Sual 21-30
Sual 21: Həzrət Adəm qadağan olunmuş meyvəni ixtiyari şəkildə yedi, yoxsa qeyri-ixtiyari?
Cavab: Bizim əqidəmizə görə bütün peyğəmbərlər, eləcə də, həzrət Adəm (ə) bir işi görüb- görməməkdə azad olmuşlar. Həzrət Adəm azad olmasaydı, ya Allah ona əmr etməz, ya da o bu əmrdən çıxmazdı. Adəm bu əmri azad şəkildə pozduğu üçün cəzalandırılır və tövbə edir.
Hər hansı bir işə məcbur edilən insan bu işin məsuliyyətini daşımır. Məcburi işə görə tövbə də zəruri deyil.
Sual 22: İslam Peyğəmbərinin (s) meracı (göyə qalxıb qeyb aləmini müşahidə etməsi) elmi və əqli baxımdan necə sübut olunur?
Cavab: Merac hadisəsinin isbatında ağıl acizdir. Bu vaxtadək kimsə belə bir iddiada olmamışdır. Merac məsələsi nəqli yolla sübuta yetir. Yəni Quran ayələri və rəvayətlər həzrət Peyğəmbərin (s) meracını qəti şəkildə bəyan edir.
Amma meracın ağıla sığıb-sığmadığı təbii bir sualdır. Ruhun və cismin xüsusiyyətlərini diqqətlə nəzərdən keçirsək, merac hadisəsini mümkün hesab edərik.
Peyğəmbərin (s) meracı üç hissə olub: Məscidül-həramdan (Kəbə) Məscidul-əqsayadək ("İsra” mərhələsi), Beytül-müqəddəsdən (Məscidul-əqsa) bərzəx aləminədək ("Merac” mərhələsi) və səmalardan ötməklə qeyb aləminin müşahidəsi. ("Ərac” mərhələsi)
Həzrət Peyğəmbər (s) Məkkədən Beytül-müqəddəsə hərəkəti əksər alimlərin nəzərincə ruhani və cismani olmuşdur. Nəzərə alsaq ki, insan ruh və bədəndən ibarətdir, insanlıq ruha aiddir, bədən bir vasitədir, cism ruha tabedir, güclü ruh hər işə qadirdir, onda ağıl İsra hərəkətini inkar etməz. İmam Sadiq (ə) buyurur: "Niyyət güclü olanda bədən heç bir iş qarşısında aciz olmur.” Həzrət İsanın həvarilərinin suyun üstü ilə yeriməsindən söhbət düşərkən İslam Peyğəmbəri (s) buyurdu: "Əgər yəqinlikləri daha çox olsaydı, hava ilə də gedə bilərdilər” Ruhun gücü hesabına cismin hərəkəti "teyyül-ərz” adlanır. Belə insanlar haqqında kifayət qədər məlumatlar var. Amma bu hərəkətin dərəcəsi bədənin ruha tabeçilik dərəcəsindən asılıdır. İslam peyğəmbərində (s) bu tabeçilik ən yüksək dərəcədə idi. Bu günki dünyamızda ruhun gücünə havada dayanan təriqətçiləri görənlər Peyğəmbərin (s) merac səfərinə şübhə etməməlidirlər.
Merac səfərinin ikinci və üçüncü mərhələləri haqqında iki baxış var: kimi bu səfərləri ruhani, kimi isə həm ruhani, həm də cismani hesab edir.
Bir sözlə, insan öz ruhunu maddi bağlılıqlardan, dünya həvəslərindən xilas edə bilsə Allaha doğru hərəkət edə bilər.
Sual 23: Həzrət Fatiməni (s) bir bu qədər ucaltmağa nə əsas var?
Cavab: Nəzərdən qaçırmayın ki, Allahın övliyalarına, ilk növbədə isə məsumlara məhəbbətin əsası Allaha məhəbbətdir. Çünki dərin mərifət sahibi olan bu insanlar yalnız və yalnız Allahı sevmiş və Onun razılığı üçün yaşamışlar. Əgər məsumların dualarına nəzər salsanız, Allah sevgisindən başqa bir istək tapmazsınız. İmam Səccad (ə) "Muhibbin” münacatında deyir: "Pərvərdigara, Səndən məhəbbətini istəyirəm”. İmam Hüseyn (ə) "Ərəfə” duasında deyir: "Öz dostlarının qəlbindən əğyarı çıxarıb məhv edən Sənsən.” "Kumeyl” duasında həzrət Əli (ə) deyir: "Pərvərdigara! Tutaq ki, əzabına səbr etdim, bəs ayrılığına necə dözüm?”
Həzrət Peyğəmbər (s) qızı Fatiməni (s) bu baxımdan sevmişdir. O, Allahı sevənləri, eləcə də, Allahın sevdiklərini əziz tutmuşdur. Həzrət Fatimə (s) və həzrət Əlini (ə) bu məhəbbətin zirvəsində görən Peyğəmbər (s) onları sevməyə bilərdimi?!
Əhli-beyt sevgisi insanlara ona görə tövsiyə olunur ki, insanlar bu sevgi vasitəsi ilə Allaha yaxınlaşsınlar. Əgər Əhli-beyt Allah aşiqidirsə, onu sevənlər də bu eşqdən faydalanasıdır.
Fatimə (s) ucadır! Ona görə ucadır ki, Allah aşiqidir. Ona görə ucadır ki, Allah aşiqini sevən Allahı sevəsidir!
Sual 24: Quranın Peyğəmbərə (s) Allah tərəfindən nazil olmasının dəlili nədir?
Cavab: Bu iddianın isbatı üçün dörd məsələ nəzərdən keçirilməlidir:
−Quran Allah kitabıdır.
−Quran təhrifdən uzaqdır.
−Vəhydə xəta yoxdur.
−Həzrət Peyğəmbər (s) məsumdur.
Quran üç baxımdan ecazkardır. Onun sözləri, mənaları və onu gətirən şəxs ecazkardır. Quranda sözlərin nizamı hal-hazırda bütün tədqiqatçılar tərəfindən qeyri-adi dəyərləndirilir.
Quranın mahiyyət baxımından ecazkarlığı onda heç bir ziddiyyətin olmamasıdır. İnsan tərəfindən yazılmış ən dəyərli kitablarda belə kifayət qədər ziddiyyət olduğu halda, Quranda bu günədək zərrəcə ziddiyyət qeydə alınmamışdır.
Quranın nazil edildiyi həzrət Məhəmməd (s) ona görə ecazkardır ki, yazıb-oxumağı bacarmadığı halda, ən incə zövqləri riqqətə gətirən ayələr söyləmişdir.
Quran təhrifdən qorunmuş yeganə kitabdır. 1400 il ərzində bir belə təcavüzlər qarşısında onun dəyişməzliyi düşündürücüdür.
İlahi vəhy ən kiçik xətalardan uzaqdır. Vəhyin mahiyyətinə varıb, onun faydaları ilə tanış olan insan uyğun iddianı etiraf etmək məcburiyyətindədir. Müxtəlif dönəmlərdə hansısa vəhyə etiraz edənlər cəmiyyətdəki problemlər burulğanında boğulduqları an həmin vəhyin həqiqət olduğunu qəbul etmişlər.
Əql hökm edir ki, Allahın kəlamını insanlara çatdırmaq üçün seçilmiş şəxs günahkar ola bilməz. Axı kim razı olar ki, sifariş göndərdiyi şəxs günahkar olsun?!
Sual 25: Quranın tərcüməsi təhrif oluna bilərmi?
Cavab: Söhbət iki növ təhrifdən getməlidir: sətri təhrif və məna təhrifi. Quranın göndərilməsinin əsas səbəbi ondan əvvəlki ilahi kitabların sətri təhrif olunmasıdır. Məsələn, İncil və Tövratda sözlər və cümlələr artırılmış və azaldılmışdır. Quranda belə bir təhrif mümkünsüzdür. Ötən 1400-il ərzində Quranın bir cümləsi və ya kəlməsi dəyişdirilməmişdir. Sözsüz ki, söhbət Quranın nazil edildiyi ərəb mətnindən gedir. Amma Quranı izah edərkən onu mənaca təhrif etmək mümkündür və bu gün İslam dini qarşısında ən böyük problemlərdən biri budur.
Quranın tərcümələrində isə hər iki təhrif mümkündür. Tərcümə sırf ədəbi prosesdir və iki tərcümənin üst-üstə düşməsi qeyri-mümkündür. Tərcüməçi sözləri artırıb əskiltməklə ayələrin mənasını dəyişə bilər.
Sual 26: On ikinci imam həzrət Mehdinin (ə) Xəzra adasında (Bermud adaları ehtimal olunur) olması doğrudurmu?
Cavab: Tarix boyu insanların etiqadından sui-istifadə olunmuşdur. Nəfsinə uyan insanlar Quran ayələrini belə, öz xeyrlərinə təfsir etməkdən çəkinməmişlər. Bu çox ağrılı mövzudur.
Əsrin imamının Xəzra adasında olması barədə din alimlərinin mötəbər hesab etmədiyi bir hədis var. Bu hədisi nəql edən şəxs (Əli ibn Fazil Mazəndərani) haqqında qəti bir fikir yoxdur. Əgər rəvayət özü mötəbər deyilsə, onun tətbiqi, yəni Xəzra adasının Bermud üçbucağında olması iddiası tam əsassızdır.
Sual 27: İrfan məktəbində din və siyasət arasında hansı əlaqə var?
Cavab: Dinin üç əsası var: etiqad, əxlaq və əməl. Heç bir din bu üç əsas olmadan gerçəkləşə bilməz. Dini tanımaq üçün hər üç əsasla tanışlıq lazımdır. Bu üç əsasdan birinə diqqətsizlik göstərən şəxsin dini biliyi naqisdir.
Amma insanların düşüncə tərzi və qavrayış tutumu müxtəlif olduğundan dinə münasibətdə baxışlar da fərqlidir. Tarixə nəzər salsaq əsasən üç baxışla rastlaşarıq: etiqadı əsas götürən fəlsəfi baxış, şəriəti əsas götürən fiqhi baxış və əxlaqı əsas götürən əxlaqi baxış.
Sözsüz ki, dinə birtərəfli baxış yanlış nəticələrə gətirir. İrfan tarixi boyu çox ariflər sərvət və qüdrətdən çəkindikləri üçün dini siyasətdən ayırmışlar. Amma İslam Peyğəmbərindən (s) rişələnən həqiqi irfan siyasətdən ayrı deyil. Həzrət Peyğəmbərin (s) və həzrət Əlinin (ə) həyatı ilə tanış olsaq, həqiqi dinin siyasətdən uzaq olmadığını təsdiqləyərik. Siyasət və hakimiyyət olmadan Allahın göstərişlərini icra etmək mümkünsüzdür. Özünü dindən ayırmayan irfan dini siyasətdən ayıra bilməz.
Sual 28: Əgər ağıl varsa, dinə nə ehtiyac?
Cavab: İnsan bütün mümkün faydaları əldə etmək istəyində olan bir varlıqdır. O, ağacın gövdəsindən, budaqlarından, meyvələrindən istifadə edir. Heyvanların əti, südü, dərisi onun diqqətindən yayınmayıb. Hətta canlıların ifrazatı da onun istifadəsindədir. Təbii ki, əli çatan hər şeyi istismar edən insan öz həmnövlərindən də yan ötməyib. Yəni hər bir fərd başqalarının xidmətindən istifadə edərək daha yaxşı yaşamağa çalışır.
Amma bütün insanlar bu fikirdə olduğundan cəmiyyətdə ixtilaflar yaranır. İnsanlar arasında uyğun münasibəti tənzimləmək üçün qanunlara ehtiyac yaranır. Qanunun zəruriliyini qəbul edən bəşəriyyət öz şüurunu işə salıb qanunlar toplusu hazırlasa da, cəmiyyətdəki ixtilaflar daha da artır. Çünki qanunu hazırlayan şüurun dərinliyində şəxsi mənafe istəyi hər şeydən güclüdür. Böyük bir cəmiyyət üçün qanunlar hazırlayan qrup öz məhdud təfəkkürünü aşıb milyonların mənafeyini dərk edə bilmir. Ona görə də hakimiyyətə gələn digər qrup dərhal qanunları dəyişməyə başlayır. İnsanın yaratdığı qanunların tez-tez dəyişməsi
cəmiyyətdəki inkişafla yox, təbəqələrarası ziddiyyətlərlə bağlıdır. Bəli, bəşəri qanunlar hamını qane etmək gücündə deyil.
İncə bir nöqtəyə diqqət yetirin. İnsanı şüur idarə edir. İxtilaflar da şüurdan doğur. Əgər qanun şüurdan yan ötüb, yalnız hərəkətləri tənzimləyirsə, ixtilaflar sonadək həll ola bilərmi? İxtilaf yaradan maşın (insan şüuru) tam gücü ilə işləyirsə, cəmiyyət ixtilafdan yaxa qurtara bilərmi?
Demək, qanun ilk əvvəl insanın daxili hisslərini tənzimləməlidir. Belə qanunlar isə yalnız dində öz əksini tapır. Allahdan qorxan bir cəmiyyətin polisə, məhkəməyə, zindana ehtiyacı qalmır.
Sual oluna bilər ki, nə üçün dinin hakim olduğu cəmiyyətlərdə ixtilaf yaranır? Unutmayaq ki, dinin qəlblərə hakim olduğu cəmiyyətlərdə heç bir ixtilaf nəzərə çarpmaz. Əgər cəmiyyət şəhvət və günah girdabındadırsa, əlbəttə ki, dinin özündən imtina edəcək.
Sual 29: Dünyaya behişt vəd edən sekulyarizm nədir?
Cavab: Müasir anlamada sekulyarizm qərbdə Makiavelli tərəfindən bünövrəsi qoyulmuş bir cərəyandır. O, kilsənin təsiri ilə inansa da ki, siyasətin məqsədi Allahın razılığını qazanmaqdır, daim belə bir sual vermişdir: "Allahı razı salacaq siyasət varmı?” Makiavelli öz sualına özünəməxsus bir cavab tapmışdır: "Allahın razılığı bəndənin razılığında olduğu üçün bəndəni razı salmaq kifayətdir.” Beləcə, özündənrazı alim diqqəti Allahdan yayındırıb, insana yönəltmişdir.
Makiavellinin nəzərincə, insanın dəyəri onun imanı ilə yox, ağlı ilə ölçülməlidir. Avropada kilsənin mühafizəkarlığı, elmə qarşı çıxması sekulyarizm üçün yol açır. Həmin vaxtadək qərbdə dövlətlərin siyasi kursunu müəyyənləşdirən kilsəni dinsiz hökumətlər sıxışdırmağa başlayır. Sekulyarizmə görə insan dini dəyərləri kənara qoyub, yalnız əqlinə və elminə güvənməlidir. Əslində insanlıq və xeyirxahlığın, mənəviyyat və əxlaqın üzərindən qara xətt çəkilirdi. İnsanın ağıl və elminin dəyər ölçüsü seçilməsi sırf cəfəngiyyat olsa da, əksər cəmiyyətlər bu mənanı dərk etməkdə aciz olmuşdur. Axı hamı bilir ki, ən ağıllı və ən elmli insan hələ ən yaxşı insan demək deyil. Ümumiyyətlə, ağıl və biliyin insanın yaxşı pisliyində təyinedici rolu yoxdur.
Sekulyarizm üç əsas xüsusiyyətə malikdir:
−Bu baxışa görə, dindarlıq fərdi bir işdir və cəmiyyətin həyatında heç bir rola malik deyil.
−Sekulyarizm allahçılığı insançılıqla (humanizm) əvəz edir və cəmiyyətdə Allahın razılığı ilə bağlı bütün çərçivələr aradan qaldırılır.
−Cəmiyyəti din mehvərindən məhrum edən bu baxış boşluğu doldurmaq üçün dil, millət, irq kimi ölçülərə üz tutur.
Sekulyarist cəmiyyətdə qanunverici və icraçı orqanlar dinsizləşdirilir, təhsildə din qadağan olunur, dini dəyərlər gerilik amil kimi tanıtdırılır.
Sual 30: Din ideoloji baxışdırmı? Bu məsələyə doktor Şəriətinin münasibəti necədir?
Cavab: "İdeologiya” kəlməsi əsasən iki mənada işlədilir. Bəzi müasir dindar ziyalılar ideologiyaya belə tərif verirlər: "İdeologiya, əsasları tam müəyyənləşdirilmiş bir məktəbdir. Onun dəyərləri və məqsədləri var. İdeologiya insana öz siyasi, ictimai və əxlaqi baxışlarını öyrədir.”
Digər bir qrup alimin nəzərincə, ideologiya insanın varlığını öz qəlibinə salan qanunlar toplusu yox, onu konkret məqsədlərə doğru çağıran əqidədir.
Bu vaxtadək dinin ideologiya olub-olmaması barədə müxtəlif fikirlər səslənsə də, yuxarıdakı təriflərə əsasən, dini ideologiya hesab etmək zəruri görünmür. Amma ikinci baxışa əsasən, dini ideologiya saymaq olar.
Doktor Şəriəti ideologiya məfhumunu dünyagörüşü məfhumu ilə qarşı-qarşıya qoyur. O, islamın tövhid dünyagörüşünün bünövrə, islam ideologiyasını bina hesab edir. Şəriəti məhz bu baxışına əsasən, islamın tövhid dünyagörüşü üzərində müsbət bir ideoloji sistem hazırlamaq istəmişdir.
Kitabın adı: Şübhə doğuran suallar
Müəllif: Məhəmməd Turan