Sual 68: Səadət nədir?
Cavab: Səadət və xoşbəxtlik dedikdə, yalnız dünya həyatını nəzərdə tutan insanların dini etiqadları, heç şübhəsiz ki, nöqsanlıdır. Əgər bir insana «ya əzablı həyat və xoşbəxt axirət, ya da xoşbəxt həyat və əzablı axirət» seçimi verildikdə ikincini seçirsə, onun axirət inancı həqiqi deyildir. Əbədi axirətə inanan insan, əbədi əzabı necə qəbul edə bilər?!
Bu barədə Qurani-kərimdə buyurulur: «Bədbəxt olanlar od içərisində qalacaq... Xoşbəxt olanlar isə, cənnətdə əbədi sakin olacaqlar».
Səhərdən axşama mənən və cismən axtarışda olan insanın itgisi səadətdir. Amma insan çox vaxt anlamır ki, əlində doğru ünvan olmayan yolçu çarıqlarını yırtsa belə, mənzilə çatası deyildir. Səadət bir mənzildir ki, onun ünvanını hər yoldan ötəndən soruşan kəs, bədbəxtliyə düçar olar. Bu mənzilin həqiqi ünvanı yalnız və yalnız Allah elçilərində tapılmasıdır. Peyğəmbərlərsə, səadəti təkcə dünyada yox, dünya və axirətdə görmüşlər.
İmam Sadiq (ə) cəddi həzrət Əlidən (ə) belə nəql edir: «Həqiqi səadət, insan həyatının ən son mərhələsindəki səadətdir. Həqiqi bədbəxtlik isə, ömrün günah içində başa çatmasıdır».