Hədis və rəvayətlərə diqqətin lüzumu
Elmi hövzə ustadlarından biri Ayətullah Mömininin dilindən belə nəql edir:
Təhsil aldığım illərdə həmişə tələbə yoldaşlarımdan biri ilə dərslərimi oxuyardım. Bir gün həmin tələbə yoldaşım dərs oxumaq üçün mənim otağıma gələndə dedi: Doğrusunu bilmək istəsən, daha hövzədə qalmaq istəmirəm. Artıq bu mühitdən bezmişəm. Gedib başqa bir işlə məşğul olmaq istəyirəm. Burada qalmağın insana heç bir faydası yoxdur. Mən ona dedim: Axı hara getmək istəyirsən və nə iş görəcəksən? Dedi: Müəllimlik və ya başqa bir işlə məşğul olaram. Bu söz bizim öz aramızda qaldı. Üstündən bir-neçə gün keçəndən sonra həmin tələbə yoldaşımla birlikdə Behcətin mənzilinə getdik. Əyləşən kimi Behcət buyurdu: "Ay bala bu "Qalə Sadiq” və "Qalə Baqir”ləri yüngül (əhəmiyyətsiz) saymayın. Elə fikirləşməyin ki, müəllim olmaqla nə isə əldə edəcəksiniz. Heç də bu cür deyil, hər nə varsa buradadır.”
Behcətin bu sözləri mənim dostum üçün əməlli-başlı tənbeh oldu və səhvini başa düşüb öz yanlış fikirlərindən daşındı.
Qeyb aləminin şühudu
Böyük övliyalardan biri belə buyurur: Biz əvvəllər cümə günləri Ağa Behcətin mənzilinə gedərdik. Behcət həmişə bu cümləni təkrar edərdi: "Ey eyibləri örtən!” Onun təkrarladığı bu zikrin böyük mənası vardı. Yəni, Behcət başqalarının bəzi əməllərini gördüyü və bildiyi üçün Allah-təaladan bu eyibləri bir sirr olaraq saxlamağa kömək istəyir. Ona görə də bu zikri çox təkrarlayardı.
Bu barədə Misbah Yəzdi belə buyurur: "Mənim nəzərimcə Behcət irfan və mənəvi kamal məqamının elə yüksək bir həddinə çatmışdır ki, qeyb aləmindən bəzi şeyləri müşahidə edirdi. O çox vaxt bəzi şəxslərin batinini görür, amma bunları bilmək istəmədiyi üçün bu zikr onun dilinin əzbərinə çevrilmişdir.”
Əlbəttə elə şəxslərin camaatın sirlərindən xəbərdar olmasının Allah-təalanın "səttar” sifətilə heç bir ziddiyyəti yoxdur. İnsan fəna məqamına çatmayınca bu xüsusiyyət hasil olmaz. Həmin məqamda Allahın zatından başqa kimsə olmur. Allah-təala buyurur: "Bəndəmin görən gözü və eşidən qulağı Mən özüm olaram.” Digər tərəfdən bə’zi ilahi şəxsiyyətlər elə bir məqama çatırlar ki, başqalarının sirlərini faş etmək onların şəninə yaraşmayan bir əməldir. Onlar əgər kiminsə sirini bilsələr belə, Allah dərgahının əmanətdarı olduqları üçün heç vaxt bunu faş etməzlər.
Mənbə: "Ayətullah-üzma Behcətin həyatı" kitabı