Aldadıcı səmimiyyətlər
İnsanlar öz fitrətləri etibarı ilə ədalətsizlikdən, zülm və zülmkarlıqdan qaçır, ona nifrət edir, fəsadı və əxlaqsızlığı bəyənmir, islahpərvər, sülhsevər, biçarələrin halına yanan, könüllərini oxşayan olurlar.
Şeytan firqəsi xalqı yoldan azdırmaqda bu sözlərdən və soyuq silahdan həddindən artıq istifadə edir, bəzən islah və sülhsevərlik, bəzən bəşər hüququna tərəfdarlıq, bəzən yoxsullara xidmət və fəhlənin, zəhmətkeşin hüquqlarını bərpa etmək adı ilə, bəzən də azadlıq və demokratiya adı ilə inqilab edir. Lakin bütün bu sözlər, gözəl və cəzbedici kəlmələr qəzetlərdə, jurnallarda gözə dəyir və ya radio-televiziyada eşidilir, ancaq cəmiyyətin biçarə və yoxsul insanlarının həyatında, küçə-bazarda, xiyabanlarda, idarə və nazirliklərdə, ictimai müəssisələrdə əsla görünmür, hiss olunmur. Əgər xalqın həyatında nəzərə çarpsa da, bu, o zamana qədər davam edir ki, firqənin başçıları, insanların tapdalanmış hüquqlarını müdafiə edən iddiaçılar qüdrət əldə edir, özlərinə söyəkənəcək tapır. Sonra hər şey unudulur, hətta verilmiş vədlərin yerini yeni zülmlər tutur.
Allah insanların bu dəstəsi barədə Öz Peyğəmbərinə buyurur: "İnsanların eləsi vardır ki, onun dünya haqqındakı sözləri sənin xoşuna gələr, o, qəlbində olana da Allahı şahid göstərər, halbuki o, sənin düşmənlərinin ən qəddarıdır. Zaman bu düşmənçiliyi o vaxt aşkara çıxarar ki, onlar qüdrət əldə edərlər. O zaman fəsad törətməkdə, istehsal, əkinçilik mənbələrini və insan nəslini məhv etməkdə onların necə səy göstərdiyini görəcəksiniz.”("Bəqərə” surəsi, 204-205)
Bəli, şeytan firqəsinin bütün yağlı vədləri, yoxsulların və fəhlələrin tərəfdarı olması iddiaları, qüdrət əldə etməklə və xalq kütlələri üzərində tam ixtiyar sahibi olmaqla-hər şey, hər şey unudulur, daha yazılarda o gözəl sözlərdən, bəzəkli-düzəkli kəlmələrdən, istilahlardan nə xəbər olur, nə əsər.
Bəşər cəmiyyətlərində məzlumlara tərəfdar olmaq, zülmü və zülmkarı aradan götürmək adı altında nə qədər çox hərəkətlər və qiyamlar meydana gəlmişdir, sitəm görmüş insanlar da bu istək və arzular yolunda çoxlu sərvət və can itkisi verməyə məcbur olmuşlar. Lakin inqilab və hərəkat rəhbərləri qüdrət sahibi olandan və düşməni aradan götürəndən sonra bir muncuğun aradan getdiyi, onun yerini digər bir muncuğun tutduğu və bir zalimin yerinə başqa bir zalımın oturduğu məlum olmuşdur.
Bəzi kommunist və sosialist ölkələrini yaxından müşahidə etdim, onların behişt vəd edən torpaqlarında yandırıcı və dərd artıran cəhənnəm mənzərələrindən başqa bir şey görmədim. Hərçənd xalqın həyatında müəyyən qədər səthi islahatlar nəzərə çarpır, istismar zənciri zahirən aradan götürülmüşdü, amma həqiqətdə o zənciri sağ ayaqdan açıb sol ayağa və ya ayaqdan açıb ələ vurmuşdular. Nəticədə həmin əvvəlki əsarət, qədim əziyyət və zəhmət zənciri başqa şəkildə qalmaqdadır.
Bəli, dünya inqilablarının çoxunda insanlar üçün qələm və söz azadlığı əldə edilmişdir, lakin qəzetlərin xüsusi sütunlarında və müəyyən məqsədlərlə istismarla və zülmkarlıqla mübarizə sədaları xalqın qulağına çatır, ancaq bunlar müəyyən dalğalarda və təyin olunmuş yerlərdə yayılmalıdır, sitəmin başqa sahələri, cəhətləri barədə danışmaq yenə elə möhkəm sıxışdırılır və senzuradan keçirilir ki, İran İslam İnqilabının səsini əks etdirən, ya sitəmin, istismarın bariz nümunəsi olan Əfqanıstana təcavüzü şərh edən bir radio başqasının əlində ola bilməz.
Müsavat, qardaşlıq və bərabərlik çağırışları göyə ucalır, bir qrup xəbər agentlikləri də onu yayır və gücləndirir, lakin cəmiyyət içində onlardan bir əsər-əlamət yoxdur, olsa da, yuxuda, ölümdə və ölümdən sonradır. Hərçənd orda da şiddətli sinfi ixtilaf, təzad vardır; bir sitəmkarın qəbrinin saxlanması üçün məmləkətin xalqının səhiyyəsindən, dərmanından, su və çörəyindən çox diqqət yetirilir və sərmayə qoyulur.
Bəşər hüququnu himayə etməyə tərəfdar olmaq günün ən dəbdə olan iddialarından, dünənin, bugünün ən gözəl sözlərindəndir, ancaq görəsən hansı insan, hansı hüquq və necə himayə, nə cür tərəfdarlıq? Bütün bunları Fələstinin, Əfqanıstanın xalqını, cənubi Afrikanın qara dərililərinin ürək parçalayan vəziyyətində, bəsçi İraq hökuməti tərəfindən kimyəvi bombalarla dağıdılan İran şəhərlərində və digər yerlərdə axtarmaq və görmək, Kremlin sülhü bərqərar etmək haqda puç, boş hay-küylərinə, Vaşinqtonun Ağ Evinin bəşər hüququna tərəfdar olmasına gülmək, millətlərin halına və ya cahilliyinə də ağlamaq lazımdır.
Şair demişkən, "ürəkdən yanmaq, ağlamaq-hər bir dərmansız dərdin davasıdır.” Amma demək lazımdır: Məndən məmləkətin sitəm görmüşlərinə söylə ki, nalə eləməkdən keçmişdir, inqilab edin.
Yoxsa sülh və firavan həyat adı ilə ya dara çəkəcəklər, ya da şişə. İslamın ağuşuna gəl. Səfa da görməsən, cəfa görməzsən.
Kitabın adı: İmam Hüseynin (ə) əxlaqi görüşləri
Müəllif: Ayətullah Əhməd Sabiri Həmədani