Sual 121-130
Sual 121: Atanın qəza namazı və orucları ilə bağlı övlad nə edə bilər?
Cavab: Dünyasını dəyişmiş atanın qəza namazı və orucları böyük oğulun öhdəsinədir.
Sual 122: Səfərə çıxan şəxs oruc tuta bilərmi?
Cavab: Günortadan sonra səfərə çıxan şəxs tutduğu orucu başa vurmalıdır. Günortadan qabaq səfərə çıxan şəxs isə tərəxxüs həddini keçdikdən sonra, yəni şəhərin divarları görünmədikdə və azan səsi eşidilmədikdə orucunu açmalıdır. Səfərdən qayıdan şəxs günortadan qabaq vətəninə çatarsa, həmin vaxtadək orucu batil edən işlər görmədiyi halda, oruc tuta bilər. Səfərdən qayıdan şəxs günortadan sonra vətəninə çatarsa, həmin gün oruc tuta bilməz.
Sual 123: Oruc tutmaq kimlərə vacib deyil?
Cavab: Dörd halda oruc tutmaq vacib olmur:
1. Qocalıq və məşəqqət səbəbindən;
2. Susuzluqdan əziyyət çəkən xəstələr;
3. Hamiləliyin son dövründə olan qadının tutacağı oruc özünə və hamiləliyinə zərər olduqda;
4. Uşaq əmdirən və südü az olan qadınlar;
Sual 124: Ayın əvvəli (fitr bayramı) hansı yolla təyin olunur?
Cavab: Ayın əvvəli beş yolla təyin olunur: 1. İnsan özü ayı görsə; 2. Bir qrup şəxsin ayı görmək xəbəri yəqinlik yaradarsa (yəqinlik yaradan istənilən bir şey); 3. İki adil kişi ayı gördüklərini desələr; 4. Aydan otuz gün keçmiş olsa; 5. Şəri hakim ayın başlaması barədə hökm versə.
Sual 125: Şəri hakimin hökmü yalnız onun müqəllidlərinəmi aiddir?
Cavab: Əgər şəri hakim hökm etsə ki, ayın əvvəlidir, ona təqlid etməyənlər də uyğun hökmə əməl etməlidir.
Sual 126: Oruc tutmaq nə vaxtlar vacibdir?
Cavab: Ramazan ayında, eləcə də nəzir, əhd və and səbəbi ilə oruc tutmaq vacibdir.
Sual 127: Hansı günlər oruc tutmaq haramdır?
Cavab: Fitr və qurban bayramları günləri və Şəbanın sonuncu günü ilə Ramazanın birinci gününün başlaması məlum olmadıqda.
Sual 128: Hansı günlər oruc tutmaq məkruhdur (bəyənilmir)?
Cavab: Aşura günü, ərəfə və qurban olduğu bilinməyən gün oruc tutmaq məkruhdur.
Sual 129: Hansı günlər oruc tutmaq müstəhəbdir (bəyənilmişdir)?
Cavab: Aşağıda qeyd olunan günlərdə oruc tutmaq daha çox tapşırılmışdır:
1. Hər qəməri ayın birinci, sonuncu cümə axşamı günləri və ayın onuncu günündən sonra gələn ilk çərşənbə günü;
2. Hər ayın on üçü, on dördü və on beşi;
3. Rəcəb və Şəban aylarının bütün günləri;
4. Novruz bayramı günü;
5. Zilqədə ayının iyirmi beşinci və iyirmi doqquzuncu günü;
6. Zilhiccənin birinci və doqquzuncu günləri
7. Qədir günü (zilhiccənin on səkkizinci günü);
8. Məhərrəmin birinci və üçüncü günü;
9. Həzrət peyğəmbərin (s) mövludu günü (rəbiül-əvvəlin on yeddinci günü);
10. Məbəs günü (rəcəbin iyirmi yeddinci günü)
Sual 130: Ardıcıl şəkildə yoxsullara yardım əli uzadan şəxs də xüms verməlidirmi?
Cavab: Xümsü verilməmiş malı istifadə etmək olmaz.
Kitabın adı: 200 sual-cavab
Müəllif: Fəyyaz Rəfiq