Oğrunu möminə çevirmək çətindırmi?
Cümə günü idi. Camaat namazına gələnlər arasında bir gənc də vardı. Onu şəhərdə hamı tanıyırdı. Tanınmış oğru idi. İndiyədək məsciddə, hələ camaat namazında kimsə görməmişdi onu. O məsciddə ki, Peyğəmbərimiz (s.ə.v.v.) də camaatla birlikdə namaz qılmaq üçün bura gələrdi. İndi həmin məsciddə, onunla eyni yerdə bir oğrudamı namaz qılacaqdı? Buna imkan vermək olmazdı. Namaza az qalırdı. Gənci məsciddən çıxarmaq lazım idi. Əshabələr belə düşünürdü... Onların öz-aralarındakı qızğın söhbətini dinləyən Peyğəmbər (s.ə.v.v.) gəncin məsciddən çıxarılmasına mane oldu:
-O gənclə işiniz olmasın.
-Axı, o bir oğrudur. İndiyədək çox oğurluq edib. Hələ üzü də var, sizinlə bir məsciddə namaz qılmağa.
-Namaz onu tərbiyə edəcək. Oğurluğu da tərgidəcək...
Bir neçə gün keçir. Gənc oğurluğuna hələ də davam edir. Eyni zamanda da camaat namazında məscidə gələr, namazını qılardı. Əshabələr yenə dözməyib soruşdular:
-Ya peyğəmbər, (s.ə.v.v.) siz ona rəhm etdiniz. Amma o heç tövbə belə etmədi. Yenə öz iş ilə məşğuldur. Utanmadan da gündüz bura namaza gəlir, gecə isə oğurluq edir. O çətin ki, düzələ...
-Siz səbr edin. Fikir verirsizmi, o gənc namazın vaxtını bir dəfə də ötürməyib. Həmişə vaxtında gəlir. Bu da onu göstərir ki, onu bura çəkib gətirən Allah xofudur. Sizə yenə deyirəm, namaz onu düz yola çəkəcək...
...Bir müddət də keçir.. Adamların düz yola gələcəyinə inanmadığı, lənətlədiyi o gənc artıq "köhnə peşəsi"nin daşını atır. Oğru gənc mömin gəncə çevrilir. Onu dəyişən tək namaz deyildi. Daha çox Peyğəmbər (s.ə.v.v.)-in inamı, ona güvənməsi oldu..