İmamət Quran baxımından
Qurani-Kərimdə İmamət (on iki İmam) haqqında heç bir şəxsin adı xüsusi olaraq, qeyd olunmamışdır. Bunun sirrini soruşduqda alimlərimiz bir çox cavablar vermişlər.
Onlardan biri də Quranın təhrif olunmamasına görədir. Әhli-beytin məsum İmamları barəsində bir çox sünnü alimləri də öz fikirlərini söyləmişlər. Burada onlardan birinin adını çəkməklə kifayətlənirik. Hafiz Übeydillah Hənəfi Həskani 10 əsr bundan öncə yazmış olduğu «Şəvahidut-tənzil» kitabında sünnü təriqi ilə 1163 hədisə arxalanaraq 210 ayənin Әhli-beyt İmamlarının haqqında olduğunu qeyd etmişdir. Bu haqda şiə alimləri sünnü alimlərinin əsərlərinə istinad edərək yüzlərlə kitab yazıb, oxuculara təqdim etmişlər. Burada o kitablardan bir neçəsinə işarə edirik:
1. Әllamə Hilli (Allahın rəhməti ona olsun!) Həzrət Әli (əleyhis-salamın) İmamətinin sübut etmək üçün öz «Nəhcül-həqq və kəşfüs-sidq» kitabında səksən səkkiz ayəni qeyd etmişdir.
2. Ayətullah Mərəşi Nəcəfi Təbrizi (Allahın rəhməti ona olsun!) özünün «İhqaqul-həqq» kitabında Әli (əleyhis-salam)-ın İmamətinin haqq olması barədə doxsan dörd ayəni sünnü alimlərinin otuz yeddi etibarlı kitabından sübut gətirərək qeyd etmişdir.
3. Әllamə Әmini Təbrizi (Allahın rəhməti ona olsun!) «Әl-Qədir» adlı kitabında Həzrət Әli (əleyhis-salam)-ın İmamət və haqq olması barəsində Qurandan ayələr və sünnü alimlərinin kitablarından hədisləri gətirmişdir.
4. Әllamə Şərəfüddin (Allahın rəhməti ona olsun!) özünün «Әl-Muraciat» adlı kitabında İmamət haqqında dəyərli və möhkəm dəlillər gətirmişdir. Bu kitab bir neçə dilə, o cümlədən Azərbaycan dilinə tərcümə olunub, oxucuların ixtiyarında qoyulmuşdur.
Bu haqda olan kitablarımız saysız-hesabsızdır. İmamət haqqında məlumat almaq istəyən oxuculardan xahiş olunur ki, həqiqətin aşkar olması üçün imkan daxilində bu kitabları mütaliə etsinlər.
Biz isə İmamət haqqında olan sözümüzü Quranın bu ayəsi ilə sona çatdırırıq.
«إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ ءَامَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلواَةَ وَيُؤْتُونَ الزَّكَواةَ وَهُمْ رَاكِعُونَ»
«Həqiqətən sizin vəliniz [rəhbər və ixtiyar sahibiniz] Allah və Onun Rəsulu və o kəslərdir ki, iman gətirmiş və namaz qılırlar və rüku halında zəkat verirlər.»
Bütün şiə və bir çox sünnü alimlərinin nəzərinə görə bu ayə Әli (əleyhis-salam)-ın İmamətini göstərir və onun şənində nazil olmuşdur.
Ayətullah Mərəşi Nəcəfi Təbrizi (Allahın rəhməti ona olsun!) özünün «Ehqaqul-həqq» kitabının ikinci cildinin, 399 və sonrakı səhifələrində bu ayənin Әli (əleyhis-salam) haqqında olmasını sünnü alimlərinin səksən beş hədis və təfsir kitablarından nəql etmişdir.
Sünnü alimlərindən Zəməxşəri «Әl-Kəşşaf» adlı təfsirində, bu ayənin Әli (əleyhis-salam) barəsində nazil olmasını qeyd etmişdir.
Kitabın adı: Bəşəriyyətin nicat yolu
Müəllif: Rüstəm Badkubeyi