Ümmü Vərəq Ənsarinin şəhidlik arzusunda olması
Ümmü Vərəqə Ənsari Abdullah ibn Harisin qızıdır. O özü şəhid olmaq ümidi və döyüşçülərə kömək etmək məqsədiylə Həzrət Peyğəmbərdən (s) Bədr savaşında iştirak etməsinə icazə verməsini xahiş etdi. Peyğəmbər (s) ona gələcəkdə şəhid olacağını müjdə verdi. Bundan sonra onu "Şəhidə” çağırardılar. O, Ömərin xilafəti dövründə, onun kəniz və qulamının əliylə şəhid oldu.
Dörd şəhid anası Xinnəsa
İslamın güclü mübəlliğlərindən (təbliğatçı) sayılan Xinnəsanın digər adı da Təmazur idi. O öz qəbiləsini İslama inandırmış və nəticədə qəbiləsinin bütün üzvləri hamılıqla iman gətirmişdi. Xinnəsa camaatı öz söhbətləri və şe`rləri ilə İslam dininə də`vət edərdi. (Hicrətin 14-cü ilində) Müsəlmanlarla iranlılar arasında (Kufənin qərbində, 15 fərsəxlikdə) Qadisiyyə məntəqəsində döyüş baş verdi. Onun oğlanlarından dördü həmin döyüşdə şəhid oldular. O, özü övladlarını ön cəbhəyə göndərdi və onları səbirli, dözümlü olmağa çağıraraq, Qur`an ayələrini oxumaqla onları döyüşə həvəsləndirirdi. Meydana tərəf çapıb döyüş mahnısı oxuyur və döyüşçüləri düşməni məhv etmək üçün hərəkətə gətirirdi. Oğlanlarının dördünün də şəhidlik xəbərini eşidəndə dedi: "Mənə onların şəhidliyi ilə iftixar bəxş edən Allaha həmd olsun. Allah məni də onlarla birlikdə öz rəhmət və rizvanında məhşur etsin”.
Maraqlısı budur ki, İslamın əvvəlindəki qadınlar, mübarizə səhnəsində və bu kimi sair işlərdə həmişə hazır olardılar. İmam Əli (ə) Cəməl savaşında Aişəni Mədinəyə çatdırmaq üçün qırx silahlı qadını ona mühafizəçi tə`yin etdi. Çünki hiyləgər insanlar tərəfindən ona təhlükə yaranar, fürsət axtaran adamlar isə bundan öz siyasi məqsədləri üçün istifadə edə bilərdilər.
Kitabın adı: İslamda qəhraman qadınlar