«Məni sürgün edəcəklər»
Məşrutiyyətlə müxalif olan alimlərdən "Höccətül-islam” ləqəbi ilə tanınmış arif Molla Qurbanəli Zəncaninin aşkar kəramətlərindən biri də, onun məşrutiyyətdən sonra baş verəcək hadisələr və faciələr barəsində qabaqgörənliyidir. Yadellilərin doğma vətənə təcavüzü, qadınların yaşmaq və örtüklərinin götürülməsi, ruhani geyimlərinin qadağan edilməsi, cəmiyyətdə fəsadın çoxalması və bütün digər faciələr Höccətül-islamın məşrutiyyətin ilk illərində qabaqcadan xəbər verdiyi hadisələr idi. Onlardan bir neçəsini burada qeyd edirik:
Bir neçə nəfər elm əhli axundun yanına gəlib ərz etdilər:
Ağa məşrutiyyətə başqa alimlər imza çəkib, təsdiq eləmişlər. Bəs siz niyə imzalamırsınız? Yaxşı olardı ki, siz də imzalayasınız. Axund üzünü onlara tutub dedi:
Əgər imzalasam, onda əmmamələrinizi başınızdan götürəcəklər, ha! (Bunu söyləməklə Rzaxan Pəhləvinin müasirlik adı altında əmmamələri yığışdıracağını xəbər verirdi. Halbuki, bu hadisə axundun ölümündən 20 il sonra baş verdi.
Yenə bir neçə nəfər bazar əhli axundun yanına gedib deyirlər:
Axı, niyə siz məşrutiyyəti təsdiqləmirsiniz? Axund onlara xəbərdarlıq edərək bildirir:
Bax, qadınlarınızın örtüklərini zorla açacaqlar, ha! (Elə, belə də oldu.)
Həmçinin şəhid şeyx Fəzlullah Nurinin − Bizim işimizin axırı nə olacaq? (Yəni başımıza nə gələcək?) − məktubunun cavabında axund belə yazmışdı: Əziz qardaşım, səni asacaq və məni də sürgün edəcəklər. (Müasir tariximizdə bu iki hadisə, xüsusilə şeyx Fəzlullah Nurinin edamı təfsilatı ilə nəql olunmuşdur.)
«Həddini aşmış şəxsin məsx olması»
Məşrutiyyət və istibdad tərəfdarlarının qalmaqallarının qızğın vaxtlarında Zəncanın bazar əhlindən olub məşrutiyyətin mühüm mübəlliğlərindən biri, axundun (Ayətullah Molla Qurbanəli) hüzuruna gəlib onu yolundan döndərmək fikri ilə söhbətə başlayır. Axund deyir:
Bizim fiqhimiz (sünnə və ya Əhli-beytin tapşırıqları) mənə məşrutiyyəti imzalamağa icazə vermir.
Bu sözlərdən sonra o şəxs fiqh və hədislər haqda təhqiramiz sözlər söyləməklə alimlərin ardınca ağzına gələni deyir. Bu zaman axund sadə ləhcəsi ilə üzünü həddini aşmış şəxsə tutub sərt şəkildə (onu heyvanlardan birinə bəndə edərək) deyir:
Qalx, itil burdan ay qanmaz...!
Həmin şəxs axundun evindən çölə çıxıb (axundun evi Zəncan bazarına yaxın idi) öz dükanına tərəf üz tutur. Amma yol boyu qəribə vəziyyətlə üzləşir, belə ki, hansı dükanın qarşısından keçirsə (istər dost, istər düşmən) hamı barmağı ilə onu bir-birinə göstərərək deyir: "Qanmaz eşşəyə baxın!” Bu təhqiramiz sözlər qısa bir vaxtda, özü də səbəbsiz, o qədər təkrar olur ki, həmin şəxs əmin olur ki, bu məsələ adi məsələyə oxşamır və bu işin axundun ona acıqlanması ilə əlaqəsi var. Yubanmadan birbaşa axundun yanına qayıdır və bundan bir az əvvəl dediyi sözlərə görə üzr istəyib istiğfar edir. Axund təbəssümlə buyurur:
Qayıt daha. Eybi yoxdur. Mən üzr istəyirəm, bir az əsəbləşdim. Daha keçdi. Sən eşşək deyilsən!
O, bu dəfə bazara qayıtdıqda artıq həmin təhqir və ələsalmalardan əsər-əlamət görmür.
«Xalis incilər silsiləsindən»
İslam peyğəmbəri (s) buyurmuşdur: "Elm sorağında olan, gündüzləri oruc tutub gecələri ibadətlə keçirən şəxs kimidir. Elm sahələrindən birini öyrənmək, bəndəyə Allah yolunda Əbu Qubeys dağı qədər qızıl xərcləməkdən daha üstündür.
Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı