Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İCARƏNİN SAİR MƏSƏLƏLƏRİ
Məsələ 2152: İcarəçinin icarə əvəzi olaraq verdiyi malın müəyyən edilməsi lazımdır. O halda əgər bu, buğda kimi çəki və ya ölçü ilə müamilə edilən şeydirsə, çəkisinin bilinməsi və əgər mütədavil pullar kimi sayılaraq müamilə edilən şeydirsə, sayının bilinməsi və əgər at, qoyun kimi bir şeydirsə, icarəyə verənin onu görməsi, ya da icarəçinin onun xüsusiyyətlərini söyləməsi lazımdır.
Məsələ 2153: Əgər bir tarlanı əkin üçün icarə versə və icarə əvəzini də fe`lən mövcud olmayan o tarlanın və ya başqa bir yerin məhsulunu tə`yin edərsə və ya o tarlanın öz məhsulundan verilməsi şərti ilə əsaslı olaraq zimməsinə alarsa, icarə səhih deyildir. Amma əgər yerin məhsulu fe`lən mövcud olarsa, bir maneçiliyi yoxdur.
Məsələ 2154: Bir şeyi icarəyə verən şəxsin o şeyi təhvil verməyincə onun kirəsini istəməyə haqqı yoxdur. Həmçinin bir işi görmək üçün əcir olan şəxsin də o işi görməyənə qədər haqqını istəməyə hüququ yoxdur. Amma həcc üçün əcir olmaq kimi adətən haqqı əvvəlcədən alınan bir iş üçün əcir olmuşsa, ala bilər.
Məsələ 2155: Əgər icarəyə verdiyi şeyi təhvil verərsə, icarəçi təhvil almasa belə, ya da təhvil alıb, amma icarə müddətinin sonuna qədər istifadə etməsə belə, onun icarə pulunu verməlidir.
Məsələ 2156: Əgər insan bəlli bir gündə bir işi görmək məqsədilə əcir olarsa və həmin gündə hazır olarsa, əcir tutan işi ona gördürməsə belə, haqqını verməlidir. Məsələn; bir dərzini müəyyən bir gündə paltar tikmək üçün əcir tutarsa, dərzi də o gün tikmək üçün hazır olarsa, ona tikiləcək parçanı verməsə belə, dərzi istər boş dayansın və istərsə özü və başqası üçün işləsin, haqqını verməlidir.
Məsələ 2157: İcarə müddəti tamam olduqdan sonra, icarənin batil olduğu mə`lum olarsa, icarəçinin normal miqdarda icarə əvəzini (ücrətül-misl) mülk sahibinə verməsi lazımdır. Məsələn; bir evi, ili yüz manata kirayələmişsə, sonradan kirayənin batil olduğunu başa düşmüşsə, o ilin illik kirəsi əvəzi normal qiymətlərlə əlli manatdırsa, əlli manat verməlidir. Əgər iki yüz manatdırsa, o evi kirayəyə verən onun sahibi və ya mütləq vəkil olduğu və o evi normal kirə əvəzindən xəbəri olub kirəyə verdiyi təqdirdə yüz manatdan artığının verməsi lazım deyil. Belə olmadığı təqdirdə iki yüz manat verməsi gərəkdir. Həmçinin icarə müddətindən bir miqdar keçdikdən sonra icarənin batil olduğu aydınlaşarsa, keçən müddətin kirəsi üçün də eyni hökm qüvvədədir.
Məsələ 2158: Əgər icarəyə götürdüyü bir şey zay (tələf) olarsa, onu qorumaqda səhlənkarlıq etməmişdirsə və ondan istifadədə ifrata varmamışsa, zamin deyildir. Həmçinin bir dərziyə verdiyi bir parça zay olarsa, əgər dərzi ifrata varmamışsa və parçanın qorunmasında səhlənkarlıq etməmişsə, zamin deyil.
Məsələ 2159: Əgər icarəyə alan şəxsin malında müəyyən iş görmək istəyən sənətkar, dərzi və s. aldığı şeyi zay edərsə, zamindir.
Məsələ 2160: Əgər qəssab kəsdiyi heyvanı murdar (haram) edərsə, istər zəhmət haqqı əvəzi kəsmiş olsun, istər havayı, heyvanın qiymətini sahibinə ödəməlidir.
Məsələ 2161: Nə qədər yük vuracağını bildirərək bir heyvanı və ya başqa bir vəsaiti icarəyə götürən şəxs, o miqdardan daha çox yükləyərsə və heyvan ya vəsait bunun nəticəsində tələf olarsa və ya eybli olarsa, zamindir. Həmçinin daşıyacağı yükün miqdarını bildirməyib, normadan çox yükləsə, yenə də zamindir. Hər iki təqdirdə artıq yükün zəhmət haqqını da normal şəkildə ödəməlidir.
Məsələ 2162: Bir heyvanı qırıla (sına) bilən yükü daşımaq üçün icarəyə verərsə və heyvanın sürüşməsi və ya hürkməsi nəticəsində yük qırılarsa və ya sınarsa, heyvan sahibi zamin deyildir. Amma əgər normal miqdardan artıq vurma və buna bənzər bir vasitə ilə bir iş görə ki, heyvan yerə yıxılıb yük sındırsa, zamindir.
Məsələ 2163: Əgər şəxs bir uşağı sünnət edərkən işində səhlənkarlıq və ya yanlışlıq edərsə, məsələn; normadan artıq kəsərsə və o uşaq həmin səbəbdən ölərsə və ya ona bir zərər dəyərsə, zamindir. Amma əgər səhlənkarlıq və ya yanlışlıq etməzsə və uşaq da sünnət edilmənin nəticəsində ölərsə və ya ona bir zərər yetişərsə, uşağa bir zərər gəlib-gəlməyəcəyini ayırd etmə xüsusunda ona müraciət edilməmişsə, o da uşağa zərər gələcəyini bilmirdisə, zamin deyildir.
Məsələ 2164: Əgər həkim öz əlilə xəstəyə dərman verərsə və ya ona bir dərmanı məsləhət görərsə və o dərmanı atdıqdan sonra xəstəyə bir zərər yetişərsə və ya xəstə ölərsə, həkim onun müalicəsində səhlənkarlıq etməyibsə belə, yenə zamindir.
Məsələ 2165: Əgər həkim xəstəyə «sənə zərər yetişsə mən zamin deyiləm» – deyərsə və diqqətlə və ehtiyatla ona yanaşarsa, amma yenə də xəstə bundan zərər görüb və ya ölərsə, həkim zamin deyildir.
Məsələ 2166: İcarəçi və icarəyə verən şəxs qarşılıqlı razılıqla müamiləni poza bilərlər. Həmçinin icarədə hər ikisi üçün və ya onların biri üçün müamiləni pozma haqqını şərt qoyublarsa, danışığa uyğun olaraq icarəni poza bilərlər.
Məsələ 2167: İcarə verən və ya icarəçi zərər gördüyünü başa düşərsə, əgər icarə əqdi bağlandığı zaman zərər görəcəyindən agah olmasa, 2080-cı məsələdə izah olunan şərtlərə görə icarəni poza bilər. Amma icarə əqdi bağlayarkən şərtləşsələr ki, zərərə düşsə belə, əqdi pozmaq haqqı olmayacaq, icarə əqdini poza bilməzlər.
Məsələ 2168: İcarəyə verdiyi bir şeyi icarəçiyə təhvil verməmişdən əvvəl birisi onu qəsb etsə, icarəçi icarəni poza bilər və icarəyə verən şəxsdən verdiyi şeyi geri ala bilər və ya icarəni pozmayıb qəsb edənin əlində qaldığı müddətin normal miqdarda icarə pulunu qəsb edəndən ala bilər. Əgər bir heyvanı bir aylıq on manata icarəyə götürərsə və o bir ay içərisində birisi onu on gün qəsb edərsə, onun on günlük normal icarəsi on beş manat olarsa, o on beş manatı qəsb edəndən almalıdır.
Məsələ 2169: Əgər icarəyə götürdüyü bir şeyi təhvil almasına başqa biri qoymazsa və ya təhvil aldıqdan sonra başqası onu qəsb edərsə, ya da ondan istifadə etməsinə mane olarsa, icarəni poza bilməz və yalnız onun normal icarə pulunu qəsb edəndən ala bilər.
Məsələ 2170: İcarə müddəti tamamlanmamış mülkü icarəçiyə satarsa, icarə pozulmaz və icarəçi pulunu satana verməlidir. Həmçinin əgər onu başqa birisinə satarsa, hökm eynidir.
Məsələ 2171: İcarə müddəti başlamamışdan əvvəl icarə edilən şey icarə edən şəxs üçün müəyyən edilən istifadəni vermə qabiliyyətini itirərsə, icarə batildir. İcarəçinin mülk sahibinə verdiyi pul da geri qaytarılmalıdır. Amma əgər ondan az bir istifadə etmə imkanı ola biləcək haldadırsa, icarəni poza bilər.
Məsələ 2172: İcarəyə götürdüyü bir mülk icarə müddətindən bir müddət keçdikdən sonra icarəçi üçün tə`yin edilən istifadə qabiliyyətini itirərsə, icarənin qalan müddəti batil olur. Bu halda icarəçi keçmiş müddətin icarəsini də pozaraq onun normal qiymətini də verə bilər.
Məsələ 2173: İcarəyə verdiyi iki otaqlı evin bir otağı xarab olsa, əgər onu adi şəkildə düzəltsələr əvvəlkindən çoxlu fərqi olacaqsa, bu əvvəlki məsələdə izah olunan hal ilə eyni hökmü daşıyır. Amma belə olmazsa, bu halda əgər kirayə verən onu istifadədən heç bir miqdarı zay olmamış dərhal düzəldərsə, icarə batil olmaz. İcarəçi də icarəni poza bilməz. Amma onun tə`miri icarəçinin istifadəsindən bir miqdarı zay olacaq qədər uzanarsa, o miqdarın icarəsi batil olur. İcarəçi müddətin hamısının icarəsini pozaraq, o zamana qədər istifadə etdiyinin haqqını normal qiymətlərlə verə bilər.
Məsələ 2174: İcarəyə verən və ya icarəçi ölərsə, icarə batil olmaz. Amma evin mənfəəti yalnız həyatı boyunca ona aiddirsə, məsələn; başqa birisi onun diri olduğu müddətdə evin istifadəsindən ona aid olduğunu vəsiyyət etmişsə, belə bir evi icarəyə verib, icarə müddəti tamam olmamışdan qabaq ölsə, öldüyü vaxtdan e`tibarən icarə batil olur və əgər hal-hazırdakı sahib o icarəyə imza qoyarsa, icarə səhihdir. İcarə verənin ölümündən sonrakı müddətin icarə əvəzi isə hal-hazırdakı sahibinindir.
Məsələ 2175: İş sahibi (sahibkar) bənnanı fəhlə tutmaq üçün vəkil edərsə, əgər bənna işçilərə iş sahibindən aldığı miqdardan az verərsə, artığı ona haramdır və onu iş sahibinə verməsi lazımdır. Amma əgər bir binanı tikmək üçün əcir olsa və işi özünün görməsi, ya da başqasına verməsi xüsusunda səlahiyyət alırsa, bir miqdar özü işlədikdən sonra qalanını özü üçün aldığı puldan az miqdara başqasına verirsə, artıq miqdarı ona halaldır.
Məsələ 2176: Əgər boyaqçı bir parçanı məsələn; neyl ilə (neyl – bir otdur ki, ondan göy rəngə çalan rəng maddəsi düzəlir) boyaması qərarlaşdırılarsa, başqa bir rənglə boyadığı təqdirdə heç bir şey almağa haqqı yoxdur.
CÜALƏNİN HÖKMLƏRİ
Məsələ 2177: Cüalə odur ki, insan onun üçün görülən işin əvəzində bir şey verməyi qərara alsın. Məsələn; desə: «mənim itirdiyimi tapan kimsəyə on manat verəcəyəm», bu qərarı qoyan şəxsə «cail» və işi yerinə yetirən şəxsə «amil» deyilir. Cüalə ilə icarə arsında fərqdən biri odur ki, icarədə siğə oxunduqdan sonra əcir olunan şəxs gərək işi icra etsin və onu əcir edən şəxs onun muzdunu borclu olur, lakin cüalədə amil müəyyən bir şəxs olsa da, işi icra etməyə bilər və o işi icra etməyincəyə qədər cail ona borclu olmaz.
Məsələ 2178: Cail gərək həddi-büluğa çatmış və ağıllı olsun, qəsd və ixtiyar üzündən müqavilə bağlasın və şər`ən öz malını istifadə etməyi bacarsın. Buna əsasən səfeh (öz malını bihudə işlərə sərf edən) adamın cüaləsi səhih deyildir. Həmçinin müflis olmuş kimsənin, öz malının istifadəyə haqqı olmadığı hissəsindən cüalə səhih deyildir.
Məsələ 2179: Cailin özü üçün edilməsini istədiyi iş haram, faydasız və ya şər`ən pulsuz icra edilməsi lazım olan vacibatlardan olmamalıdır. Əgər cail, «hər kəs şərab içsə, ya gecə ağıllı məqsəd olmadan qaranlıq yerə getsə və ya öz vacibi namazını qılsa, ona on manat verərəm» desə, cüalə səhih deyildir.
Məsələ 2180: Qərarlaşdırdıqları malın bütün xüsusiyyətləri ilə müəyyən olması lazım deyildir. Hətta, əgər amilə, o işi icra etmək səfehlik hesab edilməyəcək qədər mə`lum olsa kifayətdir. Məsələn; əgər cail «bu malı on manatdan nə qədər artıq satsan onun gəliri sənin olsun» desə, cüalə səhihdir. Həmçinin əgər «hər kim mənim atımı tapsa; onun yarısını özünə verəcəyəm və ya ona on batman buğda verəcəyəm» desə, yenə də cüalə səhihdir.
Məsələ 2181: Əgər işin muzdu tamamilə namə`lum olsa, məsələn; cail «uşağımı tapana müəyyən qədər pul verəcəyəm»-desə və onun miqdarını müəyyən etməsə, gərək o işi icra edənə işinin xalq nəzərində dəyəri qədər muzd versin.
Məsələ 2182: Əgər amil qərardan qabaq işi icra etsə və ya qərardan sonra pul almamaq məqsədi ilə işi icra etsə, muzd almağa haqqı yoxdur.
Məsələ 2183: Amil işə başlamazdan qabaq cail cüaləni poza bilər.
Məsələ 2184: Amil işə başladıqdan sonra cail əgər cüaləni pozmaq istəsə, işkalı var. Amma əgər amil ilə razılaşsa, eybi yoxdur.
Məsələ 2185: Amil işi tamamlamaya bilər. Lakin işi tamamlamamaq cailə və ya işin aid olduğu kimsəyə zərər yetməsinə səbəb olarsa, gərək işi tamamlasın. Məsələn; əgər bir kəs, «kim mənim gözümdə cərrahiyyə əməliyyatı aparsa ona filan qədər pul verəcəyəm» desə və bir cərrah da işə başlasa, əgər əməlliyyatı yarıda saxlasa, gözü eybli olacaqsa, gərək onu tamamlasın.
Məsələ 2186: Əgər amil işi tamamlamasa, caildən bir şey tələb edə bilməz. Əgər cail muzdu, işin tamamlanması şərtiylə qərarlaşdırsa, məsələn; «libasımı kim tikərsə ona on manat verəcəyəm» desə, eyni hökmdədir. Amma əgər məqsədi işdən hər miqdarın muzdunu edildikcə verməkdirsə, cail edilən işin miqdarının muzdunu amilə verməlidir.
MUZARİƏNİN HÖKMLƏRİ
Məsələ 2187: Muzariə, mülk sahibinin əkinçi ilə onun tarlasında əkin əkib, məhsulunun bir hissəsini mülk sahibinə verməsi, ittifaqının bağlanması deməkdir.
Məsələ 2188: Muzariənin bir neçə şərti vardır:
1. Gərək o iki şəxsin arasında əqd və qərar bağlansın. Məsələn, əkin sahibi «tarlanı əkinçilik üçün sənə tapşırdım» və əkinçi də «qəbul etdim» desin. Ya da heç bir söz demədən yer sahibi tarlanı əkinçilik etmək niyyəti ilə əkinçiyə versin və əkinçi də (o niyyət ilə) qəbul etsin.
2. Yer sahibi və əkinçi hər ikisi həddi-büluğa çatmış və ağıllı olsun, öz qəsd və ixtiyarı ilə muzariə etsinlər və səfeh, yə`ni öz malını bihudə işlərə istifadə edən olmasınlar və həmçinin gərək malik, müfəlləs[6] olmasın. Amma əgər əkinçi müfəlləs olsa, o surətdə ki, muzariədə istifadə olunması qadağan olunmuş mallardan istifadə etməyi lazım tutmazsa, eybi yoxdur.
3. Yer sahibi və əkinçi hər biri yarı və ya üçdə biri və bunun kimi yerin məhsulundan bir pay almalıdırlar. Əgər heç biri üçün pay tə`yin etməsələr və ya malik «bu tarlada əkin ək və hər nə qədər istəsən mənə ver» desə, səhih deyildir. Məhsuldan müəyyən bir hissənin məsələn; on batmanı yalnız sahib və ya əkinçi üçün tə`yin etsələr, hökm eynidir.
4. Tarlanın, əkinçinin ixtiyarında olacaq müddətini tə`yin etsinlər və bu müddətin məhsulu ələ gətirmək mümkün olacağı qədər olması gərəkdir. Əgər müddətin əvvəlini müəyyən bir gün və müddətin sonunu məhsul yetişən vaxta qədər tə`yin etsələr, kifayətdir.
5. Torpaq gərək əkinəcək üçün yararlı olsun. Əgər hal-hazırda əkinçiliyə münasib olmasa, amma bir işi görüb onda əkinçilik etmək mümkün olarsa, muzariə səhihdir.
6. Əkinçinin əkəcəyini müəyyən etsinlər, məsələn; düyü və ya buğda əkəcəyini, əgər düyü əkəcəksə, onun hansı qismini əkəcəyini müəyyən etsinlər. Lakin, əgər müəyyən bir əkinəcəyi nəzərdə tutmasalar, onu tə`yin etmək lazım deyildir. Həmçinin əgər nəzərdə tutlan əkinəcək müəyyən olsa, onu dilə gətirmək lazım deyildir.
7. Malik yeri müəyyən etməlidir. Bu hökm, əkinçilik cəhətindən bir-birindən fərqli olan bir neçə hissə yeri olduğu təqdirdədir. Amma əgər fərqli olmasalar müəyyən etmək lazım deyil. Deməli, əgər əkinçiyə desə ki, bu yerlərin birində əkin ək və onu müəyyən etməsə, muzariə səhihdir. Əqddən sonra tə`yin etmək malikin ixtiyarıdır.
8. Hər biri, toxum, gübrə, əkinçilik vəsaitləri və s. kimi lazım olan işlərə çəkəcəkləri xərcləri müəyyən etməlidir. Amma əgər hər birinin çəkəcəkləri xərc mə`lum olsa, dilə gətirmək lazım deyil.
Məsələ 2189: Əgər tarla sahibi əkinçi ilə məhsulun bir hissəsinin birinə aid olmasını və qalan hissəsini öz aralarında bölünməsini şərt qoymuşdursa, o hissəsini götürdükdən sonra yerdə bir şey qalacağını bilsələr də, muzariə batildir. Bəli, əgər əkiləcək toxumun miqdarını və ya dövlətin alacağı vergini məhsuldan çıxdıqdan sonra yerdə qalan hissəni öz aralarında bölmələrini qərara alsalar, muzariə səhihdir.
Məsələ 2190: Əgər muzariə üçün müddət tə`yin etmiş olarlarsa ki, adətən məhsul o müddətdə ələ gəlmiş olur, amma təsadüfən müddət tamam olsa və məhsul ələ gəlməsə belə ki, müddətin tə`yin olunması bu hala da şamil olsa, yə`ni iki tərəf nəzərdə tutsa ki, məhsul ələ gəlməsə də müddətin tamam olmasıyla muzariə tamam olur, bu surətdə malik razı olsa ki, əkin icarə ilə, ya icarəsiz onun yerində qalsın və əkinçi də razı olsa, maneəsi yoxdur. Amma əgər malik razı olmasa, əkinçini vadar edə bilər ki, əkini biçsin, əgər əkini biçməkdə əkinçiyə zərər yetişsə, malikin onun əvəzini əkinçiyə verməsi lazım deyildir. Hərçənd malikə bir şey vermək istəsə də, maliki məcbur edə bilməz ki, əkin onun yerində qalsın.
Məsələ 2191: Əgər bir hadisənin baş verməsi ilə o torpaqda əkinçilik mümkün olmazsa, məsələn; əgər tarlanın suyu kəsilərsə, muzariə müqaviləsi pozular. Amma əgər əkinçi bir üzr olmadan əkinçilik etməzsə, tarla da onun ixtiyarında olub və malik də ondan istifadə etməyibsə, gərək adi miqdarda o müddətin icarəsini malikə versin.
Məsələ 2192: Tarla sahibi və əkinçi bir-birinin razılığı olmadan muzariəni poza bilməzlər. Amma əgər muzariə müqaviləsində hər ikisinin və ya onlardan birinin müqaviləni pozmaqda ixtiyarlı olmasını şərt qoysalar, bu şərtə uyğun olaraq müqaviləni poza bilərlər. Həmçinin əgər, tərəflərindən biri ona qoyulan şərtlərin əksinə əməl edərsə, digər tərəf müqaviləni poza bilər.
Məsələ 2193: Muzariə qərarından sonra mülk sahibi və ya əkinçi ölərsə, muzariə pozulmaz və varislər onların yerinə keçər. Amma əgər əkinçi ölərsə və əkini şəxsən əkinçi yerinə yetirməyi qərar alsalar, muzariə pozular. Amma əgər əkinçi öhdəsində olan işləri tamamlamış olsa, muzariə pozulmaz və gərək onun payını varislərinə versinlər. Habelə əkinçinin digər haqqları da varislərinə irs keçir və varislər mülk sahibini əkinçilik tamam olana qədər əkinin onun torpağında qalmasına məcbur edə bilərlər.
Məsələ 2194: Əgər əkinçilikdən sonra muzariənin batil olduğunu anlasalar, bu halda toxum əgər mülk sahibinin malı olarsa, əldə edilən məhsul da onundur və mülk sahibi əkinçinin muzdunu, etdiyi xərcləri və o tarlada işlədilən əkinçiyə əkəcəyə aid inək və digər heyvanlarının kirəsini verməlidir. Amma toxum əkinçinin malı idisə, məhsul da onun malı olur və o yerin kirəsini, mülk sahibinin etdiyi xərcləri və o yerdə əkin üçün işlədilən və mülk sahibinə aid olan və digər heyvanların kirələrini ona vermək lazımdır. Hər iki halda da, adətən haqqı olan miqdar razılaşılan miqdardan çox olursa, tərəfin ondan xəbəri varsa, artıq miqdarı vermək vacib deyildir.
Məsələ 2195: Toxum, əkinçinin malı olsa və əkindən sonra muzariənin batil olduğunu bilərlərsə, mülk sahibi ilə əkin sahibi ücrətli və ya ücrətsiz olaraq əkinin tarlada qalmasına razı olsalar, eybi yoxdur. Əgər tarla sahibi razı olmazsa, ehtiyat vacibə görə mülk sahibi əkinçini əkin yetişməmişdən qabaq əkini biçməyə məcbur etməməlidir. Həmçinin, malik əkinçini məcbur edə bilməz ki, hərçənd yerin icarəsini ondan tələb etməsə belə, icarə verib əkini onun sahəsində saxlasın.
Məsələ 2196: Əgər məhsulu topladıqdan və muzariənin müddəti bitdikdən sonra əkinin kökləri yerdə qalsa və gələn il ikinci dəfə yenə yaşıllaşıb məhsul verirsə, tarla sahibi ilə əkinçi əkinin kökündə də şərik olmağı şərt qoymamışlarsa, ikinci ilin məhsulu toxum sahibinindir.
MUSAQAT (SUVARMAQ) VƏ MUĞARİSƏNİN (AĞAC ƏKMƏK) HÖKMLƏRİ
Məsələ 2197: Əgər insan bir şəxs ilə belə qərar qoysa ki, meyvələri onun malı olan ya meyvələri onun ixtiyarında olan ağacları müəyyən bir müddətə qədər o şəxsə həvalə edə ki, onları bəsləsin, suvarsın və əvəzində meyvələrdən qərar qoyduqları qədərini özü üçün götürsün, bu müamiləyə musaqat deyilir.
Məsələ 2198: Musaqat muamiləsi, meyvə verməyən ağaclarda, o surətdə ki, başqa məhsulu olsa, yarpağından istifadə olunan xına ağacında olduğu kimi, yarpaq və gülünün e`tina edilən dəyəri olsa, səhihdir.
Məsələ 2199: Musaqat muamiləsində siğə oxumaq lazım deyil, hətta əgər ağacın sahibi musaqat qəsdi ilə ağacı həvalə etsə və işləyən kəs işə məşğul olmaq qəsdi ilə işləsə, müamilə düzdür.
Məsələ 2200: Malik və ağaclara qulluq etməyi öhdəsinə götürən kəs gərək baliğ və aqil olsunlar və bir kəs onları bu işə məcbur etməsin, həmçinin gərək səfeh olmasınlar, yə`ni öz malını bihudə yerdə xərcləməsinlər. Həmçinin malik müfəlləs olmasın, amma əgər bağban müfəlləs olsa, musaqat işi istifadəsinə icazə verilməyən mallardan istifadə etməsini lazım tutmadığı halda eybi yoxdur.
Məsələ 2201: Musaqat müddətinin mə`lum olması və bu müddətin məhsulun ələ gəlməsinin mümkün olacağı miqdarda olması lazımdır. Əgər onun əvvəlini müəyyən edib, sonunu da məhsulun ələ gəldiyi zaman olaraq qərarlaşdırarlarsa, səhihdir.
Məsələ 2202: Gərək hər birinin payı məhsulunun yarısı, ya üçdə biri və s. olsun. Əgər məsələn; meyvələrdən 100 batman malikin malı və qalanı işləyənin malı olsun deyə, qərar qoysalar, müamilə batildir.
Məsələ 2203: Lazım deyil musaqat müamiləsinin qərarını məhsulun zahir olmasından qabaq qoysunlar, məhsulun zahir olmasından sonra belə qoyulsa, məhsulun artması və daha yaxşı olması, ya da bəlalardan sağlam qalması üçün görülməsi lazım olan bir iş qalmışsa, müamilə səhihdir. Amma əgər bu cür iş qalmayıbsa, baxmayaraq ki, ağaca lazım olan suvarma və ya meyvələri yığma, ya da onları saxlama işi kimi bir iş qalsa belə, müamilənin səhih olması məhəlli-işkaldır.
Məsələ 2204: Əzhər nəzərə əsasən yemiş, xiyar və bunun kimi şeylərin kollarında musaqat müamiləsi səhihdir.
Məsələ 2205: Yağış suyundan, ya yerin rütubətindən istifadə edən və suvarılmağa da ehtiyacı yoxdursa, 2203-cü məsələdə deyilən işlər kimi digər işlərə ehtiyacı olarsa, onun üzərində musaqat müamiləsi səhihdir.
Məsələ 2206: Musaqat edən iki nəfər bir-birinin razılığı ilə müamiləni poza bilərlər. Həmçinin musaqat qərarında şərt etsələr ki, əgər ikisinin, ya birinin müamiləni pozmaq haqqı olsun, qərar qoyduqlarına uyğun müamiləni pozmağın eybi yoxdur. Əgər musaqat müamiləsində bir şərt etsələr və o şərtə əməl olunmasa, onun xeyrinə şərt qoyulmuş şəxs müamiləni poza bilər.
Məsələ 2207: Əgər malik ölsə, musaqat müamiləsi pozulmaz və vərəsəsi onun yerində olacaq.
Məsələ 2208: Əgər ağaclara qulluq etməyi öhdəsinə alan kəs ölsə, belə ki, əqddə ancaq özü qulluq etməsini şərt etməsələr, vərəsəsi onun yerində olacaq, belə ki, vərəsə o əməli yerinə yetirməsə və əcir tutmasa, şəriət hakimi meyyitin malından əcir tutar və məhsulu meyyitin vərəsəsi ilə malik arasında bölər. Əgər müamilədə qərar qoysalar ki, ancaq o özü ağaclara qulluq etsin, o ölməklə müamilə pozulur.
Məsələ 2209: Əgər məhsulun hamısının malikin malı olacağı şərt qoyulmuşdursa, musaqat batildir. Bu halda meyvə malikin malı olar və işləyən kəs ücrət tələb edə bilməz. Amma əgər musaqat başqa cəhətə görə batil olsa, malik gərək suvarma və başqa işlərin muzdunu adi miqdarda ağaclara qulluq edənə versin, amma əgər adi miqdar qərar qoyduqlarından çox olsa və onun da bundan xəbəri olmuş olsa, artıq vermək lazım deyil.
Məsələ 2210: Məhsulunda şərik olmaq məqsədilə tarlanı, ağac əkməsi üçün bir başqasına həvalə etmək işinə muğarisə deyilir və bu müamilə səhihdir. Hərçənd ki, ehtiyata əsasən tərk edilməlidir. Amma onun nəticəsinə çatmaq üçün elə bir müamilə edilə bilər ki, heç bir işkal olmadan səhih olsun. Məsələn; iki tərəf bu üsul ilə bir-biriylə sülh və saziş etsələr və yaxud tinglərdə şərik olsalar, sonra bağban özünü mülk sahibinə, onun da payını əkmək, bəsləmək, suvarmaqla müəyyən zaman müddətində yerin mənfəətinin yarısının müqabilində icarəyə versin.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |