Hüseyn (ə) məktəbində aclar və təşnələr
İşlər və hərəkətlər çirkinlik və ya gözəllik cəhətindən eyni cür deyildir. Bu gözəllik və qəbahət, xoşa gəlimlik və xoşagəlməməzlik şeylərin və əməllərin zatında gizlənmişdir. Bu mənanı inkar edənlərin, hər şeyin yaxşılığını və pisliyini yalnız ilahi və ya irfani qanunların yolu ilə olduğunu qələmə verənlərin sözləri kəskin şəkildə rədd olunmuşdur. Pisliklərin və gözəlliklərin mərtəbəsi, möhkəmliyi və zəifliyini də əşyanın zatında axtarmaq lazımdır. Pis və daha pis, yaxşı və daha yaxşı da bu əsas üzrə qiymətləndirilməlidir.
Gözəlliyin bütün sahələri nə qədər kiçik olsa da, yenə böyükdür. Möminlərin rəhbəri Həzrət Əliyyibni Əbi Talib (əleyhissalam)-ın öz dəyərli və qurucu təlimlərində buyurduğu kimi: "Xeyir iş gör və onu kiçik hesab etmə, çünki xeyir işlərin kiçiyi və azı da çoxdur.”("Nəhcül-bəlağə”nin şərhi (İbni Əbil-Hədid), 2-ci cild, səh.562, (Qədim Beyrut çapı))
Lakin Quran məktəbində və İslam mədəniyyətində yenə bir sıra xoşagələn və yaxşı əməllər, üstün və daha üstün məqamlar da vardır ki, Pərvərdigarın ləyaqətli və əməli saleh bəndələri onlara daha çox diqqət yetirir və o cür işlər göməklə Xudavəndi-aləmin rizasına nail olmağa çalışırlar. Bəzən dinin böyük şəxsiyyətləri bəyan ediblər:
"Xeyir əməllərin ən üstünü, onların ən çox zəhmətlə başa gələnidir.”(Qürərül-hikəm”, səh.111)
Çünki, insanın yaxşı əməl və işləri, onun nəfsinin və rahatlıq hərisliyinin başına döyməkdə (qarşısını almaqda) nə qədər çox təsirli olsa, onun ruhunun, kamalının və camalının saflaşmasında da bir o qədər çox rol oynayacaqdır və ən üstün və yaxşı əməl də odur ki, insanın ruhuna daha çox səfa bəxş edir. Bəzən əməllərin ən yaxşısını qiymətləndirmək, dərk etmək üçün başqa bir meyar da göstərilmişdir. Onun izahında belə demək olar ki, Allahı razı salmaq üçün insanın həyata keçirdiyi əməllər üç cür olur:
Birincisi o əməldir ki, nəticəsi və faydası ancaq əməl sahibinin özünə çatır və başqa bir kəsə onun heç bir xeyri yoxdur. Bu qəbil əməllər yaxşı və qüvvətli yemək kimidir ki, insan onu yeyir, cismani qüvvət alır. Bu, gecələr oyaq qalaraq edilən xalis ibadətlər kimidir ki, onları edənin ruhuna qüvvət, camal və kamal bəxş edir ki, sonrakı aləmdə (axirət dünyasında) özünün ruhi gözəllik və qüdrətindən daha çox istifadə edə bilsin, daha çox pərvaz eləsin, o cahanın ləzzətlərini daha kamil dərk və hiss etsin. Lakin bu zahidin gecə yarısı etdiyi ibadəti, münacatı və göz yaşı axıtmasından dərdli adamların qəlblərinin yarasına, susuzluğuna, aclığına və naləsinə, binəvaların fəryadına bir məlhəm olmaz, dərdlilərin bir dərdi təskinlik tapmaz. İnsan bədəninin möhtac olduğu yemək kimi onun ruhunun güclənməsi, qorunması və kamilləşməsi üçün zəruri olan bu qəbil əməlləri birtərəfli və ya fərdi əməl adlandırmaq lazımdır.
İkincisi o əməllərdir ki, onların xeyri və faydası eyni zamanda həm sahibinə çatır, onun ruhuna, əhvalına səfa bəxş edir, həm də başqaları da onun yaxşı əməllərindən bəhrələnir, çörəyə çatır, dərdi-qəmi azalır. Bu cür əməllər ictimai və ya ikitərəfli əməllər adlandırılmalıdır. Bunlar bir çırağa bənzəyir ki, bir şəxs onu yandırır, həm özü istifadə edir, həm də başqası nura qovuşur və (qarşısına çıxan) xətəri aradan qaldırır.
Üçüncüsü o əməllərdir ki, onun maddi faydasının hamısı yüz faiz başqalarına aiddir və bu əməlin sahibi çətinlikdən və narahatlıqdan başqa bir şey duymur. Yalnız xeyrə olan eşq və yaxşı əməllər etməyə olan məhəbbət onu bu işləri görməyə vadar edir. Nəhayət, əgər o, bu işləri Allah və Onun rizası xatirinə etmiş olsa, Allahın rəhmətindən də faydalanar. Bəzən o, ilahi vəchdən başqa heç bir şeyi nəzərdə tutmur, hətta tərəfi-müqabildən və ya başqalarından da təqdir və təşəkkür (eşitməyi) belə nəzərə almır:
"Yalnız Allahın xatirinə biz sizə ruzi veririk, sizdən nə cəza (əvəz) istəyirik, nə də təşəkkür.”("İnsan” surəsi, 9)
Bu cür əməlləri ilahi əməl və əməllərin ən fəzilətlisi adlandırmaq lazımdır. İslamın ali təlimlərində bu əməllərdən çoxlu nümunələr göstərilmişdir ki, ayrıca bir əsərin mövzusudur. Lakin yenə şəhidlərin sərvərinin yaradıcı əxlaqi məktəbindən bir nümunə nəql edirəm ki, onun dəyərli məktəbinin davamçıları üçün şəhadətə səsləyən sözləri kimi, insan dəyərinə və kamalına uzanan bir yoldur.
Bu baxımdan gərək Həzrət Hüseyn (əleyhissalam)-ı böyük rəhbər, əzəmətli İmam və dəyərli sərvər hesab edərək onun hərtərəfli ruhi və fikri rəhbərliyinin nəhəngliyinə nəzər salaq, yanmış ürəklərə məlhəm qoymağı, solmuş ürəklərin ələmlərinə təskinlik verməyi və ac qarınları doyurmağı da o həzrətin inqilabi məktəbinin əxlaqından (bir nümunə) sayaq ki, bəlkə onları insanın əməllərinin ən üstünü bilək, yaxşı işlər görməyi intixab edərkən yalnız bizim özümüzə xeyri olan birtərəfli əməllərlə kifayətlənməyək, başqaları, xüsusilə binəvalar üçün də bu geniş və nəhayətsiz dünyada yaşamaq haqqına qail olaq, bir gün də başımıza və sinəmizə vura-vura məhrumların, zəiflərin köməyinə çataq, dərdli ürəklərə məlhəm qoyaq. Və bunu da Hüseyndən öyrənək.
Şəhidlərin sərvəri böyük babası İslam Peyğəmbəri (s)-dən belə nəql edir:
"Böyük Pərvərdigarın yanında əməllərin ən üstünü-təşnə və yanan ürəkləri sərinlətmək və acların (qarnını) doydurmaqdır. Mühəmmədin canı qüdrət əlində olan Xudavəndi-aləmə and olsun ki, özü tox, müsəlman qardaşı (və ya qonşusu) ac olan heç bir bəndə mənim peyğəmbərliyimə və risalətimə iman gətirməyibdir.”("Əl-məcalis”, səh.28)
Kitabın adı: İmam Hüseynin (ə) əxlaqi görüşləri
Müəllif: Ayətullah Əhməd Sabiri Həmədani