291. Əmək
1360. Əməyə həvəsləndirmək
Qur‘an:
«Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərindən daha yaxşı olan mükafat verəcəyik.»
Hədis:
4613. Allahın Peyğəmbəri (s): «Vəfat etmiş insana üç şey yoldaşlıq edər: ailəsi, var-dövləti və əməli. Bunlardan ikisi qayıdıb geri dönər, biri isə qalar. Ailəsi və var-dövləti qayıdar, əməli isə onunla qalar.»
4614. İmam Əli (ə): «İş görün, onu başa çatdırın və gördüyünüz işdə möhkəm olun. Bu zaman dözümlü və təqvalı olun. Elə sizin axırınız da budur. Elə isə özünüzü axır aqibətinizə (cənnətə) çatdırın.»
4615. İmam Əli (ə): «Hər kimsə işini asta aparsa, əsil-nəsibi onu tələsik götürər.»
4616. İmam Əli (ə): «İş görmədən axirətə ümid bəsləyənlərdən olma… Belələri yaxşı əməl sahiblərini sevər, ancaq elədiklərini etməzlər. Günah edənləri düşmən bilsələr də özləri də onların cərgəsindədir. …Başqalarının öz günahlarından az olan günahlarına görə qorxu hissi keçirər, özləri üçünsə gördükləri işdən artıq mükafata ümid bəsləyirlər… İş (yaxşı əməl) görməkdə əksiklik, mükafat diləməkdə israr edərlər…Çox söz danışar, az iş görərlər.»
4617. İmam Sadiq (ə): «Allah-taala hər kimsənin bir namazını qəbul edərsə, ona əzab verməz. Hər kimsənin bir yaxşı əməlini qəbul edərsə, …ona əzab verməz.»
4618. İmam Sadiq (ə): «Az çalışın ki, daha çox nemət sahibi olasınız.»
4619. İmam Hadi (ə): «İnsanların bu dünyada işi mal-dövlətlə, axirətdə isə əməlləri ilə olar.»
1361. İş və mükafat
Qur‘an:
«Nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik edən şəxs onun cəzasını çəkəcək və o, Allahdan başqa nə dost, nə də bir imdada yetən tapacaqdır. Hər mömin kişi və ya qadın yaxşı iş görərsə, cənnətə daxil olar. Onlara xurma çərdəyinin arxası qədər də haqsızlıq edilməz.»
Hədis:
4620. Allahın Peyğəmbəri (s): «Tikan kolundan üzüm dərilmədiyi kimi, pis iş görənlər də yaxşı əməl sahiblərinin yerini tutmazlar. Belə isə hansı yolla istəyirsinizsə gedin. Çünki hansı yolla getsəniz, onun əhli ilə üzləşərsiniz.»
1362. İşin icrasına nəzarət
4621. İmam Əli (ə): «İşlərin gedişatını izləyin. Çünki Allah-taala möminlərin işi üçün ölümündən qeyri bir sonluq qoymamışdır.»
4622. İmam Əli (ə): «Davamlı olaraq gördüyün (yaxşı) iş, səni yoran çox işdən daha ümidvericidir.»
4623. İmam Baqir (ə): «Davamlı olaraq görülən iş azacıq olsa belə, onun qədər heç nə Allah yanında daha əziz deyildir.»
4624. İmam Sadiq (ə): «Hər kimsə bir iş görməyə başlayarsa, onu bir ilə qədər davam etdirməlidir. Sonra əgər istəyərsə, başqa işlə məşğul olmalıdır. Çünki Allah-taalanın istədiyini təyin etdiyi Qədr gecəsi həmin bir ildədir.»
1363. İşlərin ən üstünü
4625. Allahın Peyğəmbəri (s): «İşlərin ən üstünü, onların ən çətinidir.»
4626. Allahın Peyğəmbəri (s): «İşlərin ən üstünü, az olmuş olsa belə ən davamlı olanıdır.»
4627. Allahın Peyğəmbəri (s): «Allah dərgahında işlərin ən sevimlisi, möminə bəxş etdiyin sevinc, aclığını aradan götürməyin və qəm-qüssəsini dağıtmağındır.»
4628. İmam Əli (ə): «İşlərin ən üstünü, nəfsini onu görməyə məcbur etdiyin işdir.»
4629. İmam Əli (ə): «Ən üstün iş, Allah naminə görülən işdir.»
4630. İmam Əli (ə): «Ən üstün iş, haqqa sadiq qalmaqdır.»
4631. İmam Sadiq (ə) (İşlərin ən üstünü barədə suala cavabından): «Vaxtında qılınan namaz, ata-anaya edilən yaxşılıq və Allah yolunda edilən cihad.»
1364. Əməlləri özlərinə xeyri olmayanlar
4632. Allahın Peyğəmbəri (s): «Hər kimdə bu üç şey olmasa, heç bir əməli kamilləşməz: Onu Allaha itaətsizlikdən saxlayan pəhrizkarlıq, insanlarla yola getməsinə səbəb olan xasiyyət və nadanın cahilyana rəftarını dəf etdiyi səbrlilik.»
4633. Allahın Peyğəmbəri (s): «Üç şey var ki, onlar olarsa heç bir əməl fayda verməz: Allaha şərik qoşmaq, ata-anaya itaətsizlik edib onları incitmək və cihaddan qaçmaq.»
4634. Allahın Peyğəmbəri (s): «Hər kim dilini saxlamasa, heç bir iş görməmişdir.»
4635. İmam Baqir (ə): «Şəkk və inkar olan yerdə heç bir əməlin faydası olmaz.»
4636. İmam Sadiq (ə): «Allah-taala, öz mömin qardaşına qarşı bəd niyyətdə olan möminin heç bir əməlini qəbul etməz.»
1356. Uzaq durulmalı olan işlər
4637. İmam Əli (ə): «İş görənin özünə rəva bildiyi, lakin müsəlman camaata rəva bilmədiyi hər bir işdən uzaq dur.»
4638. İmam Əli (ə): «Gizlində görülən və aşkarda görülməkdən utanılan hər bir işdən uzaq ol.»
4639. İmam Əli (ə): «Gördüyü işi kimsənin yadına saldıqda, onu çirkin əməl saydığı hər bir işdən çəkinin.»
1366. İşin möhkəm tutulması
4640. Allahın Peyğəmbəri (s): «Allah-taala hər birinizin iş görərkən işini möhkəm (və eybsiz) tutmasını istəyir.»
4641. İmam Sadiq (ə): «Allahın Peyğəmbəri (s) övladı İbrahim vəfat etdikdə onun qəbrində bir dəlik görür və onu əli ilə doldurub hamarlayır. Sonra buyurur: Sizlərdən kimsə iş gördükdə, işini möhkəm tutsun.»
1367. Əməllərin təqdim olunması
Qur‘an:
«De ki: istədiyinizi edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkari bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizi nə etdiklərinizdən xəbərdar edəcəkdir!.»
Hədis: 4642. Allahın Peyğəmbəri (s): «Bazar ertəsi və cümə axşamı günlərində əməllər göstərilir. Günahlarının bağışlanmasını diləyənlərin günahları bağışlanır, tövbə edənin tövbəsi qəbul olunur və kin saxlayanların kinləri qaytarılır ki, tövbə etsinlər.»
4643. Allahın Peyğəmbəri (s): «Sizin işləriniz hər gün mənə göstərilir. İşləriniz yaxşı olduqda, Allahdan işlərinizin artmasını diləyirəm, pis olduqda isə, Allahdan sizin bağışlanmanızı diləyirəm.»
4644. İmam Hüseyn (ə): «Hər səhər erkən ümmətin əməlləri Allah-taalaya təqdim olunur.»
4646. «Vəsail əs-Şiə»: Abdulla ibn Əban İmam Rzaya (ə) ərz etdi: «Bir çox dostlarınız məndən xahiş edirlər ki, onlar haqda dua etməyinizi sizdən rica edim.» Həzrət buyurdu: «Allaha and olsun, mənim özüm hər gün onların əməllərini Allaha təqdim edirəm.»
1368. Əməl dəftəri
Qur‘an:
«Bu bizim kitabımızdır və sizin əleyhinizə haqqı deyər. Biz sizin etdiyiniz əməlləri yazdırmışıq.»
Hədis:
4647. İmam Əli (ə): «Sağ tərəfdəki mələk yaxşı əməlləri, sol tərəfdəki mələk isə pis əməlləri yazar. İki gündüz mələyi insanın gündüz gördüyü işləri, iki axşam mələyi onun gecədəki əməllərini qeyd edər.»
1369. Əməllərin təcəssümü
Qur‘an:
«Kim zərrə qədər yaxşı iş görərsə, onun xeyrini görəcəkdir. Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini çəkəcəkdir.» «Bir gün hamı özünü etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaq. Allah sizi öz əzabından çəkindirir. Çünki O, öz bəndələrinə mərhəmətlidir.»
Hədis:
4648. Allahın Peyğəmbəri (s): «Mömin öz qəbrindən çıxanda əməli gözəl bir surətdə qarşısında canlanacaqdır. Mömin ona deyəcək: «Sən kimsən? Allaha and olsun, səni yaxşı və düzgün insan kimi görürəm.» O deyə-cək: «Mən sənin əməllərindənəm.» Sonra onunçün cənnətə bələdçi və nur olacaqdır. Kafir qəbrdən çıxdıqda isə əməli bəd xəbər və çirkin bir şəkildə qarşısında canlanacaqdır. O deyəcək: «Sən kimsən?. Allaha and olsun ki, səni pis insan kimi görürəm.» O isə deyəcək: «Mən sənin əməllərinəm.» Sonra isə onu aparıb oda atacaq.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild