Zeynəb (s.ə) övladlarından şəhid
Məlum olduğu kimi, Zeynəbi-Kubranın əri Əbdullah ibni Cəfər, imam Hüseyn (ə) Məkkədən çıxarkən, o Həzrətə bir məktub yazıb, oğulları Məhəmməd və Ounu məktubla birgə İmamın yanına göndərdi ki, ona qulluq etsinlər. Bu iki nəfər Kərbəla vaqiyəsində iştirak etmiş və hər ikisi şəhid olmuşlar. Məhəmməd haqda dəqiq məlumat olmasa da, qəti surətdə məlumdur ki, Oun, Əbdullahın həzrət Zeynəbdən olmuş oğludur.
Aşura günü Məhəmməd şücaətli bir döyüşdən sonra şəhid oldu. Ondan sonra isə, qardaşı Oun döyüşə hazırlaşır və bir rəcəz oxuyaraq özünü belə təqdim edir:
"Əgər məni tanımırsınızsa, mən Cəfərin - həqiqi şəhidin oğluyam ki, behiştdə parıldayaraq, yaşıl qanadlarla uçacaqdır. Məhşər günü şərafət üçün isə elə bu qədər kifayətdir”.
Sonra düşmənə hücum edib, atlılardan üçünü piyadalardan isə on səkkizini öldürdükdən sonra şəhadətə yetişir.
Zeynəbin oğlu Ounun şəhid olduğu vaxt yaşı haqda dəqiq məlumat yoxdur. Amma, Seyyid Mürtəzanın onun üçün nəql etdiyi bir ziyarətnamədən məlum olur ki, yeniyetmə olmuşdur. çünki, o ziyarətnamədə belə oxuyuruq: "Salam olsun sənə, ey Oun ibni Əbdullah ibni Cəfər ibni Əbu Talib! Salam olsun sənə, ey Peyğəmbər qucağında böyümüş və onun əxlaqına iqtida edənin oğlu! Və salam olsun sənə ki, yeniyetmə vaxtında, hələ bədəni güclənib, möhkəmlənməmiş Peyğəmbər hərəmini müdafiə etdin, arxayın qəlb və aram ürəklə düşmən nizələrinin istiqbalına getdin və nəhayət ən yaxşı əməllə Allaha qovuşdun!
Zeynəb (s)-ın öz şücaətli oğlu Ounun şəhadətini necə qarşılaması tarixdə qeyd olunmamışdır. Amma, Zeynəb kimi insandan bu müsibətin qarşısında da yalnız səbr gözləmək lazımdır. övlad şəhadəti, onun üçün Seyyidüş-şühəda və onun övladlarının şəhadəti qarşısında çox asandır. çünki, Zeynəbin nəyi olsa da, o, özünü Hüseyn (ə) yolunun fədaisi bilir. O, həqiqətən də vilayətə etiqadlı idi və «Ənnəbiyyu ovla bil mömininə min ən fusihim» ayəsinin mənasını çox gözəl başa düşürdü. Bilirdi ki, Peyğəmbər (s) övladlarını hər şeydən, hətta öz canı və övladlarından da üstün tutulmalıdır.
Mənbə: "Həzrət Zeynəbin (s.ə) həyatı" kitabı