310. Qeyb
1438. Peyğəmbər, Allahın tə‘limi ilə qeybdən xəbər verdi.
4898. İmam Sadiq (ə): «Təbuk döyüşündə Allahın Peyğəmbərinin (s) dəvəsi itir. Münafiqlər deyirlər: «Bizə qeybdən danışır, ancaq dəvəsinin yerini bilmir.» Cəbrayıl Peyğəmbərə (ə) nazil olub münafiqlərin dediklərini Həzrətə çatdırdı və dedi: «Dəvən filan dərədədir və cilovu iri bir ağaca ilişib.» Sonra Allahın Peyğəmbəri (s) camaatı namaza çağırdı. Camaat yığışdı. Həzrət buyurdu: «Ey camaat! Mənim dəvəm filan dərədədir.» Camaat həmin dərəyə doğru tələsdi və dəvəni tapdılar.»
1439. İmam və qeyb elmi.
4899. «Nəhcül-Bəlağə»: «Əmirəl-mömininin (ə) (Kəlb qəbiləsindən olan) səhabələrindən biri Həzrətə ərz etdi: «Ya Əmirəl-möminin! Qeyb elmi sənə verilmişdir.» Həzrət güldü və buyurdu: «Ey Kəlb qəbiləsindən olan kişi! Bu qeyb elmi deyil, sahibindən elmi öyrənməyin təsiridir. Qeyb elmi qiyamət gününü bilmək elmidir. Allah-taala onları sayaraq buyurmuşdur: «Həqiqətən, qeyb elmi Allahın yanındadır. Yerə yağış göndərər və qadınların uşaqlıqlarında olanı bilər.»
4900. İmam Sadiq (ə) («İmam qeybi bilirmi?» sualına cavabından):– «Yox. Ancaq, nəyisə bilmək istəyəndə, Allah həmin şeyi ona öyrədir.»
4901. İmam Kazim (ə) («Siz qeybi bilirsinizmi?» deyə soruşan bir iranlı kişiyə verdiyi cavabdan):–«(İlahi) Elm bizim üçün açıq olduqda bilirik, üzümüzə bağlandıqda isə bilmirik.» Sonra buyurdu: «Elm, izzət və cəlallı Allahın sirridir və onu Cəbrayılla bölüşmüşdür. Cəbrayıl onu Məhəmmədlə (s), Məhəmməd isə istədiyi kimsə ilə bölüşdü.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild