372. Nübüvvət (3)
1700. Məhəmməd – Allahın Peyğəmbəri
Qur‘an:
«Məhəmməd Allahın Peyğəmbəridir.»
«Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizi əziyyətə və məşəqqətə salan şey ona ağırdır. O, sizə çox bağlı və möminlərə qarşı şəfqətli, mehribandır.
«Ya Peyğəmbər! Həqiqətən, Biz səni bir şahid, bir müjdəçi, bir qorxudan, Allahın izni ilə Ona tərəf də‘vət edən və nurlu bir çıraq kimi göndərdik.»
Hədis:
6025.Allahın Peyğəmbəri (s) (bir yəhudinin o Həzrətin Məhəmməd, Əhməd, Əbulqasim, eləcə də müjdəçi, qorxudan və də‘vət edən adlandırılmasının səbəbi barədəki sualının cavabında): «Məhəmmədə (adlandırılmağımın səbəbinə) gəldikdə, bu mənim yer üzündə mədh olunmuş olduğuma görədir. Əhməd isə ona görədir ki, mən göydə mədh edilmişəm. Əbulqasim adlandırılmağımın səbəbi budur ki, Allah-taala qiyamət günü od hissəsini ayıracaq və insanların birincisindən sonuncusuna kimi mənə kafir olanların hamısının yeri odda olacaqdır. Həmçinin Cənnət hissəsini ayıracaq və mənə iman gətirən və mənim peyğəmbərliyimi qəbul edən hər bir kəsin yeri Cənnətdə olacaqdır. «Də‘vət edən» (adlandırılmağım) insanları Rəbbimin dininə də‘vət etdiyim üçündür. «Qorxudan» ona görədir ki, mənə qarşı itaətsizlik edəni odla qorxuduram. «Müjdəçi» isə ona görədir ki, mənə itaət edəni Cənnətlə müjdələyirəm.»
1701.Peyğəmbərlərin sonuncusu.
Qur‘an:
«Məhəmməd, aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir.»
Hədis:
6026.Allahın Peyğəmbəri (s): «Mən «aqib»əm, yəni ondan sonra peyğəmbər olmayan kimsəyəm!»
6027.İmam Sadiq (ə): «Allah-taala sizin peyğəmbərinizlə peyğəmbərlik silsiləsini xətm edib sona çatdırdı. Odur ki, ondan sonra heç vaxt peyğəmbər göndərilməyəcək. Həmçinin, sizin kitabınızla da kitablara (səma kitablarına) son qoydu. Buna görə də sizin kitabınızdan sonra əsla bir kitab nazil olmayacaqdır.»
6028.İmam Sadiq (ə): «Məhəmməd (s) gəldi və öz Qur‘anı, şəriəti və yolunu gətirdi. Buna görə də onun halalı qiyamət gününə kimi halal, onun haramı isə qiyamət gününə kimi haramdır.»
1702.Məhəmməd Məhəmmədin dili ilə.
6029.Allahın Peyğəmbəri (s): «Mən, Allahın tərbiyə etdiyi, Əli isə mənim tərbiyə etdiyimdir.»
6030.Allahın Peyğəmbəri (s): «Ey insanlar! Mən əslində (Allah tərəfindən) hədiyyə edilmiş bir rəhmətəm.»
6031.Allahın Peyğəmbəri (s): «Mən, İbrahimin Kə’bənin sütunlarını ucaldarkən «Ey Rəbbimiz! Onların arasında özlərindən bir peyğəmbər göndər…» deyə etdiyi duasıyam.»
6032.Allahın Peyğəmbəri (s): «Özünü tərifləmək olmasın, mən Adəm övladlarının ağasıyam.»
6033.Allahın Peyğəmbəri (s): «Məqsədim özümü tərifləmək deyil, mən peyğəmbərlərin bələdçisiyəm. Özünü tərifləmək olmasın, mən peyğəmbərlərin xatəm və sonuncusuyam. Özünü tərifləmək olmasın, mən ilk şəfaət edən və şəfaəti ilk qəbul edilən şəxsəm.»
6034.Allahın Peyğəmbəri (s): «Qiyamət günü izzət və qüdrət sahibi olan Allahın dərgahına daxil olan ilk şəxs mən, Onun kitabı və mənim əhli-beytimdir və sonra ümmətim. Sonra, onlardan Allahın kitabı və mənim əhli-beytimlə nə etmələrini soruşacağam.»
6035.Allahın Peyğəmbəri (s): «Sizin ən təqvalınız və Allahı ən yaxşı tanıyanınız mənəm.»
6036.Allahın Peyğəmbəri (s): «Allah-taala məndən üstün elə bir məxluq yaratmayıb ki, Onun yanında məndən əziz olsun.»
6037.Allahın Peyğəmbəri (s): «Mənə beş şey verilib ki, (onlar) məndən əvvəlki peyğəmbərlərdən heç birinə verilməyib: Mən ağ, qara və qırmızılara göndərilmişəm, yer mənim üçün pak və səcdəgah edilib, qorxu və xof vasitəsilə kömək olunmuşam, qənimətlər mənim üçün halal edilib, halbuki məndən qabaq heç kimə – yaxud buyurdu «heç bir peyğəmbərə» – halal olmayıb və mənə «Cəvamiul kəlam» (Qur’an) əta edilib.»
1703.Məhəmməd Əlinin dili ilə.
6038.«ət-Təbəqatul kubra»: –Bir nəfər, Əmirəl-möminindən (ə), o Həzrət qılıncının qayışını belinə bağlamış halda Kufə məscidində olarkən Peyğəmbərin (cismani) xüsusiyyətləri barədə sual soruşdu. İmam (ə) buyurdu:- «Allahın Peyğəmbərinin (s) ağ və qırmızımtıl üzü, qara və böyük gözü, hamar və yumşaq saçı, sıx saqqalı, əti az və sümüklü yanağı, qulağının yumşaq yerinə çatan saçı və gümüş cama bənzər boynu var idi. Boğazının altından göbəyinə kimi qamış kimi nazik tük xətti bitmişdi, sinə və qarnında ondan başqa tük yox idi. Əli və ayağı böyük və sümüklü idi. Yol gedəndə yuxarıdan aşağı düşən adama oxşayırdı. Ayağa qalxanda çevik və cəld idi. Bir tərəfə dönəndə bütün bədəni ilə dönərdi. Tər, üzündə mirvari dənələri kimi olardı. Bədəninin təri tünd iyli müşkdən də xoş ətirli idi. Boyu nə qısa idi, nə də uzun. Nə aciz idi, nə də xar. Nə ondan əvvəl və nə də ondan sonra, onun kimisini görməmişəm.»
6039.İmam Əli (ə): «Nəhayət, Allah Məhəmmədi (s) şahid, müjdəçi və qorxudan kimi göndərdi. Uşaqlığında insanların ən yaxşısı, orta yaşlarında yaradılmışların ən nəcibi idi. Əxlaq və xisləti bütün paklardan pak idi. Səxavətlilik və əliaçıqlığı (bütün) səxavətlilərdən daha çox və davamlı idi.
6040.İmam Əli (ə): «O Həzrət nə vaxt iki işlə qarşılaşsaydı, onun daha çətinini götürərdi.»
6041.İmam Əli (ə): «Allah, Məhəmməddən (s) yaxşı insan yaratmayıb.»
6042.İmam Əli (ə): «O öz elmi ilə insanların arasında gəzən bir təbib idi. Mərhəmlərini düzəldib hazırlamışdı və dağlamaq alətlərini qızdırmışdı. Onları lazım olan yerə – kor qəlblərə, kar qulaqlara və lal dillərə– basardı. O, öz dərmanı ilə hikmət nurundan işıq götürməmiş və parlaq elmlərin çaxmağı ilə bir alov şölələndirməmiş, gövşəyən heyvanlar və daş parçası kimi olan şəxslərdə qəflət və sərgərdanlıq xəstəliyini müalicə edirdi.»
6043.İmam Əli (ə): «Doğrudan da mən, Məhəmmədin (s) qullarından olan bir qulam.»
1704.Məhəmmədin peyğəmbərliyinin cahanşümul olması.
Qur‘an:
«Biz, səni bütün insanlara müjdə verən və qorxudan bir peyğəmbər göndərdik. Lakin, insanların çoxu bilmir.»
Hədis:
6044.Allahın Peyğəmbəri (s): «Mən, həm mənimlə (bir dövrdə) olanların, həm də məndən sonra dünyaya gələnlərin peyğəmbəriyəm.»
6045.Allahın Peyğəmbəri (s): «Məndən qabaq hər bir peyğəmbər ümmətinə, öz qövmünün dili ilə göndərilirdi. Amma, Allah məni ərəb dili ilə bütün ağ və qaralara göndərib.»
1705.Peyğəmbərin sülaləsi.
6046.İmam Əli (ə): «Onun sülaləsi ən yaxşı sülalə, şəcərəsi ən yaxşı şəcərədir. Həmin şəcərənin qol-budaqları taraz, meyvələri asılmışdır. Doğulduğu yer Məkkə, hicrət etdiyi yer isə Teyyibədir (gözəl Mədinə şəhəridir). Şöhrəti orada ucaldı və (də‘vətinin) səsi hər yerə oradan çatdı.»
6047.İmam Əli (ə): «Şəhadət verirəm ki, Məhəmməd Allahın bəndəsi və peyğəmbəri, Onun bəndələrinin ağasıdır. Allah-taala yaratdıqlarını iki dəstəyə ayıranda, Onu ən yaxşı dəstəyə saldı.»
1706.Peyğəmbərin xüsusiyyətləri.
1.Yüksək əxlaq.
Qur‘an:
«Doğrudan da, sən böyük əxlaq sahibisən!»
Hədis:
6048.İmam Əli (ə) (Peyğəmbərin (s) vəsfində): «O, insanların ən səxavətlisi, ən şücaətlisi, ən doğruculu, əhd-peymana ən vəfalısı, ən mülayim xasiyyətlisi və ən alicənab rəftarlısı idi. Kim onu ilk dəfə görsəydi, Peyğəmbərin (s) zəhmi onu basardı. Onunla qaynayıb-qarışan və tanıyan şəxs Onu sevərdi. Nə keçmişdə, nə də indi onun kimisini görməmişəm.»
6049. Ayişə («Peyğəmbərin (s) əxlaqı evdə necə idi?» sualının cavabında): «O, insanların ən xoş xasiyyətlisi idi. Nə söyüş söyərdi, nə pis söz danışardı, nə küçə-bazarda səs-küy salardı və nə də pisliyin əvəzini pisliklə çıxardı. Əksinə, bağışlayar və güzəşt edərdi.»
6050.Ayişə: «Allahın Peyğəmbəri (s) üçün, yalan danışmaqdan mənfur bir xislət yox idi. Səhabələrindən birinin yalan danışmasından xəbər tutanda, həmin şəxsin tövbə etməsini bilənə kimi ona etinasız olardı.»
6051.Ayişə: «Allahın Peyğəmbəri (s) insanların ən mülayim xasiyyətlisi və ən alicənabı idi. O da sizin kişiləriniz kimi bir kişi idi. Fərqi bunda idi ki, həmişə gülərüz idi və dodaqlarında təbəssüm olardı.»
6052.Məhəmməd ibn Hənəfiyyə: «Allahın Peyğəmbəri (s) demək olar ki, heç vaxt bir şeyə «yox» deməzdi. Ondan bir şey istənilən zaman, onu yerinə yetirmək istəyəndə «bəli» deyərdi. Yerinə yetirmək istəməyəndə isə sakit durardı və nəticədə həmin şəxs başa düşərdi ki, o Həzrətin həmin işə meyli yoxdur.»
6053.Abdullah ibn Haris: «Mən dodağında Peyğəmbərdən (s) çox təbəssüm olan bir adam görmədim.»
2. Əmin.
6054.Allahın Peyğəmbəri (s): «Bilin! And olsun Allaha ki, mən göydə də inanılmışam, yerdə də!»
6055.İbn İshaq: «Allahın Peyğəmbərinə (s) vəhy nazil olmamışdan qabaq, Qüreyş o Həzrətə «Əmin» deyirdi.»
6056.İbn İshaq: «Xuvəylidin qızı Xədicə tacir və varlı bir qadın idi. O, ticarət etmək üçün öz malı ilə adamları xidmətə götürər və işlərinin müqabilində ticarətdən əldə edilmiş qazancın müəyyən bir hissəsini onlara verərdi. Qüreyş qəbiləsi tacirliklə məşğul olan bir tayfa idi. Peyğəmbərin doğruçuluğu, inanılmış və gözəl əxlaq sahibi olması Xədicəyə çatanda, o Həzrətin yanına adam göndərdi və belə bir təklif verdi ki, onun malı ilə ticarət etmək üçün Şama getsin.»
3. Adil.
6057.İmam Sadiq (ə): «Allahın Peyğəmbəri (s) baxışlarını öz səhabələri arasında bölərdi və onların hər birinə bərabər həddə baxardı.»
4. Şücaətli.
6058.İmam Əli (ə): «Döyüş qızışanda və iki qoşun bir-birinin canına düşəndə, biz Allahın Peyğəmbərinə sığınırdıq və heç kəs düşmənə o Həzrətdən yaxın olmurdu.»
6059.Bəra ibn Azib: «Döyüş qızışanda, biz Peyğəmbərə sığınırdıq və o şəxs şücaətli idi ki, onunla çiyin-çiyinə olurdu.
6060.Ənəs: «Allahın Peyğəmbəri (s) insanların ən gözəli, ən səxavətlisi və ən şücaətlisi idi. Bir gecə Mədinə əhalisi bir səs eşitdi və qorxuya düşdü. Əhalinin bir dəstəsi səsə tərəf getdi. Səsə tərəf daha çox irəliləmiş Peyğəmbər Əbu Təlhənin çılpaq atına minmişdi və çiynində qılınc geri qayıdırdı. Həzrət həmin dəstəni görüb buyurdu: Qorxmayın, qorxmayın.»
5. Mehriban.
6061.Ənəs: «Peyğəmbərin xasiyyəti belə idi ki, qardaşlarından birini üç gün görməyəndə, onun vəziyyəti ilə maraqlanardı. Əgər həmin şəxs səfərə getmiş olsaydı, onun barəsində dua edər, şəhərdə olsaydı görüşünə gedərdi və əgər xəstələnmiş olsaydı, ona dəyərdi.»
6. Həlim.
6062.Ənəs: «Mən Allahın Peyğəmbəri (s) ilə yol gedirdim və onun əynində Nəcran kətanından qıraqları sərt əba var idi. Bir bədəvi ərəb gəlib çıxdı və o Həzrətin əbasını möhkəm dartdı. Mən Peyğəmbərin boynuna baxıb gördüm ki, əbanın möhkəm çəkilməsi nəticəsində onun qıraqları Peyğəmbərin boynunu cızıb. Sonra həmin bədəvi ərəb dedi: Ey Məhəmməd, göstəriş ver sənin yanında olan Allah malından mənə versinlər. Peyğəmbər (s) ona tərəf döndü, güldü və sonra göstəriş verdi ki, ona bir şey əta etsinlər.»
7. Həyalı.
6063.Əbu Səid əl-Xudəri: «Allahın Peyğəmbəri (s) pərdə arxasında oturan bakirə qızlardan da həyalı idi.»
6064.Əbu Səid əl-Xudəri: «Allahın Peyğəmbəri (s) o qədər həyalı idi ki, ondan nə istənilirdisə, onu verirdi.»
8. Təvazökar.
6065.Allahın Peyğəmbəri (s): «Nə qədər ki sağam, beş şeyi – yerdə qullarla yemək yeməyi, çılpaq uzunqulağa minməyi, keçini öz əlimlə sağmağı, yun paltar geyinməyi və uşaqlara salam verməyi tərk etməyəcəyəm ki, onlar məndən sonra sünnə olsunlar.»
6066.Əbu Məsud: «Bir kişi, Peyğəmbərin (s) yanına gəlib bədəni titrəyə-titrəyə o Həzrətlə söhbət etməyə başladı. Peyğəmbər buyurdu: Sakit ol, mən ki, padşah deyiləm. Mən qaxac ət yeyən arvadın oğluyam.»
6067.Həmzə ibn Abdullah ibn Ütbə: «Peyğəmbərdə (s) padşahlarda olmayan xislətlər var idi. Qırmızı, ağ və qara dərili insanlardan kim onu də‘vət etsəydi, həmin şəxsin də‘vətini qəbul edərdi. Bə‘zən yerdə bir xurma görəndə onu götürərdi və sədəqə xurması olmasından qorxmasına baxmayaraq, onu ağzına qoyardı. Bir də çılpaq, palansız uzunqulağa minərdi.»
6068.İmam Baqir (ə): «Cəbrayil (ə) yerin xəzinələrinin açarlarını üç dəfə Peyğəmbərin (s) yanına gətirdi və Allah-taalanın onun üçün qiyamətdə hazırladıqlarından bir şey azaltmaması şərti ilə onu, onları seçməkdə azad qoydu. Lakin Peyğəmbər (s) hər dəfə Allah-taala qarşısında təvazökarlığı seçdi.»
6069.İmam Baqir (ə): «Allahın Peyğəmbəri (s) qul kimi yemək yeyər və qul kimi oturardı, yerdə yeyər və yerdə yatardı.»
9. Təvəkkül edən.
6070.İmam Sadiq (ə): «Zatur-Riqa» döyüşündə Peyğəmbər (s) dərənin kənarına bir ağacın altına gəldi. Elə bu vaxt sel gəldi və o Həzrəti səhabələrindən ayırdı. Müşriklərdən biri Peyğəmbəri (orada tək) gördü. Müsəlmanlar isə dərənin o tərəfində selin kəsilməsini gözləyirdilər. Müşriklərdən bir kişi öz silahdaşlarına dedi: Mən Məhəmmədi öldürəcəyəm. O, gəlib Peyğəmbərə qılınc çəkdi və dedi: Ey Məhəmməd! Səni mənim əlimdən kim qurtara bilər? Peyğəmbər buyurdu: Mənim və sənin Rəbbin! Bu vaxt Cəbrayil (ə) həmin kişini atın üstündən yerə yıxdı və o, arxası üstə yerə dəydi. Allahın Peyğəmbəri (s) durub qılıncını götürərək onun sinəsində oturdu və dedi: Ey Qorəs, səni mənim əlimdən kim qurtara bilər? Həmin şəxs dedi: Ey Məhəmməd, sənin comərdlik və alicənablığın! Peyğəmbər (s) onu buraxdı. Həmin kişi «vallah sən məndən daha yaxşı və daha alicənabsan» deyə-deyə ayağa qalxdı.»
10. Səbirli.
6071.Allahın Peyğəmbəri (s): «Heç kəs Allah yolunda mənim kimi əziyyət çəkməyib.»
6072.Allahın Peyğəmbəri (s): «Heç kəs Allah yolunda mənim qədər əziyyət görməyib və heç kəs mənim qədər Allah yolunda qorxudulub hədələnməyib. Mən Bilalla birlikdə, Bilalın qoltuğunun altına qoyulacağı təqdirdə görünməyən miqdarı çıxmaq şərti ilə canlı varlığın yeyə biləcəyi qidamız olmadan, otuz gecə-gündüzü arxada qoymuşam.»
6073.İsmayıl ibn Əyyaş: «Allahın Peyğəmbəri (s) camaatın (xəta və) günahları qarşısında hamıdan səbirli idi.»
6074.İbn Məsud: «Sanki, Peyğəmbəri (s) digər peyğəmbərlər kimi görürəm ki, qövmü onu vurur, qana bulaşdırır və O, üzünün qanını silərək deyir: Allahım, mənim qövmümü bağışla, çünki onlar nadandır.»
11. Dünyaya rəğbətsiz.
6075. «Məkarimul əxlaq»: «Allahın Peyğəmbəri (s) həsirin üstündə uzanmışdı və o Həzrətin böyründə həsirin yeri qalmışdı. O Həzrətə dedilər: Gərək bir döşək götürəydiniz. Həzrət buyurdu: Mənim dünya ilə nə işim? Mənimlə dünyanın əhvalatı, isti yay günündə yol gedən və günün bir neçə saatını bir ağacın kölgəsində dincələn, sonra hərəkət edərək (yol) gedən süvarinin əhvalatına bənzəyir.»
6076.İmam Baqir (ə): «Allahın Peyğəmbəri (s) irs olaraq nə bir dinar qoyub getdi, nə bir dirhəm, nə qul, nə kəniz, nə qoyun və nə də dəvə. Vəfat edən zaman onun zirehi Mədinə yəhudilərindən birinin yanında girov qoyulmuşdu. Həzrət onu, ailəsi üçün altmış kiloqram arpa borc götürməyin müqabilində girov qoymuşdu.»
6077.Ömər: «Peyğəmbərin hüzuruna getdim. O Həzrət həsirin üstündə oturmuşdu. Mən də oturdum. Gördüm ki, əynində fitədən başqa bir şey yoxdur və həsir bədəninə xətt salıb. Otağın bir küncündə (təqribən) üç kiloqram arpa və (dabbaqlıq üçün) bir az sürmə yarpağı görünürdü. Bir dənə aşılanmamış dəri də (divardan) asılmışdı. Gözlərimdən yaş axmağa başladı. Allahın Peyğəmbəri buyurdu: Xəttabın oğlu, nə üçün ağlayırsan? Dedim: Ey Allahın Peyğəmbəri, bu həsirin sizin böyrünüzə xətt salmasını, xəzinənizin bu gördüklərim olmasını müşahidə edəndə necə ağlamayım? Kəsra və Qeysər (şahları) meyvə dolu və çaylar axan bağlarda yaşadıqları halda, Allahın Peyğəmbəri və seçilmiş bəndəsi olan Sizin xəzinənizin vəziyyəti belədir? Peyğəmbər buyurdu: Ey Xəttabın oğlu! Axirətin bizim, dünyanın isə onların olmasına razı deyilsən?»
6078 «Məkarimul əxlaq»: «İbn Xuli Peyğəmbərə (s) bir qab süd və bal gətirdi. Allahın Peyğəmbəri (s) onları yeməkdən imtina edərək buyurdu: Bir öynədə iki içməli şey? İki qabı bir qaba? Həzrət onu yemədi və buyurdu: Mən bunları (yeməyi) haram hesab etmirəm, amma öyünməyi və sabah (qiyamətdə) dünyanın artıq şeylərinə görə hesaba çəkilməyi xoşlamıram. Mən təvazökarlığı sevirəm. Çünki kim Allaha görə təvazökarlıq etsə Allah onu ucaldar.»
12. Başqalarını özündən və ailəsindən qabağa salmaq.
6079.İmam Baqir (ə) (Məhəmməd ibn Müslimə xitabən):–«Ey Məhəmməd! Səncə Allahın Peyğəmbəri (s), Allah onu peyğəmbər kimi göndərəndən canını alana kimi üç gün dalbadal doyunca buğda çörəyi yeyib?» İmam (ə) sonra özü cavab verərək buyurdu: «And olsun Allaha, xeyr! O Həzrət Allah onu göndərəndən canını alana kimi heç vaxt üç gün dalbadal doyunca çörək yemədi.
Bilin! Mən onun (yeməyə) bir şey tapmamasını demək istəmirəm. O Həzrət bə‘zən bir nəfərə yüz dəvə hədiyyə edərdi. Deməli, yemək istəsəydi, yeyərdi.»
13.Özünə görə qəzəblənməmək.
6080. «əl-Mə‘naqib»: «Allahın Peyğəmbəri (s) Rəbbinə görə qəzəblənərdi, özünə görə isə yox.»
6081.Ayişə: «Allahın Peyğəmbəri (s), Allah yolunda vuruşması istisna olmaqla heç vaxt, heç kəsi-nə bir qadını və nə də bir xidmətçini- vurmadı. Heç vaxt öz şəxsi işinə görə kimsədən intiqam almazdı. Allahın haramının pozulması istisna idi ki, onda da, Allah-taalaya görə intiqam alardı.»
14.İbadətdə özünü məşəqqətə salmaq.
Qur‘an:
«Ta Ha. Biz Qur‘anı sənə məşəqqətə düşməyin üçün nazil etmədik.»
Hədis:
6082.İmam Əli (ə): «Ey paltarını özünə bürümüş, gecəni– az bir hissəsi istisna olmaqla– ayağa dur» ayəsi Peyğəmbərə nazil olanda, o Həzrət bütün gecəni səhərə kimi, ayaqları şişənə qədər ibadətlə məşğul olardı. Belə ki, (namaz qılanda) ayağının birini qaldırır və o birini yerə qoyardı. Sonra Cəbrail o Həzrətə nazil oldu və dedi: «Ta Ha.» Yəni ayaqlarının hər ikisini yerə qoy, ey Məhəmməd «Biz, Qur‘anı sənə məşəqqətə düşməyin üçün nazil etmədik.» Həmçinin o bu ayəni nazil etdi: «Qur‘andan sizə müyəssər olanı oxuyun.»
6083.İmam Baqir (ə): «Allahın Peyğəmbəri (s) bir gecə Ayişənin növbəsində onun yanında idi. O, Peyğəmbərə dedi: Ey Allahın Peyğəmbəri (s), nə üçün özünü əziyyətə salırsan, halbuki Allah sənin keçmiş və gələcək günahlarını bağışlayıb? Həzrət buyurdu: Ey Ayişə, şükr edən bəndə olmayım?»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild