəti-Əli(ə)yə işarə edərək buyurdu:
"Bunun dostu Allahın dostu, düşməni isə Allahın düşmənidir. Ona görə də atanın və övladının qatili olsa da, onun dostu ilə dost, atan və övladın olsa da, onun düşməni ilə düşmən ol."
Təvəlla və təbərra o qədər əhəmiyyətlidir ki, bəzi hədislərdə imanın ən əsas hissəsi hesab olunmuşdur.
Mədinə müsəlmanlarının "Qurani-Kərim”də həmişə təriflənən xüsusiyyətlərindən biri də budur ki, onlar mühacirləri imanlarına görə sevib, bu yolda onlardan heç bir şey əsirgəməyərək öz evlərini açıq ürəklə, səmimiyyətlə mühacirlər üçün hazırlayıb, gülərüzlə qarşıladılar. Bu barədə "Qurani-Kərim”də deyilir:
"Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Peyğəmbər(s)-ə qəlbən) iman gətirmiş kimsələr (ənsarlar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar.” («Həşr»-9)
Əgər dostluq və düşmənçilik Allaha xatir olmazsa, davamlı olmayıb əksinə çevriləcəkdir. Başa düşmək lazımdır ki, belə dostluqlar həmişəlik ziyana səbəb olur. Allah-təala bu haqda buyurur ki, onlar qiyamət günü bir-birini lənətləyib düşmənçilik edərək təəssüflə deyərlər ki, kaş bu kəslə dost olmayaydıq:
"Müttəqilər müstəsna olmaqla o gün dostlar bir-birinə düşmən kəsiləcəklər". («Zuxruf»-67)
"Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim." («Furqan»-28)
Ona görə də ey mömin bacı-qardaşım, çalış dostluq və düşmənçiliyin Allaha xatir olsun! Həmişə yaxşılar və yaxşılıqlarla dost ol, pislər və pisliklərlə mübarizə apar və Allahdan belə istə: "İlahi, məni bu dünyadan müsəlman aparıb, salehlərə qovuşdur".
Kitabın adı: İslamda əxlaq