Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Heyvanların başını kəsməyin və ovlamağın hökmləri
Məsələ 2541: Əti halal olan heyvanlar, istər vəhşi olsun, istər ev heyvanı əgər onların başlarını sonra deyiləcək qayda ilə kəssələr, can verəndən sonra, onun əti halal və bədəni pakdır. Amma dəvənin, balığın və çəyirtkənin halal olması üçün başqa yol var ki, sonrakı məsələlərdə qeyd olunacaq.
Məsələ 2542: Əti halal olan vəhşi heyvanlar, məsələn; ceyran, kəklik, dağ keçisi və əti halal olub, sonradan vəhşi olan, məsələn; sonradan qaçıb vəhşi olmuş və tutulması mümkün olmayan əhli olan öküz və dəvə, əgər sonra deyiləcək qayda ilə onları ovlasalar, pak və halaldır. Amma qoyun, toyuq kimi əti halal olan heyvanla, tərbiyə edilərək əhli olmuş əti halal vəhşi bir heyvan ovlamaqla pak və halal olmaz.
Məsələ 2543: Əti halal olan vəhşi heyvan o halda ovlamaqla pak olar ki, qaça bilsin, ya uça bilsin. Buna görə də, qaça bilməyən ceyran balası və uça bilməyən kəklik balası ovlamaqla pak və halal olmaz. Əgər ceyran və onun qaça bilməyən balasını bir güllə ilə ovlasalar, ceyran halal, balası isə haramdır.
Məsələ 2544: Balıq kimi, sıçrayan qana malik olmayan, əti halal olan bir heyvan özü-özünə ölərsə, pakdır. Amma onun ətini yemək olmaz.
Məsələ 2545: Əti haram olan və qanı sıçramayan heyvanın, məsələn, ilan və kərtənkələ ölüsü pakdır. Deməli, onu şikar etməyin və ya başını kəsməyin tə`siri yoxdur.
Məsələ 2546: İt və donuzu ovlamaqla və başını kəsməklə pak olmaz və onların ətini yemək də haramdır. Həmçinin yerdə yuva quran, sıçrayan qanı olan siçan kimi heyvanı baş kəsmək və ya ovlamaqla əti və ya dərisi pak olmur.
Məsələ 2547: Əvvəlki məsələdə deyilmişlərdən başqa əti haram olan heyvanları silah ilə ovlamaq, ya başını kəsməklə ətləri və dəriləri pak olur, istər yırtıcı olsunlar, istər qeyrisi. Hətta əgər (fiqhi nəzərdə ixtilaflı olan) fil, ayı və meymun olsa belə. Amma əgər əti haram olan heyvanı silah, itlə şikar etsələr, pak olması məhəlli işkaldır.
Məsələ 2548: Əgər diri heyvanın qarnından ölü bala çıxsa, ya onu çıxarsalar, onun ətini yemək haramdır.
HEYVANLARIN BAŞINI KƏSMƏYİN QAYDALARI
Məsələ 2549: Heyvan kəsməyin üsulu belədir. Onun dörd böyük damarını tamam kəsməlidirlər: 1- nəfəs borusu, 2- udlaq (yemək borusu) 3-4- hülqum və udlağın yan tərəflərində olan iki yoğun damar. Əgər onları yarsalar və ya təkcə hulqumu kəsərlərsə, vacib ehtiyata görə kifayət deyil. Bu dörd damarın kəsilməsi, boğazdakı hulqum ilə udlağın ayrıldığı çıxıntının altından kəsilməsə, düz olmaz.
Məsələ 2550: Əgər dörd damardan bə`zisini kəssələr və gözləsələr ki, heyvan ölsün və sonra qalanını kəssinlər, faydası yoxdur. Amma onları can verməmişdən qabaq kəssələr, adi qaydada bir-birinin ardınca olmasa, o heyvan pak və halaldır.
Məsələ 2551: Əgər canavar qoyunun boğazını, boynunda kəsilməli olan dörd damardan bir şey qalmayacağı şəkildə yırtsa, o qoyun haram olar və həmçinin əgər hulqumundan da bir şey qalmasa, hətta əgər bir miqdar boynundan yırtsa və dörd damar başından asılı qalsa, ya bədəninə birləşik qalsa, o qoyun vacib ehtiyata əsasən haram olar, amma əgər bədəninin başqa bir yerini yırtsa, əgər qoyun diri olsa və deyilmiş qayda ilə başını kəssələr, halal və pak olar. Bu hökm təkcə canavar ilə qoyuna aid deyil.
HEYVANLARIN BAŞINI KƏSMƏYİN ŞƏRTLƏRİ
Məsələ 2552: Heyvanın başını kəsməyin bir neçə şərti vardır:
1. Heyvanın başını kəsən istər kişi olsun, istərsə qadın, gərək müsəlman olsun. Müsəlman uşağı əgər müməyyiz olsa, yə`ni yaxşı ilə pisi ayıra bilirsə, heyvanın başını kəsə bilər. Amma kitab əhli olmayan kafir, ya kafir hökmündə olan firqələrdən bir kəs, məsələn, nəvasib firqəsindən, heyvanın başını kəssə, o heyvan halal olmaz, hətta kitab əhli olan kafir, əgər heyvanın başını kəssə, hərçənd «Bismillah» demiş olsa belə, vacib ehtiyata əsasən o heyvan halal olmur.
2. Heyvanın başını imkan daxilində dəmirdən olan şey ilə kəsməlidirlər. Vacib ehtiyata əsasən istil bıçaqla kəsmək kifayət deyil. Amma əgər dəmir tapılmasa, onun dörd damarını ayıra biləcək iti bir şey ilə, məsələn, şüşə və daş ilə də kəsmək olar, hərçənd onun başını kəsməyə münasib zəruriyyət olmasa belə.
3. Heyvan başı kəsilən vaxtı üzü qibləyə olmalıdır. Deməli, əgər ayaq üstə, ya oturan halda olsa, heyvanın üzü qibləyə olmağı insanın namazda üzü qibləyə olan halı kimidir. Əgər heyvan sağ, ya sol tərəfində uzadılmış olsa, gərək kəsilən yeri və qarnı üzü qibləyə olsun və onun ayaqlarının, əllərinin və üzünün qibləyə tərəf olmağı lazım deyil. O kəs ki, bilir heyvanın başı gərək üzü qibləyə kəsilsin və bilərəkdən onu qibləyə tərəf çevirməsə, heyvan haram olur, amma əgər yadından çıxarsa, ya məsələni bilməsə, ya qibləni səhv salsa eybi yoxdur. Əgər qiblənin hansı tərəfdə olduğunu bilməsə, ya başqasının köməyi ilə də olsa, heyvanı üzü qibləyə tərəf çevirə bilməsə, belə ki, heyvan ipə-sapa yatmayan olsa, ya bir çalaya düşmüş olsa və onu kəsməyə məcbur olsalar, hər istiqamətə zibh etsələr, eybi yoxdur. Əgər üzünü qibləyə çevirməkdə yubansalar, heyvan öləcəksə, hökm eynidir. Heyvanın üzü qibləyə kəsilməsinə e`tiqadı olmayan müsəlmanın zibh etməsi, üzü qibləyə kəsməsə də səhihdir. Heyvanın başını kəsənin də üzü qibləyə olması, ehtiyat müstəhəbbdir.
4. Heyvanın başını kəsən vaxt, ya bıçağı boğazına qoyduqda onu kəsən şəxsin özü baş kəsmək niyyəti ilə Allahın adını çəksin. Əgər kəsən şəxsdən başqası Allahın adını çəksə, kifayət deyil. «Bismillah» desə, hətta əgər yalnız «Allah» desə də, ehtiyatın xilafına olsa da, kifayətdir. Əgər baş kəsmək qəsdi olmadan Allahın adını çəksə, ya məsələni bilmədiyinə görə Allahın adını çəkməsə, o heyvan halal olmaz. Amma əgər yaddan çıxarıb Allahın adını çəkməsə, eybi yoxdur.
5. Heyvan başı kəsildikdən sonra gözünü, ya quyruğunu hərəkət etdirməklə, ya ayağı yerə vurmaqla olsa belə, çırpınmalıdır. Bu hökm heyvanın diri olmasına şübhə olduğu təqdirdədir. Əgər belə olmasa, heç bir lüzum yoxdur.
6. Heyvanın bədənindən adi miqdarda qan axmalıdır. Əgər qan onun damarlarında laxtalanarsa və ondan qan axmazsa və ya axan qan o növ heyvana nisbətdə az olarsa, o heyvan halal olmur, amma az qanın axması, heyvanın başını kəsməkdən əvvəl qan axması olduğuna görə olsa, o halda eybi yoxdur.
7. Boğazın kəsilməsi zibh etmək qəsdi ilə olmalıdır. Deməli, əgər bıçaq birinin əlindən düşsə və ixtiyarsız olaraq bir heyvanın başını kəssə, yaxud başı kəsən adam yuxulu, ya məst, ya bihuş, ya uşaq, ya dəli olsa, ya da başqa məqsədlə bıçağı heyvanın başına çəksə və təsadüfən kəssə, halal olmaz.
Məsələ 2553: Vacib ehtiyata əsasən ruh bədənindən çıxmamış heyvanın başını bədənindən ayırmaq olmaz. Belə ki, bu iş heyvanın haram olmağına səbəb olmaz. Amma əgər bilməməzlikdən olsa, ya bıçaq iti olduğuna görə baş ayrılsa, eybi yoxdur. Həmçinin vacib ehtiyata görə heyvanın boynunu sındırmaq və boynundan quyruğuna qədər uzanan və nuxa (onurğa beyini) adlanan ağ damarı, ruh bədənindən çıxmamış kəsmək caiz deyildir.
DƏVƏ KƏSMƏYİN QAYDASI
Məsələ 2554: Dəvənin, can verdikdən sonra pak və halal olması üçün heyvanları kəsmək üçün söylənilən şərtlərlə birlikdə bıçağı, yaxud da dəmirdən düzəldilmiş və kəsici olan aləti sinə ilə boyun arasında yerləşən çuxur yerə batırmalıdır. Dəvənin ayaq üstə olması daha yaxşıdır.
Məsələ 2555: Əgər bıçağı dəvənin boynunun çökəkliyinə batırmaq əvəzinə onun başını kəssələr, ya qoyun, inək və bu kimi heyvanları kəsmək əvəzinə dəvə kimi boyunlarının çökəkliyinə bıçaq batırsalar, onların əti haram, bədənləri isə nəcisdir. Amma əgər dəvəni zibh etsələr və ölməmişdən əvvəl bıçağı boynunun çökəkliyinə batırsalar, onun əti halal və bədəni pakdır. Həmçinin əgər inək, qoyun və bu kimi heyvanların boynunun çökəkliyinə bıçaq batırıb diri ikən başını kəssələr, halal və pakdır.
Məsələ 2556: Əgər dəvə özbaşınalıq etsə ipə-sapa yatmasa və onu şəriətdə deyilən qayda ilə kəsə bilməsələr və ya məsələn; quyuya düşsə və orada öləcəyinə ehtimal verərlərsə və onu şər`i qayda ilə kəsmək mümkün olmasa, bədəninin hər hansı yerinə bir yara vurub və o yaranın tə`sirindən can verərsə, halal olar, bu halda onun üzünü qibləyə çevirmək də lazım deyil. Amma heyvanın başını kəsmək üçün o biri şərtlərin də olması gərəkdir.
heyvanın kəsilməsində müstəhəbb olan şeylər
Məsələ 2557: Fəqihlər (Allah onlara rəhmət eləsin) heyvanın başının kəsilməsində bir neçə şeyi müstəhəbb bilmişlər:
1. Qoyun kəsərkən, iki əl və bir ayağını bağlamaq, o biri ayağını isə sərbəst buraxmaq; İnək kəsərkən dörd ayağını da bağlayıb, quyruğunu sərbəst buraxmaq; Dəvə kəsərkən oturaq halda olsa, iki qabaq ayağını aşağıdan dizə qədər və ya qoltuğunun altında bir-birinə bağlayıb, arxa ayaqlarını sərbəst buraxmaq, əgər ayaq üstə olsa, sol ayağını bağlamaq. Toyuğu, kəsildikdən sonra çırpınması üçün sərbəst buraxılması müstəhəbbdir.
2. Heyvanı kəsməzdən əvvəl qabağına su qoymaq.
3. Heyvanın az əziyyət çəkəcəyi şəkildə hərəkət etmək, məsələn, bıçağı yaxşı itiləmək və heyvanın boynunu tez kəsmək.
Heyvanın kəsilməsində məkruh olan şeylər
Məsələ 2558: Bə`zi rəvayətlərdə heyvan kəsilərkən bir neçə şey məkruh sayılmışdır:
1. Canı çıxmazdan əvvəl heyvanın dərisini soymaq.
2. Heyvanı öz cinsindən olan başqa bir heyvanın gözü qabağında kəsmək.
4. İnsanın özü böyütdüyü heyvanı kəsməsi.
SİLAH İLƏ OV ETMƏNİN HÖKMLƏRİ
Məsələ 2559: Əgər əti halal olan vəhşi heyvanı silah ilə ovlasalar və o ölsə, beş şərt ilə halal və bədəni pak olar.
1. Ov silahı bıçaq və qılınc kimi kəsici olsun, ya nizə və ox kimi iti olsun ki, heyvanın bədənini parçalasın. İkinci halda, əgər silahın süngüsü olmasa, halal olmasının şərti budur ki, heyvanın bədənini yaralasın, ya parçalasın. Əgər süngüsü olsa, yaralamasa da belə, onu öldürməsi kifayətdir. Əgər tələ, ağac və ya daş və bu kimi vasitə ilə bir heyvanı ovlasalar və o, ölsə, pak olmaz və onu yemək də haramdır. Həmçinin, vacib ehtiyata əsasən, silah olmayan iti bir şeylə, məsələn, böyük iynə, kabab şişi və bu kimi şeylə heyvanı ovlasalar, hökm eynidir. Əgər bir heyvanı tüfəng ilə ovlasalar, belə ki, onun gülləsi heyvanın bədəninə daxil olaraq onu parçalayarsa, pak və halaldır, istər güllə iti olsun, istər olmasın. Güllənin də dəmirdən olması lazım deyil. Amma əgər güllə heyvanın bədəninə daxil olmasa və təzyiq nəticəsində heyvanı öldürsə, ya onun istiliyi ilə heyvanın bədənini yandırsa və yandırmaq nəticəsində heyvan ölsə, onun pak və halal olması işkallıdır.
2. Ov edən şəxs gərək müsəlman, ya yaxşı və pisi başa düşən müsəlman uşağı olsun. Əgər əhli-kitab olmayan kafir, ya kafir hökmündə olan (nəvasib kimi) şəxs bir heyvanı ovlasa, o ov halal deyil. Hətta əgər kitab əhli olan kafir bir heyvan ovlasa və Allahın adını çəksə də, vacib ehtiyata əsasən o heyvan halal olmur.
3. Silahı, heyvan ovlamaq üçün işlətsin. Əgər bir yeri nişan alıb, təsadüfən bir heyvanı öldürsə, o heyvan pak deyil və ətini yemək də haramdır. Amma əgər bir heyvanı tuşlayıb atsa və başqasına dəyib öldürsə, halal olur.
4. Silahı işlədən vaxt Allahın adını çəksin, belə ki, hədəfə dəyməzdən əvvəl Allahın adını çəksə, kifayət edər. Amma əgər bilə-bilə Allahın adını çəkməsə, ov halal olmaz, lakin yaddan çıxarsa, eybi yoxdur.
5. Heyvana, öldükdən sonra yetişməli və ya diri olarsa da, başını kəsəcək qədər vaxt olmamalıdır. Əgər başını kəsəcək qədər vaxtı olduğu halda, heyvanın başını kəsməsə və heyvan ölərsə, o heyvan haramdır.
Məsələ 2560: Əgər iki nəfər bir heyvan ovlasalar, onlardan biri yuxarıda deyilən şərtlərə əməl etsə, amma o biri əməl etməsə, məsələn, ikisindən biri Allahın adını çəksə, o biri isə bilə-bilə Allahın adını çəkməsə, o heyvan halal deyil.
Məsələ 2561: Əgər bir heyvan məsələn ox ilə vurduqdan sonra suya düşsə və insan nizə və suya düşməklə heyvanın can verdiyini bilsə, halal deyil. Hətta əgər can verməsinin təkcə oxdan olmasını bilməsə, halal olmaz.
Məsələ 2562: Əgər qəsbi it və ya qəsbi silahla bir heyvanı ovlasa, ov halaldır və öz malıdır, amma günah etməyi bir tərəfə, gərək silah, ya itin ücrətini sahibinə versin.
Məsələ 2563: Əgər qılınc kimi ovçuluq aləti ilə heyvanın qol və ayağı kimi üzvlərindən birisini ayırarsa, o üzv haram olar. Amma əgər 2559-cu məsələdə deyilən şərtlərə uyğun olaraq o heyvanın başını kəsərlərsə, onun bədəninin yerdə qalanı halal olur. Əgər ovçuluq aləti keçən şərtlərə uyğun olaraq heyvanın bədəninin boyun və başını bir tərəfə salsa və insan heyvanın can verəndən sonra çatarsa, hər iki hissə halal olur. Heyvanın canlı olduğu halda başını kəsəcək qədər fürsət olmadığı təqdirdə də hökm eynidir. Amma əgər heyvanın başını kəsə biləcək qədər fürsət olub, heyvanın bir müddət canlı qalması mümkün olarsa, baş və boyunun üzərində olmayan hissə haramdır, baş və boyun üzərində olan hissə isə şəriətdə göstərilən tə`limata uyğun olaraq kəsilərsə halal, əks təqdirdə o da haramdır.
Məsələ 2564: Əgər ağac, daş, ya onunla ov etmək səhih olmayan başqa şeylə bir heyvanı iki yerə bölsələr, üstündə baş və boynu olmayan tərəf haramdır. Baş və boynu olan tərəf isə əgər diri olsa və bir qədər diri qalmağı mümkün olsa, şəriətdə müəyyən olunmuş qayda ilə onun başını kəssələr, halal olar. Əgər belə olmasa, o hissəsi də haram olar.
Məsələ 2565: Əgər bir heyvanı ovlasalar, ya başını kəssələr və ondan diri bala çıxsa, belə ki, o balanın başını şəriətdə müəyyən olunmuş qayda ilə kəssələr halaldır, əgər belə olmasa, haramdır.
Məsələ 2566: Əgər bir heyvanı ovlasalar, ya başını kəssələr və onun qarnından ölü bala çıxarsalar, əgər o bala o heyvanı öldürməzdən əvvəl ölməmiş olsa və həmçinin o heyvanın qarnından gec çıxarma səbəbindən də ölməyibsə, belə ki, balanın xilqəti tamamlanmış olub, bədəninin tük və ya yunu çıxıbsa, pak və halaldır.
OV İTİ İLƏ OV ETMƏK
Məsələ 2567: Əgər ov iti əti halal olan vəhşi bir heyvanı ovlasa, o heyvanın pak və halal olmasının altı şərti vardır:
1. İt elə tərbiyə olunsun ki, onu nə vaxt ovu tutmaq üçün göndərsələr getsin və nə vaxt getməyinin qarşısını alsalar, dayansın. Amma ova yaxınlışdığı və onu gördüyü zaman qarşısını almaqla dayanmazsa, zərəri yoxdur. Həmçinin sahibi gələnədək ovdan yeməyi adət etmişsə eybi yoxdur. Ovun qanını yeməyi adət etmiş olsa da, eybi yoxdur. Amma vacib ehtiyata əsasən sahibi ovu ondan almaq istədiyi vaxt mane olmamasının onda adət olması şərtdir.
2. Sahibi onu göndərsin, əgər özü ovun dalınca getsə və bir heyvanı ovlasa, o heyvanı yemək haramdır. Hətta əgər it özü ovun dalınca getsə və sonradan sahibi səslənsə ki, iti daha tez ova çatdırsın, sahibinin səsi ilə tələssə də vacib ehtiyata əsasən, o ovu yeməkdən çəkinsinlər.
3. İti göndərən şəxs, silahla ovlama bəhsində deyildiyi kimi gərək müsəlman olsun.
4. Şikarçı iti göndərən vaxt ya it heyvana çatmazdan qabaq Allahın adını çəksin. Əgər bilə-bilə Allahın adını çəkməsə, ov haramdır. Amma əgər yaddan çıxarsa, eybi yoxdur.
5. Ov, itin dişindən yaralanaraq ölsün; əgər it ovu boğsa, ya ov qaçmaqdan, ya qorxudan ölsə, halal deyil.
6. İti göndərən şəxs, ora yetişən vaxt heyvan ölmüş olsun, ya əgər diridirsə, baş kəsməyə vaxt olmasın (amma ova yetişməkdə gecikmək qeyri-normal cəhətindən olmasın). Amma əgər heyvanın başını kəsə biləcək qədər vaxtın olduğu halda yetişsə və heyvan ölənə qədər başını kəsməsə, halal deyildir.
Məsələ 2568: İti göndərən şəxs, ora yetişən zaman heyvanın başını kəsə bilərsə, belə ki, bıçağı çıxartmaq kimi hazırlıq görəndə vaxt keçsə və o heyvan ölsə, halaldır. Amma əgər heyvanı kəsmək üçün yanında bir şey olmasa və heyvan ölsə, vacib ehtiyata əsasən, halal olmaz. Əlbəttə bu halda heyvanı buraxsa və it onu öldürsə, halal olar.
Məsələ 2569: Əgər bir neçə iti göndərsə və birlikdə bir heyvanı ovlasalar, belə ki, onların hamısında 2567-ci məsələdə deyilmiş şərtlər olsa, ov halaldır, əgər onların birində o şərtlər olmayıbsa, ov haramdır.
Məsələ 2570: Əgər iti bir heyvanı ovlamaq üçün göndərsə və it başqa heyvanı ovlasa, o ov halal və pakdır. Həmçinin əgər o heyvanı başqa bir heyvan ilə birlikdə ovlasa, onların hər ikisi halal və pak olar.
Məsələ 2571: Əgər neçə nəfər birlikdə iti göndərsələr və onlardan biri bilə-bilə Allahın adını çəkməsə, o ov haramdır. Həmçinin əgər göndərdikləri itlərdən biri 2567-ci məsələdə deyildiyi kimi tərbiyə olunmasa, o ov haram olar.
Məsələ 2623: Əgər şahin, ya ov itindən başqa bir heyvan bir heyvanı ovlasa, o ov halal deyil. Amma ovlanan heyvana canlı olduğu halda yetişərlərsə və onu İslami qaydalara görə kəsərlərsə, halaldır.
BALIQ VƏ ÇƏYİRTKƏ OVU
Məsələ 2573: Əgər əsl yaradılışında pulcuqu olan balıq, sonradan hər hansı bir səbəbə görə pulcuqu tökülmüş olsa da, sudan diri tutub, sudan kənarda can verərsə, pak və onu yemək halaldır. Belə ki, suda ölsə pak, amma onu yemək haramdır. Hərçənd zəhər kimi bir vasitə ilə ölmüş olsa belə. Amma əgər balıqçının torunda suda ölərsə, bu halda onu yemək halaldır. Pulcuqsuz balığı sudan diri tutsalar da və sudan kənarda can versə də, haramdır.
Məsələ 2574: Əgər balıq sudan kənara düşsə, ya dalğa onu kənara atsa, ya su çəkilsə və balıq quruda qalsa, belə ki, ölməmişdən qabaq bir kəs onu əl ilə ya başqa bir şey ilə tutsa, can verəndən sonra halal olar. Əgər tutmazdan əvvəl ölsə, haramdır.
Məsələ 2575: Balıq tutan adamın müsəlman olmağı və tutan zaman Allahın adını çəkməsi lazım deyil. Amma gərək müsəlman, onun sudan diri tutulduğunu və ya suyun içində balıqçının torunda öldüyünü görsün, ya da başqa bir yolla buna xatircəm olsun.
Məsələ 2576: Sudan diri, ya ölü tutulması mə`lum olmayan balıq müsəlmanın əlində olsa və onda halal olmasını göstərən bir təsərrüf etsə, məsələn yemək, ya satmaq kimi, halaldır. Əgər kafirin əlində olsa, diri tutduğunu desə də, haramdır. Amma əgər insanın, onun sudan diri tutulduğuna və ya suda balıqçı torunda öldüyünə xatircəmliyi olarsa, halaldır.
Məsələ 2577: Canlı balığı yemək halaldır.
Məsələ 2578: Əgər diri balığı qızartsalar, ya sudan kənarda can verməmişdən qabaq öldürsələr, onu yemək caizdir.
Məsələ 2579: Əgər balığı sudan kənarda iki yerə bölsələr və onun bir hissəsi diri halda suya düşsə, sudan kənarda qalmış hissəni yemək caizdir.
Məsələ 2580: Əgər çəyirtkəni əl ilə, ya başqa bir şey ilə diri tutsalar, can verəndən sonra halaldır. Onu tutan şəxsin müsəlman olması və tutan vaxt Allahın adını çəkməsi lazım deyil. Amma əgər ölü çəyirtkə kafirin əlində olsa, onun diri ya ölü tutulması mə`lum olmasa, «diri tutmuşam» – deməsinə baxmayaraq, haramdır.
Məsələ 2581: Qanad çıxarmamış və uça bilməyən çəyirtkəni yemək haramdır.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |