4. Möminlər və xeyirxahlar
Allah-təala Qurani-Kərimin bir ayəsində buyurur: "O möminlər və xeyirxahlar elə kəslərdir ki, verdikləri sözü (etdikləri nəzri) yerinə yetirərlər.”
Hədisçilər yekdil fikirdədirlər ki, bu şərif ayə Peyğəmbərin (s) nəvələri Həsən və Hüseynə (ə) aiddir. Mötəbər sənədlərdə deyilir: Həsən (ə) və Hüseyn (ə) xəstəliyə düçar olduqları halda evdə yorğan-döşəkdə yatırdılar. İslam peyğəmbəri (s) gözünün iki nuruna baş çəkməyə gəlib Fatimeyi-Zəhraya (s) buyurdu: "Əgər nəzir etsəniz ki, Həsən və Hüseyni sağalması üçün üç gün oruc tutacaqsınız, onlar tezliklə şəfa tapacaqlar.”
Fatimeyi-Zəhra (ə) və Əhli-beytin (ə) başqa şəxsləri Peyğəmbərin (s) əmrinə itaət etdilər. Onların nəziri tezliklə İlahi dərgahında qəbul olundu və o iki əziz sağalıb yataqdan durdu. Xəstələr sağaldıqdan sonra Peyğəmbər (s) ailəsinin üzvləri öz nəzirlərini yerinə yetirməyə başladılar. Oruc olduqları ilk gün iftar vaxtı bir yazıq adam qapını döydü və uca səslə salam verdikdən sonra dua etməyə başladı. Ev əhli o yazığın gəlişini xeyir sayıb iftar üçün nə hazır etmişdilərsə, hamısını ona verib özləri yeməksiz qaldılar. Sonra onlar eləcə oruclarını davam etdirdilər. İkinci gün axşamüstü yenə iftar zamanı bir yetim qapını döydü və salam verib nəzir istədi. Yenə də ev əhli özləri üçün saxladıqları yeməyin hamısını o yetimə verib yeməksiz qaldı və beləcə oruclarını davam etdirdi.
Beləliklə, üç gün keçdi və Peyğəmbərin (s) Əhli-beyti öz nəzirlərini ən ali və ən təmiz şəkildə İlahi dərgahında yerinə yetirdi.
Üçüncü gün Allahın Rəsulu (s) öz Əhli-beytinin nəzirlərini bu cür gözəl şəkildə yerinə yetirmələrindən xəbər tutub onlara afərin dedi. Sonra isə onları vəhy dili ilə "möminlər və xeyirxahların” nümunəsi adlandırıb yuxarıdakı ayəni onlara çatdırdı.
Bəli, bu cür vəd vermək – nəzir etmək və onu bu qaydada yerinə yetirmək yalnız Allahın Rəsulunun (s) Əhli-beytinə (ə) məxsusdur. Yalnız onlar möminlərin, yəni yaxşıların, yaxşı əməl sahiblərinin, pak və təmiz insanların ən yüksək, ən kamil nümunəsi ola bilərlər.
Beləliklə, demək olar ki, Peyğəmbər (s) Əhli-beytini (ə) tanımaq çətin iş deyil. Çünki onlar elə görkəmli və layiqli şəxslərdir ki, xüsusi əlamət və keyfiyyətə malikdirlər və bu əlamətlər də Qurani-Məciddə bir neçə səma ayəsində qeyd olunmuşdur. Bu əlamətlərə diqqət yetirdikdə belə bir həqiqəti asanlıqla dərk etmək olar: "Bu mərtəbədə layiq olan kəslərə məhəbbət o dərəcədə qiymətlidir ki, Peyğəmbərin (s) mükafatı hesab olunur. Fatimə (ə) və Əlidən (ə) və oğlanlarından (ə) başqa kimsə bu yüksək şərəfə nail ola bilməz.”