«Nura qərq olmuş cəsəd»
Adlı-sanlı xətib Hüseynəli Raşid atası − məşhur arif molla Abbas Türbəti haqqında yazır:
Atamdan görüb müşahidə etdiyimiz və həmçinin bizim üçün qaranlıq qalan məsələlərdən biri də budur ki, atam 1322-il mehr ayının 24-ü, yekşənbə günü − təqribən 2 saat dan yeri söküləndən sonra vəfat etdi.
Sübh namazını uzanmış halda qıldı və ölüm əlamətləri onda müşahidə edilməyə başladı. Əllərini, ayaqlarını qibləyə tərəf uzatdılar, amma huşu yerində idi və dodağının altında nə isə deyirdi. Deyəsən can verdiyini başa düşmüşdü və ruhunun son işartısında dilindən çıxan söz "La ilahə illəllah” oldu.
Düz bir həftə qabaq, elə həmin yekşənbə günü sübh namazından sonra qibləyə sarı uzanıb əbasını da üzünə çəkmişdi ki, birdən gün işığı pərdə arxasından necə bərq vurursa atamın da vücudu nura qərq olmağa başladı. Xəstəlikdən saralıb-solmuş çöhrəsi işıqlanıb şəffaflaşdı, belə ki, üzünə çəkdiyi nazik əbanın altından aydın görünürdü. Birdən tərpənib dedi:
"Əssəlamun əleykə ya rəsulullah (s)”, siz bu həqir bəndəni görməyə gəlmisiniz.
Sonra, sanki bir-bir görüşünə gəlirlərmiş kimi Həzrət Əliyə (ə) və bir-bir imamların hamısına − on ikinci imama kimi salam verir və onlara gəldiklərinə görə təşəkkür edirdi. Sonra Həzrət Fatiməyə (s) salam verdi, sonra xanım Zeynəbə salam verdi. Xanım Zeynəbə salam verəndə ağladı və dedi:
Xanım, mən sizin üçün çox göz yaşı axıtmışam. Sonra öz anasına salam verdi və dedi: Ana, səndən razıyam. Mənə halal süd verdin. Bu hal gün çıxandan iki saat keçənə qədər davam etdi.
Bu haldan sonra vücudundan qalxan nur aradan getdi və adi halına qayıtdı. Üzünün də rəngi yenə əvvəlki kimi saralmağa başladı. Bir həftə sonra həmin gündə, həmin saatda can verməyə başladı və ruhunu təslim etdi.
Bu bir həftə arasında bir gün mən ona dedim ki, biz peyğəmbərlərdən, övliyalardan çoxlu rəvayət eşidirik və arzu edirik ki, ey kaş o zaman biz onların yanında olaydıq, öz dillərindən eşidərdik. İndi mənim ən yaxın adamım sizsiniz və belə bir hal sizin üçün baş vermişdir. Mən bu halın nə olduğunu anlamaq istəyirəm. Sizin düşdüyünüz o hal nə idi? Sükut etdi. Bir kəlmə olsun belə danışmadı.
İkinci dəfə, üçüncü dəfə başqa üsullarla sualımı təkrar etdim. Yenə də sükut etdi. Dördüncü, beşinci dəfə soruşanda dedi:
Hüseynəli, məni incitmə. Dedim:
Məqsədim bu barədə bir şey öyrənmək idi. Dedi:
Mən sənə başa sala bilmərəm, get özün öyrən. Onun keçirdiyi bu hal mənə, anama, qardaşıma, bacıma və bibimə indiyə qədər − bu yazını yazdığım günə kimi anlaşılmaz qaldı. Bu barədə heç bir şey deyə bilmərəm, ancaq onu deyirəm ki, belə bir halət görsəndi, biz olanları öz gözümüzlə gördük.
Kitab müəllifi deyir:
Xoş təsadüfdən yuxarıdakı hekayəni yazarkən televizor elan etdi: Bu gün Hüseynəli Raşidin həyatdan köçməsinin ildönümü münasibəti ilə dini hövzə və universitet müəllimlərinin iştirakı ilə Tehran universitetində yığıncaq keçiriləcək. Bu xatirənin yazıya köçürülməsi ilə mərhumun ildönümü təsadüfən üs-üstə düşdü.
Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı