Acı hadisələr müqabilində səbr etmək
Qurani-kərimin ayələrindən, rəvayətlərdən və keçmişdəkilərin hekayələrindən əlavə, öz təcrübələrimiz də göstərir ki, dünya xoşagəlməz və acı hadisələr, bəla, giriftarçılıqlar və müsibətlərə bürünüb. Həzrət Əmirəl-möminin Əli (ə) buyurur: "Dünya elə bir evdir ki, bəlalar onu bürümüş, vəfasızlıq və hiylə ilə tanınmışdır. Hadisələri müxtəlif, sakinləri də rahat deyil. Əhvalı dəyişkən, vəziyyəti də ötüb keçəndir. Oradakı həyat məzəmmət olunub, əmniyyət və asayişi də yoxdur. Onun əhalisi həmişə bəla (oxları) hədəfinə çevrilib, daim onlara tərəf atılır və ölümlə onları məhv edir”.(Nəhcül-bəlağə, Sübhi Saleh, 226-cı xütbə.)
O Həzrət (ə) Şüreyh Qaziyə (səksən dinarlıq ev aldığına görə) buyurdu: "Bu evin qəbzinin bir nüsxəsini yazıram. O nüsxə belədir: Bu, zəlil bəndənin köçməyə hazır olan ölüdən aldığı, fani olanların məhəlləsində, həlak olanların küçəsində, qürur sarayından bir evdir. Onun dörd tərəfi vardır. Bir tərəfi bədbəxtlik və bəlalardan, ikinci tərəfi acı hadisələr və müsibətlərdən, üçüncü tərəfi süstləşdirici istək və meyillərdən, dördüncü tərəfi isə doğru yoldan, azdırıcı şeytana birləşmiş divardan ibarətdir. Bu evin qapısı da dördüncü tərəfə açılır”.(Nəhcül-bəlağə, 3-cü məktub.)
İmam Əlinin (ə) bəyanında dünyanın dörd tərəfində bəlalar və müsibətlər olduğunu görürük. Beləliklə aydın olur ki, dünya rifah və asayiş yeri deyil. Orada insan həmişə bəla və giriftarçılıqla mübarizədədir.
Mənbə: "İslamda qəhraman qadınlar" kitabı