Sual 51-60
Sual 51: Həzrət Mehdinin (ə) min illik bir ömürdən sonra qırx yaşında zuhur edəcəyinə necə inanaq?
Cavab: Adətən, kirpiklərimiz on illər boyu dəyişməz qalır. Hansı ki, insanın saçı və saqqalı daim inkişafdadır. Həm kirpiyin, həm də saçın tükləri eyni bir orqanizmdən qidalanır. Amma Allahın iradəsi ilə bu tüklərdən biri sabitdir, o biri isə dəyişkən.
İnsan ömrünün məhdudluğunu sübuta yetirəcək heç bir dəlilimiz yoxdur. İşıq məhdud olmadığı kimi, ömür yolu da sərhədsizdir. Quranda Nuhun min ilə yaxın yaşadığı, Əshabi-Kəhfin üç yüz il yatdığı bildirilir.
Sual 52: Qur`an nəzərincə, rəhbərlə xalqın əlaqəsi necə olmalıdır?
Cavab: İki növ itaət: insan bə`zən qorxu və tamahdan, bə`zən isə iman və məhəbbətdən itaət edir. Məsələn, insanları Fir`on qarşısında müt`i edən qorxu idi. Amma İslam peyğəmbərinə itaətin arxasında iman və məhəbbət dururdu. İslamda xalqla rəhbər arasındakı əlaqə "vilayət” kimi tə`bir olunur. "Vilayət”dedikdə sevərək bir şəxsin ardınca getmək nəzərdə tutulur. Vilayətə tabe olan şəxs özünü başqalarından üstün tutmur. Həzrət Əli (ə) buyurur: "Döyüşlərdə Peyğəmbər (s) düşmənə bizdən daha yaxın olardı.” Həzrət Peyğəmbər (s) xalqa salam göndərmək üçün mə`mur edilmişdir. Eləcə də, Peyğəmbərə salam göndərmək xalqa əmr olunmuşdur. Demək, rəhbərlə xalq arasındakı əlaqə qorxuya yox, eşq və məhəbbətə əsaslanır
Sual 53: Xüms və zəkatla dövlət vergiləri arasında nə əlaqə var?
Cavab: Vergi vətəndaşların dövlətə xidmət müqabilində ödədikləri puldur. Dövlət küçə və prospektləri asfaltlayır, asayişi tə`min edir, pulsuz tibbi xidmət göstərir, təhsil müəssisələri açır. Demək, vergi gündəlik ehtiyaclarımıza xərclədiyimiz pullardan fərqlənmir. Xüms və zəkat isə yalnız məhrum təbəqənin problemlərinin həllinə sərf olunur.
Sual 54: Nə üçün bə`zi insanlar mö`cüzə görsələr də, iman gətirmirlər?
Cavab: Peyğəmbərlərin inkar olunmalarının bir neçə səbəbi vardır: babalara təqlid, şəxsi mənafenin qorunması, eqoistlik, yersiz təəssüb.Ulduzlu gecədə elektrik lampası altında oturan insan göydəki ulduzları görə bilmir. Eləcə də, özünə vurğun insan başqalarının üstünlüklərini qiymətləndirə bilmir.Bir atlı nə qədər cəhd etdisə, at qarşısındakı arxdan keçmədi. Bunu müşahidə edən arif atlıya məsləhət gördü ki, arxın suyunu bulandırsın. Atlı belə də etdi. At heç bir məcburiyyətsiz sudan keçdi. Atlı bu işin hikmətini anlamayıb, arifdən səbəbini soruşdu. Arif dedi: " At saf suda öz əksini görür və öz əksini tapdamaq istəmir!”Bəli, insan da belədir o, öz mənliyini, məqamını, mənafeyini, tayfasını, millətini, partiyasını tapdaya bilmir. Elə buna görə də haqqında danışılan at kimi hərəkət edə bilmir.
Sual 55: Peyğəmbərlər və imamlar günahsız (mə`sum) olduqları halda nə üçün tövbə edib ağlayırdılar?
Cavab: Böyük bir salonu qismən işıqlandırsaq yalnız böyük əşyaları görə bilərik. Amma bu salon tam işıqlandırılsa ən kiçik əşyaları da görmək olar.Adi insanların iman nuru zəif olduğundan onlar yalnız böyük günahları görə bilir. Peyğəmbər və imamların iman nuru isə o qədər güclüdür ki, səmərəsiz ötüşən bir an onları çox narahat edir.Ayağı ağrıyan adam üçün ayağını uzatmaq nə haramdır, nə də məkruh. Bununla belə o, ayağını uzadarkən ətrafdakılardan üzr istəyir. Demək, insan halal bir işdən də xəcalət çəkə bilər. Televiziyada son xəbərləri oxuyan diktor asqırdıqda tamaşaçılardan üzr istəyir. Əslində isə asqırmaq günah deyil.Allahın övliyaları Onun əzəmətini dərk etdiklərindən ən dəyərli ibadətin də bu əzəmət qarşısında yetərsiz olduğunu anlayırlar
Sual 56: Fərqli mübarizə metodlarından istifadə edən mə`sum imamların arasında məqsəd fərqi varmı?
Cavab: Bütün imamların məqsədi tövhiddir və bu məsələdə şübhəyə yer yoxdur. Amma hər bir imamın hərəkəti mövcud şəraitə görə fərqlənmişdir. Qayçının iki ağzı bir-birinə zidd hərəkət etsə də əslində eyni bir işi görür. Komanda oyunlarında hər oyunçu öz mövqeyinə uyğun hərəkət etsə də, ümumi məqsəd komandanın qələbəsidir.Bəli, bütün imamların məqsədi insanların təkamülüdür. Amma bu məqsədə çatmaq üçün bə`zən vuruşmaq, bə`zən elmlə məşğul olmaq, bə`zən hicrət etmək, bə`zən də susmaq lazım gəlir.
Sual 57: Necə olur ki, bə`zi günahlar bütün savabları puça çıxarır?
Cavab: Əgər bir şəxs müəyyən müəssisədə iyirmi il xeyir işlə məşğul olduqdan sonra müəssisə müdirinin övladını qətlə yetirərsə, gördüyü işlər puça çıxar. Bir top mərmisi dəydiyi binanı uçurub, yüzlərlə insanın zəhmətini bir anda bada verir. Bir söyüş illərin dostluğuna son qoyur. Bir qaşıq zəhər bütün sağlamlığı məhv edir. Sükan arxasında bir an yuxu avtomobili uçuruma yuvarladır. Bir dəfə bıçağın gözə toxunması onu illər uzunu kor edir.Bəli, bir qığılcım böyük meşəni külə döndərdiyi tək, bə`zi günahlar da bütün savabları məhv edir. Amma elə yaxşı əməllər də var ki, insanın bütün keçmiş pis əməllərini yuyub aparır. Bir fəhlə müəssisədə illər uzunu səmərəsiz işlədiyi halda, müəssisə rəhbərinin övladını ölümdən qurtarmaqla hörmət qazana bilər. Qur`an buyurur: "Namaz bütün pislikləri və çirkinlikləri aradan qaldıran yaxşı əməldir.”
Sual 58: İnsan hansı yolla qəlbini ilahi məhəbbətlə işıqlandıra bilər?
Cavab: Hər bir məhəbbət insana verilən ne`mət və ona göstərilən xidmətə diqqətdən asılıdır. İnsan Allahın ne`mətlərini düşündükcə Ona sevgisi artır.Külək, yağış, günəş, dağlar, çəmənlər, qidalar, ailə, övlad, əql, elm, dil, göz, qulaq, gecə, gündüz, ayıqlıq, yuxu, azadlıq, seçim imkanı, yaxşılığa meyl, pisliyə nifrət insan ömrünü iflic vəziyyətdən çıxaran ümumi ne`mətlərdir. Bilirsinizmi iki-üç gün susuz, yuxusuz, ac qalan insan nə vəziyyətə düşür?!Hər bir fərdə əta olunmuş özünəməxsus iste`dadlar Allahın xüsusi ne`mətlərindəndir. İnsan öz varlığını diqqətlə nəzərdən keçirsə, kimsədə olmayan xüsusiyyətlərlə rastlaşar.Bəli, ne`mətləri düşünmək insanın qəlbini ilahi eşqlə doldurur, onu Allah qarşısında səcdəyə vadar edir. Bütün bunları nəzərə alaraq Qur`an ilahi ne`mətlər barədə düşünməyi tapşırır.
Sual 59: Həyat çətinliklərinin fəlsəfəsi nədir?
Cavab: Çətinliklər iki qisimdir: Özümüzdən asılı olan çətinliklər və bizdən asılı olmayan çətinliklər.
Bir çox çətinliklər insanın diqqətsizliyindən yaranır. Əgər bir şəxs öz iqtisadiyyatını düzgün tənzimləməyib iflasa uğrayırsa, özü müqəssirdir.Körpəni nəzarətsiz buraxdığımız üçün o, suda batırsa özümüz günahkarıq.Sağlamlığına biganə qalıb xəstələnən, yol hərəkəti qanunlarını pozub qəzaya uğrayan, özünü intizamlı apara bilmədiyi üçün təhqir olunan insanların hər biri özü təqsirkardır.Bizdən asılı olmayan çətinliklərin bir sıra səbəbləri vardır:Çətinliklər insanı inkişaf etdirir. Elmi kəşflər və ixtiralar çətinliklərlə üzbəüz dayandıqda baş tutur.Bir çox günahların kəffarəsi məhz acı hadisələrdir. Bu acı hadisələr insan ruhunu möhkəmləndirir.İslam peyğəmbəri (s) buyurmuşdur: "Xəstəlik, kasıblıq və ölüm olmasaydı, insanın qüruru sınmaz, o heç zaman baş əyməzdi.”Başına hadisə gəlmiş insanın kamalı artır, hadisə ötüb keçdikdən sonra o, başqalarının çətinliklərini daha asan anlayır və onlara kömək əlini uzadır.
Sual 60: Nə üçün bütün ömrünü elmə sərf etmiş bə`zi alimlər Allaha iman gətirmir?
Cavab: Allaha iman insanın elmindən yox, iradəsindən asılıdır. Nərdivan ustası düzəltdiyi nərdivanlara çıxmırsa, bu o demək deyil ki, nərdivan dırmaşmaq üçün deyil. İynə haqqında deyilən "hamını bəzər, özü lüt gəzər” tapmacası belə alimlərə çox uyğun gəlir. Bə`ziləri güzgü satılan dükanda işləsə də, özünə baxıb, yaxalığını düzəltmək barədə düşünmür. Amma güzgünü alanlar dərhal güzgüyə baxıb, özlərini səliqəyə salırlar. Bir çox alimlər təbiət hadisələrini öyrənsələr də, bu hadisələri tənzimləyən qüvvə ilə maraqlanmırlar. Kimi yerə düşmüş pulu götürüb sahibini axtarır, kimi də sakitcə cibinə qoyub yoluna davam edir.
Kitabın adı: Məsəllər
Müəllif: Möhsin Qəraəti